Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Azərbaycanın ən fürsətcil icra başçısı...

Azərbaycanın ən fürsətcil icra başçısı...


24-06-2015, 14:20
Azərbaycanın ən fürsətcil icra başçısı...
Cəbrayıl Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mahmud Quliyevin adı dəfələrlə qalmaqallı məsələlərlə bağlı medianın gündəminə gəlib. 2000-ci ildən bu postda çalışan məmur əsasən cəbrayıllı köçkünləri narahat edən problemlərin həllinə maraq göstərməməkdə və şəxsi işlərinə daha çox vaxt ayırmaqda ittiham edilir. Bu günlərdə icra başçısının qohumlarının Saatlıda əhalinin istifadəsində olan otlaq sahələrini zəbt etmələri barədə məlumat yayılıb.
Yerli sakinlərin sözlərinə görə, uzun illərdir ki, həmin otlaq sahələrində mal-qaralarını otarıblar: "Amma indi bu mümkün deyil. Çünki Mahmud Quliyevin qardaşı uşaqları həmin əraziləri zəbt edib. Təkcə Dövlət Torpaq Fondunun 1000 hektar ərazisini ələ keçiriblər. Bundan başqa Azadkənd kəndində əraziləri zəbt ediblər. Heç kim onlara bir söz deyə bilmir. Çünki arxalarında icra başçısı dayanır. Sakinlərə hədə-qorxu gəlirlər.
Ölkə başçısı Bakıda yanan bina ilə bağlı keçirilən iclasda məmurların özbaşınalığına toxundu. Bizim diqqətə çatdırdığımız fakt da məmur özbaşınalığıdır. Ölkə başçısından xahiş edirik ki, bu məsələyə diqqət ayırsın. Təsəvvür edin, biz mal-qaramızı otarmağa yer tapa bilmirik. Bu otlaqlar uzun illərdir ki, bizim mal-qaranın örüş yeri olub. İndi hansısa məmurun qohumu gəlib torpaqları camaatın əlindən alır. Özü də heç bir qanun tanımadan". Qarşı tərəf vətəndaşların bu etirazına heç bir cavab verməyib. Xatırladaq ki, 2010-cu ildə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa müstəqil namizəd olmuş və Biləsuvarda məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə yaşayan Sərvər Mehdiyev bir neçə il əvvəl icra başçısının ünvanına kəskin ittihamlar səsləndirib: "Biləsuvarda məcburi köçkünlər üçün fərdi yaşayış evlərindən ibarət 11 qəsəbə inşa edilib. Bu qəsəbələrdə 10 min ailə yerləşdirilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hər ay üçün hər ailəyə 40 litr pulsuz yanacaq ayırsa da, Cəbrayıl Rayon İcra Hakimiyyəti həmin yanacağın 10 litrini kəsərək hər ailəyə 30 litrini verir. Başçının tapşırığı ilə həyata keçirilən bu özbaşınalıq nəticəsində həm ailələr dövlətin ayırdığı yanacağı tam şəkildə almaqdan məhrum olurlar, həm də hər ay dövlətin 100 ton yanacağı silinmiş olur. Faktiki olaraq icra başçısı hər ay dövlətin Biləsuvardakı qaçqınlara ayırdığı yanacağın 100 tonunu yoxa çıxarır. Bu barədə qəsəbə sakinləri "Qaçqınkom"a, Respublika Prokurorluğuna, 120 saylı dairənin deputatı Astan Şahverdiyevə şikayət edib. İcra hakiminin özünə müraciət edilib, lakin heç bir nəticəsi olmayıb. Başçı şikayət edən sakinlərə deyib ki, o, heç kimdən qorxmur. Deyir arxamda elə bir qüvvə dayanır ki, mənə heç kim bata bilməz". Mətbuatda dərc olunan digər materiallarda