Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Kərəm Həsənovun qohumu qoçuluq edir...

Kərəm Həsənovun qohumu qoçuluq edir...


14-08-2015, 14:22
Kərəm Həsənovun qohumu qoçuluq edir...
Etiraf etmək lazımdır ki, bu gün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi rəhbərliyinin öz işində yol verdiyi ciddi nöqsanlar, bu qurumun fəaliyyətinin rüşvətxorluq və digər korupsiya elementləri ilə müşayiət olunmasına şərait yaratmışdır. Ölkə mətbuatında, o cümlədən bizim qəzetin səhifələrində müxtəlif vaxtlarda dərc olunmuş materiallarda təqdim olunan çoxsaylı faktlar da belə deməyə imkan verir ki, bir çox hallarda ƏMDK-nin və şəxsən qurumun rəhbəri Kərəm Həsənovun hətta cəmiyyətin tanınmış üzvlərinə qarşı belə heç nədən çəkinmədən və son dərəcə aqressiv şəkildə istənilən qanunsuzluğu törədə biləcəklərinin aşkar nümyişi, sıravi vətəndaşların belə vəziyyətə düşəcəkləri halda ümumiyyətlə heç bir şanslarının olmayacağı barədə birmənalı xəbərdarlıq kimi qəbul edilməlidir. Digər tərəfdən isə, davamlı olaraq mətbuata təqdim olunan məlumatlarda ölkənin regionlarında dövlət əmlakının talan edilməsinə dair konkret faktlar öz əksini tapmaqdadır. Əmlak Məsələləri Dövlət Komitəsinin yerlərdəki məmurlarının yol verdikləri total korrupsiya faktları ilə bağlı dəfələrlə inkarolunmaz məlumatlar yaysa da, qurumun rəhbərliyi hər dəfə yol verilən talançılıq və ağlasığmaz korrupsiya faktlarında ittihamlara yalnız susmaqlamünasibət bildirir. Kərəm Həsənovun məmurları, məhz “susmaq qızıldır” prinsipi ilə çıxış edərək, bununla Komitədə baş verən total korrupsiya faktlarını ört-basdır etməyə cəhd edirlər. Digər tərəfdən isə, Kərəm Həsənovun bəzi yaxın qohumları da bu dövlət məmurunun yüksək nüfuzundan “yararlanaraq”, müxtəlif səbəblərdən təmasda olduqları vətəndaşlara qarşı çeşidli özbaşınalıqlar törətməkdən çəkinmirlər. Bu xüsusda bir müddət əvvəl redaksiyamıza daxil olmuş müraciət isə, bizi son dərəcə heyrətləndirmişdi. Müraciətdə təsvir olunan hadisələr fonunda məmur özbaşınalığından şikayətçi düşən vətəndaş, özünə və ailəsinə qarşı olan həyati təhdidlər qarşısında hətta ölkəni tərk etməyə məcbur olmuşdu. Redaksiyamıza müraciət edən şəxs Cəlilabad rayonu, Günəşli kənd sakini Bağırov Firdovsi Cavanşir oğlu, onun şikayət etdiyi məmur isə bir müddət əvvəl Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsində Texniki şöbənin rəisi vəzifəsində işləmiş Şirməmməd Həsənov idi. Öz müraciətində Firdovsi Bağırov bildirmişdi ki, onun Şirməmməd Həsənovla bağlantıları sırf iş əsasında olmuşdur. Elə bu zəmində də aralarında az qala düşmənçiliyə çevrilmiş problem yaranmışdır. Firdovsi Bağırovun sözlərinə görə bir müddət əvvəl, Ş.Həsənov bir neçə mülkün özəlləşdirilməsi səbəbilə ondan 150 min manata yaxın məbləğdə pul almışdır. Lakin aradan kifayət qədər müddət keçməsinə baxmayaraq, məmur özəlləşdirməyə dair müvafiq sənədləri təqdim etməmişdir. Daha bir müddət sonra isə Firdovsi Bağırov işin artıq alınmayacağına əmin olaraq, verdiyi pulları geri istəmişdir. Lakin Şirməmməd Həsənov bu tələbə də əməl etməmiş, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Amma bu vəziyyət də çox davam etməmişdir. Belə ki, qarşı tərəfin arxasız olduğuna əmin olan Şirməmməd Həsənov, növbəti dəfə ona müraciət olunan zaman söhbətin tərzini tamamilə dəyişmiş və Firdovsi Bağırovun bu dəfə eşitdikləri artıq bəhanə və vədlər deyil, aşkar hədə və təhdidlər olmuşdur. Hətta iş o yerə gəlib çatmışdır ki, Şirməmməd Həsənov Firdovsi Bağırovdan ölkəni tərk etməyi tələb etmiş, əks halda isə onun ailə üzvlərindən birini qaçıracağını bildirmiş və lazım gələrsə həmin adamın həyatına son qoyacağını belə bəyan etməkdən çəkinməmişdi. Artıq xəbər verildiyi kimi, Şirməmməd Həsənov da Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun doğmaca əmisi oğludur. Və məhz bu səbəbdən də Firdovsi Bağırov Kərəm Həsənovun bu problemin həllində son sözü deyə biləcəyinə çox ümid bağlamışdı. Lakin hadisələrin sonrakı inkişafı bir daha göstərdi ki, ƏMDK sədri bütün hallarda məhz kimin əmisi oğlu olduğunu “unudan” məmurlardan deyil. Elə bu səbəbdən də, Firdovsi Bağırov indinin özünədək pullarını geri almaq bir tərəfə dursun, heç Azərbaycana qayıda da bilmir. Təbii ki, Şirməmməd Həsənovun törətdiyi əməllərə görə nə Kərəm Həsənov, nə də həmin şəxsin hər hansı digər bir qohumu qanun qarşısında məsuliyyət daşıya bilməz. Digər tərəfdən isə, Şirməmməd Həsənovun bu yaxınlara qədər Əmlak Məsələləri Dövlət Komitəsinin strukturlarında işləməsi, Kərəm Həsənovla yaxın qohumluq əlaqələri və məhz bu amillərə istinad edərək vətəndaşlara mülk özəlləşdirilməsi xüsusunda təkliflər etməsi Komitənin fəaliyyətindəki ciddi problemlərdən xəbər verir. Bütün bu baş verənlərin məntiqi təhlili ƏMDK-də bu gün də ən yüksək səviyyədə rüşvət və korrupsiya hallarının mövcudluğunu söyləməyə tam əsas verir.

Geri qayıt