Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Maliyyə nazirliyindən Gədəbəyə uzanan əllər...

Maliyyə nazirliyindən Gədəbəyə uzanan əllər...


30-06-2015, 12:14
Maliyyə nazirliyindən Gədəbəyə uzanan əllər...
Son zamanlar Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında, eləcə də rayonun maliyyə, mədəniyyət və turizm, təhsil şöbələrində mövcud olan problemlər daha kəskin xarakter alıb. Nə qədər qəribə də olsa, hələ də adıçəkilən rayonda Səhiyyə Nazirliyinin pulsuz tibbi xidmət haqqındakı müvafiq sərəncamını saya salan yoxdur. Bu hal əsasən doğum evində və mərkəzi rayon xəstəxanasında, eləcə də tibbi arayışların alınması zamanı özünü daha qabarıq şəkildə göstərməkdədir.

Mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, Gədəbəydə çox nadir hallarda həkim xəstəni təmənnasız müalicə və ya müayinə edir. Bununla bağlı məlumat verən rayon sakinlərinin sözlərinə görə, tibbi xidmətə görə pulun istənilməsi bir yana qalsın, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında çalışan tibb işçilərinin bir qisminin peşəkarlıq səviyyəsi ciddi şübhə doğurur. Sözsüz, bu tendensiyanın kökündə daha çox gəlir əldə etmək amili dayanır. Bu və digər bir sıra önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev elə bir sistem qurub ki, hazırda rayonda fəaliyyət göstərən heç bir dövlət tibbi müəssisəsində pulsuz tibbi xidmət almaq mümkün deyil: O, rayonun səhiyyə sisteminin inkişafını təmin etmək əvəzinə vaxtının əksər hissəsini tamam başqa işlərə sərf edir. Onu da bildirim ki, döyüş bölgəsində yerləşən Gədəbəy rayonunda vərəm və digər idarə olunmayan xəstəliklərə qarşı profilaktik tədbirlər aparılsa da, sözügedən mərəzlərə yoluxanlar heç də az deyil. Ümumiyyətlə, bu gün rayon səhiyyəsinin durumu arzuolunan səviyyədə deyil. Belə ki, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla birgə bir sıra əməllərə imza atan baş həkim Ramiz Pirverdiyevin düzgün qurulmayan idarəçiliyi, xoşagəlməz fəaliyyəti nəticəsində rayonda vərəm xəstəliyi geniş şəkildə yayılıb. Gədəbəylilər də təsdiqləyə bilərlər ki, Ramiz Pirverdiyev məhz Namiq Məmmədovun himayəsinə arxalandığı üçün Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında bəzi neqativ halların mövcudluğundan narahatlıq keçirmir. Çünki o, əmindir ki, dara düşən kimi rayon maliyyə idarəsinin rəisi onun mümkün təhlükədən sığortalanması üçün əlindən gələni edəcək".

Hazırda Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının təcili yardım avtomaşınlarının bərbad vəziyyətdə olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Ramiz Pirverdiyevin rəhbərlik etdiyi tibb müəssisəsində hamilə qadınlar üzərində cərrahi əmaliyyatlar qeyri-peşəkar ginekoloq-həkimlər tərəfindən aparılır: "Mərkəzi rayon xəstəxanasının stasionar şöbələrində də vəziyyət acınacaqlıdır. Belə ki, profilaktik-müalicə sisteminin keyfiyyəti olduqca zəifdir. Bir sözlə, el məsəlində deyildiyi kimi, Allah düşmənimin də işini Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına salmasın. Çünki Səhiyyə Nazirliyi tərəfindən Ramiz Pirverdiyevin rəhbərlik etdiyi tibb müəssisəsinə ayrılan dərman peraparatları və tibbi ləvazimatlar rəhbərliyin göstərişi ilə xüsusi apteklərə verilir. Buna görə də hazırda Gədəbəydə xəstələnməyin özü elə ən böyük problemlərdəndir. Səbəb xəstəxanalardakı dəhşətli vəziyyət və tibb personalının yalnız xəstələrin cibini güdməsidir. Rayon sakinləri də dəfələrlə bəyan ediblər ki, Gədəbəy Mərkəzi Xəstəxanasında qeydiyyyat otağından başlayaraq əməliyyat masasına kimi hər bir prosesin öz qiyməti var. Odur ki, burda pulsuz tibbi xidmət axtarmağa dəyməz…"