Cəbrayıl Rayon İcra Hakimiyyətinə ayrılan büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi məsələsinə toxunulub. Bildirilib ki, Biləsuvardakı şəhərcikdə yay aylarında cəmi bir uşaq bağçasının fəaliyyət göstərməsinə baxmayaraq, sənədlərdə ondan artıq uşaq bağçası göstərilir: "Ötən il dövlət tərəfindən Cəbrayıl İcra Hakimiyyətinin balansındakı uşaq bağçalarının təminatı üçün 120 min manat vəsait ayrılıb. Bu vəsaitin böyük hissəsi icra hakimiyyəti tərəfindən yoxa çıxarılıb. Lakin fakt təkcə bağçaların təminatı ilə yekunlaşmayıb. Belə ki, rayon rəhbərliyi uşaq bağçalarındakı "ölü can"ların maaşlarını da özünə götürür və yüzdən artıq plastik kart icra hakimiyyətinin işçilərindən birində saxlanılır. Digər tərəfdən, rayonun büdcədən maliyyələşən idarə və müəssisələrinə ayrılan vəsaitlərin də müəyyən hissəsi icra hakimiyyətinin rəhbərliyinə çatdırılır". Dəqiq mənbələrdən əldə etdiyimiz məlumatlara görə, 15 ildir icra başçısı işləyən M.Quliyev bu müddət ərzində çoxsaylı qanunsuzluqlar törədərək özünə geniş biznes şəbəkəsi qurmağı bacarıb. Adıçəkilən məmurun Biləsuvar rayonu ilə yanaşı, paytaxtın Binəqədi rayonunun ərazisində ticarət obyektlərinin, şadlıq evlərinin və bahalı mülklərinin olduğu yayılan məlumatlar arasındadır. İcra başçısının ən məşhur biznes obyekti isə sözsüz ki, Binəqədi rayonunda yerləşən "Elmed" tibb mərkəzidir. Burda cərəyan edən xoşagəlməz hadisələr, vergidən yayınma halları və vətəndaşlara ödədikləri pulun müqabilində keyfiyyətli tibbi xidmət göstərilməməsi haqda çox danışılıb. Lakin hansısa səbəblərə görə aidiyyəti dövlət qurumları, ələlxüsus da Səhiyyə Nazirliyinin nümayəndələri tibb mərkəzinin fəaliyyətini yoxlamırlar. Bundan istifadə edən mərkəzin direktoru, Mahmud Quliyevin qardaşı oğlu Ramil Quliyev isə qanunvericiliyin tələbini pozmaqla özbaşınalıq edir: "Tibb mərkəzinin 4-cü mərtəbəsində hansı işlərin cərəyan etdiyini bilsəniz, dəhşətə gələrsiniz. Həmin mərtəbəyə Ramil Quliyevlə Mahmud və Vəlidən başqa heç kim qalxa bilmir. Mərkəz direktoru qapının qarşısında nəzarətçi qoyub, həmin şəxs heç kimin 4-cü mərtəbəyə qalxmasına imkan vermir. "Elmed" tibb mərkəzinin direktoru vaxtının çoxunu başqa işlərə ayırır. Buna görə də səhiyyə müəssisəsindəki vəziyyətə istənilən səviyyədə nəzarət edə bilmir". Sonda vurğulamaq istəyirik ki, nazirlərin, icra başçılarının, millət vəkillərinin, bir sözlə dövlət məmurlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları qanunla qadağandır. Ay Mahmud müəllim, məgər sizin bundan xəbəriniz yoxdur? Cəbrayıllı köçkünlər müxtəlif problemlərin əlində əsir-yesir qalıblar, amma siz varidatınızı artırmaq barədə düşünürsünüz. Nə deyirik, düşünün, lakin baxaq görək axırı yaxşı olacaq ya yox. \\ gundelik-baku.com \\

Qarşı tərəfi də dinləyə bilərik.

P.S. Maraqlıdır, görəsən Mahmud Quliyev niyə 2000-ci ilin yanvar ayına, yəni vəzifəyə qoyulana qədər YAP-a üzv olmamışdı?

Geri qayıt