Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Astarada məmur özbaşınalığı pik həddinə çatıb

Astarada məmur özbaşınalığı pik həddinə çatıb


24-06-2015, 14:36
Astarada məmur özbaşınalığı pik həddinə çatıb
Bir neçə gün bundan əvvəl Astara rayon Polis Şöbəsinin əməkdaşları Qarabağ qazisi Loğman Bağırovu həbs ediblər. JAM.AZ-a verilən məlumata görə, ona qarşı xuliqanlıq maddəsi üzrə ittiham irəli sürülüb.

Məlumatda deyilir ki, Qarabağ qazisinin həbsinin əsl səbəbi isə onu hövsələdən çıxaran Astara Məşğulluq İdarəsinin müdiri Zeydulla Şükürovu iş otağında vurması olub. Belə ki, Loğman Bağırov uzunmüddət işsiz qalıb və hər dəfə Məşğulluq İdarəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, habelə Astara İcra Hakimiyyətinə müraciət edib. Hətta bir dəfə nazir Səlim Müslümovun qəbulunda olub və dövlət rəsmisi onu işlə təmin edəcəyinə söz verib. Müslümov sözünün üzərində duraraq, Astaranın icra başçısı Qəzənfər Ağayevə telefon açaraq, qazinin işlə təmin olunmasını istəyib. İcra başçısı da öz növbəsində Məşğulluq İdarəsinin müdirinə tapşırıb ki, Loğman Bağırovu işlə təmin etsin.

JAM.AZ-a verilən məlumata görə, Qarabağ döyüşlərində ağır yaralanan, kontuziya almış Bağırovu ilk olaraq Astara Mərkəzi Xəstəxanasında bağban kimi işə götürüblər. Lakin iki ay işlədikdən sonra dekretdə olan adamın (?!) yerinə işə götürüldüyü üçün çıxarıblar. Bundan sonra yerli qurumlar onu işlə təmin etmək üçün vədlər versələr də, əməl etməyiblər. Hətta Bağırovu dəfələrlə Məşğulluq İdarəsinə dəvət edərək, onu işlə təmin edəcəklərini deyiblər. Və bildiriblər ki, bununla bağlı kimsəyə müraciət etməsin.

Sonuncu dəfə isə Qarabağ qazisini hövsələdən çıxaran Məşğulluq İdarəsinin müdiri Zeydulla Şükürov otağında Loğman Bağırovun əsəblərinə sahib dura bilməyəcək həddə sözlər işlədib. JAM.AZ-a verilən məlumatda deyilir ki, otağda söhbət əsnasında idarə müdiri Qarabağ qazisinə deyib ki, «Səlim Müslümovun atası da gəlsə, sənə iş verməyəcəm». Bu sözdən sonra döyüşlərdə ağır kontuziya almış qazi əsəblərinə hakim ola bilməyərək, müdiri vurub.

Müdir də öz növbəsində birbaşa Astara İcra Hakimiyyətinə gedərək, icra başçısı Qəzənfər Ağayevə şikayət edib. O da polis rəisinə göstəriş verib ki, baş verən olayla bağlı cinayət işi qaldırsın.

JAM.AZ xəbər verir ki, Məşğulluq İdarəsi işini «ehtiyatlı» tutmaq üçün saxtakarlığa da imza atıb. Belə ki, Zeydulla Şükürov Loğman Bağırovun həbsindən dərhal sonra Astara Meşə İdarəsində keçmiş tarixə yarımştat (aylıq 70 manat maaşla) işə götürüldyünə dair sənəd hazırlayaraq, polisə təhvil verib. Bununla da, guya, rəhbəri olduğu idarənin Qarabağ qazisini işlə təmin etdiyi görüntüsü yaratmağa çalışıb. Üstəlik, günahı da qazinin üzərinə qoymaq fikrindədir.

Xatırladaq ki, Loğman Bağırov məşhur komandir Şikar Şikarovun rabitə üzrə müavini olub. Tərtərdəki sonuncu döyüşdə də mərmi onların yanına düşəndə Şikar Şikarov şəhid olub, Loğman Bağırov ağır yaralanaraq, qospitala düşüb.

P.S. Loğman Bağırov və qardaşının döyüş həyatı ilə bağlı olduqca ilginc yazımız yaxın günlərdə oxuculara təqdim ediləcək.

Geri qayıt