Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Gədəbəydə nurçulara qarşı şok əməliyyat

Gədəbəydə nurçulara qarşı şok əməliyyat


29-06-2015, 13:03
Gədəbəydə nurçulara qarşı şok əməliyyat
Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsinin Söyüdlü kənd diyarşünaslıq evinin direktoru Məmmədov Səbuhi Səbahəddin oğlu hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə redaksiyamıza rayondakı mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Söyüdlü kənd diyarşünaslıq evinin direktoru "nurçu"lara qarşı həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilib: "Aparılan araşdırmalarla diyarşünaslıq evinin direktorunun Fətullah Gülənin "Hizmət" hərəkatına xidmət etdiyi üzə çıxıb.
Məlum olub ki, diyarşünaslıq evinin rəhbəri neçə illərdir Gülən tərəfdarıdır və "nurçu"ların ideyalarını dəstəkləyir. Həmçinin Gülən tərəfdarlarının rayonda möhkəmlənməsini təşkil edib. Gədəbəydə son illər gülənçilərin sayının artması məhz diyarşünaslıq evinin müdiri ilə əlaqələndirilib. Hələlik, onun harada və hansı şəraitdə saxlanması barədə heç bir məlumat yoxdur. Yəqin ki, yaxın günlərdə həbslə bağlı bütün detallar açıqlanacaq. Deyilənə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxladıqları şəxsin yaşadığı evə baxış keçiriblər. Diyarşünaslıq evinin rəhbərinin yaşadığı mənzildən "Hizmət" hərəkatının təbliğinə yönəlmiş bəzi kitablar aşkarlanaraq götürülüb". Redaksiyamıza daxil olan məlumatlarda həmçinin Gədəbəy rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ramiz Məmmədovun işçisinin həbsindən təşvişə düşdüyü vurğulanır: "Şöbə müdiri ilə həbs olunan diyarşünaslıq evinin rəhbəri yaxın qohum olublar. Deyilənə görə, mədəniyyət və turizm şöbəsinin müdiri həbs olunan qohumunun hansı işlərlə məşğul olmasından əvvəlcədən xəbərdar olub. Lakin ağlına gətirməyib ki, nə vaxtsa Söyüdlü diyarşünaslıq evinin direktoruna qarşı antinurçu əməliyyatı təşkil edilə bilər. Ən maraqlısı odur ki, Ramiz Məmmədov həbs olunan işçisi ilə bağlı qanunsuz sənəd hazırlayıb. Səbuhi Məmmədovun həbs olunduğu gündən bir gün əvvəlki tarixə guya onun işdən könüllü şəkildə çıxması barədə ərizə hazırlanıb. Yəni bu o deməkdir ki, diyarşünaslıq evinin direktoru həbs olunan vaxt mədəniyyət və turizm şöbəsinin işçisi olmayıb. Amma aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları həmin ərizəni araşdırsalar görərlər ki, ora çəkilən imza Səbuhi Məmmədovun deyil. Xətt ekspertizası təyin edib bunu aydınlaşdırmaq olar. Bu həbs rayonun mədəniyyət və turizm şöbəsində çalışan şəxsləri əməlli-başlı şoka salıb. Gədəbəydə "nurçu"larla əlaqəsi olan digər şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Söyüdlü diyarşünaslıq evinin direktorunun həbsi ilə bağlı şöbə müdiri Ramiz Məmmədovun da istintaqa cəlb olunması gözlənilir. Bunu hiss edən şöbə müdiri artıq bəzi şəxslərə minnətçi düşüb". Məlumatı dəqiqləşdirmək üçün şöbə müdiri ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. Yaxın günlərdə bu məsələ ətrafında araşdırma aparıb təfərrüatları açıqlayacağıq. Bizi izləməyi unutmayın.
\\ gundelik-baku.com \\
Geri qayıt