Gədəbəy rayonunda 1 peşə təhsili, 55 tam orta, 18 ümumi orta və 10 ibtidai, 3 məktəbdənkənar tədris və 8 məktəbəqədər tədris müəssisəsinin fəaliyyət göstərdiyini deyən mənbə iddia edir ki, bu gün Baxış Nağıyevin rəhbərlik etdiyi Gədəbəy Rayon Təhsil Şöbəsində bir sıra ciddi əyintilərə yol verilir: "Şöbə müdiri isə bu kimi halların daha geniş vüsət almasına şərait yaradır. Belə ki, Baxış Nağıyev Gədəbəy rayonunda fəaliyyət göstərən əksər təhsil müəssisələrinin rəhbərlərinə öz "qayda"larını diqtə edir. Maraqlı məqam ondadır ki, rayon təhsil şöbəsinin müdiri də Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun nəzarətindədir. Yəni Baxış Nağıyev də bir sıra məsələlərlə bağlı qərarı məhz maliyyə idarəsinin rəisi ilə məsləhətləşdikdən sonra qəbul edir. Bu səbəbdən də o, rayon təhsilini ürəyi istədiyi kimi idarə edir. Hazırda Gədəbəy rayonunun kənd orta məktəblərində dərs davamiyyəti həddindən artıq aşağı səviyyədədir. İş o həddə çatıb ki, yuxarı siniflərin şagirdlərindən bəziləri illərlə məktəb üzü görmədikləri halda, adları sinif jurnallarında əksini tapır. Yekunda isə valideynlər bəzi yollarla övladlarına attestat almağa nail olurlar. Yəni, dərsə getməsə də, uşaqların məktəbi bitirmələri haqqında sənəd almaq elə də çətin məsələ deyil". Məlumatlı şəxsin bildirdiyinə görə, artıq Təhsil Nazirliyi Gədəbəy Rayon Təhsil Şöbəsinin, eləcə də şöbə müdiri Baxış Nağıyevin fəaliyyətinə ciddi nəzər yetirmək qərarına gəlib: "Deyilənlərə görə, Gədəbəy sakinlərinin rayon təhsilinin bərbad vəziyyətdə olmasına dair aidiyyəti qurumlara ünvanladıqları müraciətlərdən sonra Təhsil Nazirliyi bu məsələni ciddi nəzarətə götürüb. Artıq Gədəbəy Rayon Təhsil Şöbəsində ciddi araşdırmaların aparılması, eləcə də Baxış Nağıyevin fəaliyyətinin yoxlanılması istiqamətində bir sıra tədbirlərə başlanılıb. Bunun nə ilə nəticələnəcəyi dəqiq bəlli olmasa da, bu, bir faktdır ki, Gədəbəy Rayon Təhsil Şöbəsinin müdiri nöqsanlı fəaliyyəti ilə yetişməkdə olan gənc nəslin elmə, biliyə olan marağının hər ötən gün bir qədər də azalmasına səbəb olur. Əgər müvafiq qurumlar geniş miqyaslı və obyektiv araşdırma aparsalar, o zaman Gədəbəy rayonundakı bir sıra təhsil müəssisələrində saxta diplomlu müəllimlərin olduğunu müəyyənləşdirə bilərlər. Qeyd edim ki, indiyədək bu və digər məsələlərlə əlaqədar mətbuat vasitəsilə Gədəbəy Rayon İcra Hakimiyyətinə, Təhsil Nazirliyinə və digər müvafiq strukturlara lazımi məlumatlar verilsə də, hələ ki, heç kim Baxış Nağıyevin barəsində lazımi tədbir görməyə cürət etmir. Görünür, bu, rayon təhsil şöbəsinin müdirinin arxalandığı şəxsin - Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun nüfuzlu şəxslərdən biri tərəfindən himayə olunması ilə bağlıdır…"

Bu gün Gədəbəy rayonunda 28 mədəniyyət evi, 21 klub, 75 kitabxana,1 muzey və 4 uşaq musiqi məktəbinin fəaliyyət göstərdiyini vurğulayan mənbənin sözlərinə görə, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədovun tabeliyində çalışan bəzi şəxslər adıçəkilən qurumun nəzarətində olan müəssisələrdə bir sıra xoşagəlməz halların yaşanmasına şərait yaradırlar: "Deyilənlərə görə, hazırda Gədəbəy Rayon Mədəniyyət və Turizm Şöbəsində çox ciddi neqativ hallar yaşanır. Ramiz Məmmədov əmisi oğlu, rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla əməlli-başlı iş birliyi qurub. Belə ki, mədəniyyət şöbəsinin müdiri rəhbərlik etdiyi qurumun nəzdində fəaliyyət göstərən obyektlərdən əldə olunanların bir hissəsinin maliyyə idarəsinin rəisinə çatdığını bildirməklə "şərt"lərinə əməl olunmasını tələb edir. Ramiz Məmmədov onun "tələb"lərini yerinə yetirməyən şəxsləri isə vəzifələrindən qovulacaqları ilə hədələyir. Bu səbəbdən də qarşı tərəf mədəniyyət və turizm şöbəsinin müdirinin "istək"lərinə boyun əymək məcburiyyətində qalır. Rayon sakinlərinə bəllidir ki, Gədəbəy Mədəniyyət və Turizm Şöbəsinin tabe müəssisələrində işə qəbul maraqların təmin olunması prinsipi ilə həyata keçirilir. Odur ki, əmisi oğlu Namiq Məmmədovun himayəsinə arxalanan Ramiz Məmmədovun müəyyənləşdirdiyi "şərt"lərə əməl etmədən heç kim onun rəhbərlik etdiyi sahədə işlə təmin oluna bilməz".

