Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Əbülfəs Qarayevin də mövqeləri oynaqdır...
Əbülfəs Qarayevin də mövqeləri oynaqdır...15-07-2015, 14:42 |
Bu gün ölkəmizdəki qiymətlər nəinki xarici turistləri, eləcə də ölkə vətəndaşlarını belə özünə cəlb edə bilmir. Hətta ölkəyə gələn turistlər kirayə evdə qalmağı otellərdə qalmaqdan üstün tuturlar. Çünki otellərin qiyməti o qədər yüksəkdir ki, turistləri belə təəccübləndirir. Ona görə də vətəndaşların çoxu xarici ölkədə dincəlməyə daha çox üstünlük verirlər. Xaricdə istirahət paketlərini dəyərləndirib aviabilet, siğorta daxil olmaqla Antaliyanın 5 ulduzlu otellərində istirahət etmək mümkündür. Bu səbəbdən hər il olduğu kimi bu il də regionlardakı istirahət mərkəzlərinin qiymətlərinə nəzər saldıqda "Xaricə səfər daha ucuza gəlir" fikri özünü doğruldur. Bir həftəlik Azərbaycan otellərində istirahət edənlər çox az olur. Həm qiymət bahadır, həm də həmin qiymətə bəzi kampaniyalardan istifadə edib xaricdə dincəlmək daha məqsədəuyğundur. Məsələn, 500 manata 1 həftəlik hər şey daxil xaricə turlar təşkil edilir, ancaq Azərbaycanda bu qiymətə bir həftəlik istirahət təklif etmək qeyri-mümkündür. Hətta Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, Bakıda dünyada tanınmış brendlərin otelləri fəaliyyət göstərir. Bakıda olan otellər şəbəkələri ən mötəbər şəbəkələrdir, onların öz qiymət siyasəti var, biz buna o qədər də qarışa bilmərik. Bəs beş ulduzu olmayan hotellərin qiyməti niyə bahadır?" Prezident bildirib ki, bölgələrdə, rayon yerlərində elə qiymət istəyirlər ki, insan ora getmək istəmir: " Buna bəlkə də sadə yanaşırlar ki, bazar tənzimləyir, əgər tələbat varsa, təklif də var. Amma hər kəs gedə bilmir. Azərbaycanda beş ulduzlu otellərin sayı kifayət qədər çoxdur, mən buna çox sevinirəm. Bu, ölkəmizin gücünü göstərir, prestijdir. Əgər dünyanın beş ulduzlu aparıcı brendləri Bakıdadırlarsa, Bakı buna layiqdir. Onlar da layiqdirlər ki, Bakıdadırlar. Ancaq üç ulduzlu otellər azdır, iki ulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq! Azərbaycanda o qədər gözəl yerlər var ki, heç yerə istirahətə getmək də lazım deyil. Dağ, meşə, çaylar, göllər, dəniz, xizək kurortu, hər şey var". Prezident deyib ki, ölkə turizmin inkişafı üçün üç məsələyə - viza, aviabiletlərin və otellərin qiymətləri məsələsinə, o cümlədən üçulduzlu, ikiulduzlu otellərin tikintisi məsələsi diqqət mərkəzində olmalıdır: " Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı tövsiyələr versin, eyni zamanda sahibkarlar da bunu eşitsinlər ". Ölkənin turizm sahəsindəki qiymətlər sadə vətəndaşlar kimi ölkə başçısını da narahat edir. Lakin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi görünür bu məsələ heç də narahat etmir. Bu şəxs ancaq özünün təbliğiylə məşğuldur. Saytlara, qəzetlərə müsahibə verməklə vəzifəsini doğrultmuş hesab edir. Dəfələrlə mediada tənqid atəşinə tutulan Əbülfəs Qarayev isə heç bir aktivlik göstərmir. Sadəcə olaraq nazirlik lazımi tədbirlərin görüləcəyi vədini verərək işini bitmiş hesab edir. Ölkənin turizm sahəsindəki qiymətlərin artması isə onu göstərir ki, nazirin verdiyi vədlər elə vəd olaraq qalıb. Qiymətlər fantastik həddə çatıb. Ümid edək ki, ölkə başçısının çıxışından sonra Əbülfəs Qarayev fəaliyyətində əsaslı dönüş edəcək və turizm sahəsindəki qiymətləri həm ölkə başçısının, həm də sadə vətəndaşların istədikləri səviyyəyə endirəcək. (Ardı var) Geri qayıt |