Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Dövlət sirkindəki canavarlar "Görüş" restoranına hücum edərsə...
Dövlət sirkindəki canavarlar "Görüş" restoranına hücum edərsə...30-06-2015, 14:33 |
“Görüş” restoranı Bakı Dövlət Sirkinin ərazisini necə zəbt edib? ...Belə bir iddia ilə çıxış edən, Bakı Dövlət Sirkində çalışan və hələki adının çəkilməsini istəməyən işçilərdən biri “Təzadlar”a göndərdiyi məktubunda maraqlı hadisələrdən bəhs edib... Şikayətçinin yazdığına görə, Bakı Dövlət Sirkinin fəaliyyəti neçə illərdir ki, məhdudlaşdırılıb, ərazisi zəbt olunub, sirkin havalandırma sistemi buradakı “Görüş” adlı restoranın kabab tüstüsündən iflic vəziyyətdədir: “...Biz neçə gün əvvəl xəbər tutduq ki, qəzetinizdə bu barədə bizim üçün olduqca vacib olan ciddi bir məsələyə toxunmusunuz. Bəli, dəfələrlə bu restoranın sahibinə deyilib ki, Sirkin ərazisi texniki sənədlərə görə zəbt olunub, biz təcrid vəziyyətdəyik... Hətta mən şəxsən xatırlayıram ki, əvvəlki direktorumuz Maqbet Bünyatov bu məsələnin üstünə ciddi şəkildə getdi, “Görüş” restoranının, səhv etmirəmsə, Vaqif adlı sahibi ilə bağlanmış müqaviləni pozmaq istədi, Vaqif adlı həmin şəxs direktoru az qala hədələtdi, üstünə “Səlib yürüşü” etdi, sonda direktorumuzu işdən şıxardılar... “Sirkə körpə balalarımız gəlir, burada restorandan qalxan kabab tüstüsü ətrafa yayılır, uşaqlar isə qışqırıb valideynlərindən kabab tələb edirlər” Axı belə də haqsızlıq olar? Sirkə körpə balalarımız gəlir, burada restorandan qalxan kabab tüstüsü ətrafa yayılır, uşaqlar isə qışqırıb valideynlərindən kabab tələb edirlər. Bu səbəbdən də son illər sirkə gələn uşaqların sayı azalıb, çünki valideynlər kabab istəyən uşaqlarının öhdəsindən gələ bilmirlər. Ən dəhşətlisi, biz iki il əvvəl buraya canavarlar gətirmişdik... Bir aydan çox müddətə bu heyvanlar ipə-sapa yatmadılar. Butün günü ulayır, əti yemirdilər. Onlara qulluq edən zootexnik bizə dedi ki, heyvanlar dəli olub, təcili başı çıxan həkim çağırmalıyıq. Sonra birdən bir nəfər təsadüfən, yazığı gəlib əlindəki buterboradın arasındakı lüləkababı boz canavarlara atdı, onlar tələskən halda yedilər və səslərini kəsdilər. “Yazıq canavarlar burnunu havaya tutub ulayır, dişlərini qıcayırdılar, burunlarını kabab tüstüsü gələn tərəfə tutub zingildəyir, qəribə səs çıxarırdılar...” Məlum oldu ki, “Görüş” restoranından gələn kabab iyi canavarların qəfəsinin istiqamətindədir. Yazıq canavarlar burnunu havaya tutub ulayır, dişlərini qıcayırdılar, burunlarını kabab tüstüsü gələn tərəfə tutub zingildəyir, qəribə səs çıxarırdılar. Biz qəfəsin yerini dəyişdik, bəla sovuşdu... Amma mənbə hələ də buradadır, “Görüş” restoranı ərazimizi zəbt edib. Sizdən xahiş edirik, Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Əmlak Komitəsinə rəsmi sorğu göndərin, görəcəksiniz ki, bu restoran icarə müqaviləsi əsasında fəaliyyət göstərir, ərazini isə müqavilədən xeyli çox sahədə zəbt edib... Vaqif adlı şəxs (sonradan öyrəndik ki, Mərhum Prezident, görkəmli dövlət xadimi Heydər Əliyevin 20 avqust 1993-cü il tarixli fərmanı ilə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilmiş, lakin Prezidentin 14 avqust 1995-ci il tarixli digər bir fərmanı ilə işdə ciddi nöqsanlara yol verdiyinə görə Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş Vaqif Şıxəliyevdən söhbət gedir) buranı özəlləşdirmək istəyib, amma imkan verməyiblər... Hörmətli “Təzadlar”, sizə inanırıq, Bakı Dövlət Sirkinin rəhbərliyinə də rəsmi sorğu göndərin, müqaviləni tələb edin. Onda hər şey üzə çıxacaq”. Şikayət ərizəsi ilə bağlı adı çəkilən ünvanlara- Mədəniyyət və Turizm Nazirliyinə, Dövlət Əmlak Komitəsinə və Bakı Dövlət Sirkinin direktoru Vaqif Bağırzadəyə rəsmi sorğu göndərildi... Qanunvericiliyin tələblərinə görə, qısa vaxtda alacağımız rəsmi cavablarla bağlı oxucuları məlumatlandıracağıq. Həmçinin şikayətdə adı çəkilən Vaqif Şıxəliyevlə də telefon əlaqəsi yaratmağa çalışdıq. Lakin V.Şıxəliyevə çox yaxın olan şəxslərdən biri onun mobil telefonunu bizə verməkdən imtina etdi... Bu isə o demək idi ki, üzdə V.Şıxəliyevi canı-dildən dəstəkləyən adını çəkmək istəmədiyimiz həmin şəxs, əslində, hansısa səbəb və ya maraqlarına görəsə onun ziyanına işləyir, mövqeyini öyrənməyimizə mane olur, bununla da daha bir qalmaqala son verilməsini istəmir... Deməli, kimlərəsə, belə bir qalmaqal lazımdır... Mövzuya mütləq qayıdacağıq. Geri qayıt |