Bu arada, nəzərinizə çatdıraq ki, Gədəbəy rayon sakini Ramazan Muradovun bir müddət öncə mövzu ilə bağlı səsləndirdiyi fikirlər də sözügedən rayonun bəzi rəhbər şəxsləri ilə əlaqədar deyilənlərin həqiqətə uyğunluğunu təsdiqləyir. Belə ki, "Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin olunana qədər məndən bir şikayət ərizəsi də yazılmamışdı. Amma Ramiz Yediyarov Gədəbəyin icra başçısı vəzifəsinə təyin edildikdən sonra məndən Cahangir Qasımov, Hüseyn Əliyev, Namiq Rüstəmov şikayət ərizəsi yazdılar" deyən Ramazan Muradov iddia edir ki, bütün bunlar Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun diqtəsi altında yazılan ərizələrdir: "Onların hamısını buna görə "mükafatlandırdılar". Bütün bunların müəllifi Namiq Məmmədovdur. O, Gədəbəydə az qala icra başçısı statusunda tanınan şəxsdir. Mənim başıma gətirilənləri elə Namiq Məmmədov etdi. Nəzərinizə çatdırım ki, qanunvericiliyə görə qohum şəxslər bir-birinin tabeliyində işləyə bilməzlər. Amma Namiq Məmmədov hazırda Gədəbəy Rayon Maliyyə İdarəsinin rəhbəri vəzifəsində çalışır. O, pul ayırır, yaxın qohumu - Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri Ramiz Məmmədov isə həmin vəsaiti xərcləyir. Rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılan Ramiz Məmmədov sonradan Gədəbəy Rayon Mədəniyyət Şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib. Əgər çağırıb ərizə yazdırsanız, onun ali savadının hansı səviyyədə olduğunu görərsiniz. Başqa qohumlar da ayrı-ayrı vəzifələrdə çalışırlar. Məsələn, öz kəndlərində bir mədəniyyət evi və feldşer məntəqəsi fəaliyyət göstərir. Orada çalışanların hamısı öz adamlarıdır. Adları orda qeyd edilib, özləri isə başqa yerlərdə yaşayırlar, işləmirlər". Ramazan Muradovun sözlərinə görə, hələ bir müddət əvvəl - Yeni Azərbaycan Partiyasının Gədəbəy Rayon Təşkilatının sədri vəzifəsində çalışarkən kitabxanalarda, məktəblərdə texniki işlərdə çalışmaq istəyənlər Namiq Məmmədova üz tuturdular: "Namiq Məmmədov nə edirdi, kimi vəzifəyə necə təyin edirdi - bunu deyə bilmərəm. Amma ortada müəyyən şərtlər vardı. Pensiya üçün arayış alırsansa, işə gəlmirsənsə, adın orda yazılır, amma pulu başqası alır. Əgər işləmək istəyirsənsə, bunun da digər formada qəbulu vardı. Mən bunları o vaxt eşitmişdim, indi də belə məlumatlar eşidirəm".

Məsələ ilə bağlı əldə etdiyimiz digər məlumatda isə qeyd olunur ki, Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov maliyyə nazirinin müavini Azər Bayramov tərəfindən ciddi şəkildə himayə olunur. Nazir müavininin 1970-ci ildə Bakı şəhərində anadan olduğunu deyən məlumatlı şəxs Azər Bayramovun əslən Gədəbəy rayonundan olduğunu bildirir: "O, 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını, 2000-ci ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əmək fəaliyyətinə 1990-cu ildə Maliyyə Nazirliyinin Baş Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi kimi başlayıb. 1992-1996-cı illərdə Baş Dövlət Vergi Müfəttişliyinin beynəlxalq vergiqoyma, 1997-1999-cu illərdə isə iri vergi ödəyiciləri ilə iş üzrə idarələrinin rəisi olub. 2000-2004-ci illərdə Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2004-cü ilin fevral ayında isə maliyyə nazirinin müavini vəzifəsinə təyin olunub. Azər Bayramov demək olar ki, elə həmin vaxtdan Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovun himayədarı qismində çıxış edir. Qeyd edim ki, Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Ramiz Pirverdiyev, rayon təhsil şöbəsinin müdiri Baxış Nağıyev, mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Məmmədov və Gədəbəy Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədov bir-birinin köməkliyi ilə indiyədək vəzifədə qalmağı bacarıblar. Paytaxt Bakıda isə bu dördlüyü maliyyə nazirinin müavini Azər Bayramov müdafiə edir. Maraqlıdır, görəsən maliyyə naziri Samir Şərifovun müavininin kimləri və nə üçün himayə etməsindən xəbəri var?.." \\ gundelik-baku.com \\

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt