Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Cənab nazir, bu obalar bizim deyilmi?..
Cənab nazir, bu obalar bizim deyilmi?..26-08-2015, 14:39 |
Artıq bir neçə müddətdir ki, qəzetimizin səhifələrində Laçın Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallardan bəhs edən materiallardan bəhs olunur. Qeyd etməliyik ki, bu xüsusda aldığımız məlumatlarda Laçın səhiyyəsində yaranmış arzuolunmaz duruma görə məhz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovun məsuliyyət daşımalı olduğu bildirilir. Artıq qeyd olunduğu kimi, hazırda Laçın Rayon Mərkəzi Xəstəxanası müvəqqəti olaraq Ağcabədi rayon Taxtakörpü qəsəbəsində yerləşir. RMX-nın tabeliyində isə, 18 xəstəxana, 19 ambulator poliklinika, 83 feldşer məntəqəsi və 1 təcili tibb yardım məntəqəsi fəaliyyət göstərir. Artıq dəfələrlə qeyd olunduğu kimi, aldığımız açıqlamalarda vətəndaşların xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında yol verilən maxinasiyaların olduğu göstərilir. Bu xüsusda mənbələr bildirirlər ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bəzi hallarda isə bu maxinasiyalar üçün kənd xəstəxanaları daha əlverişli olur. Buna görə də bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılarsa, bəzi kənd xəstəxana və tibb məntəqələrində dərmanlardan əldə olunan qazancın mərkəzi xəstəxanadan daha çox olduğu məlum olar. Halbuki, onların demək olar heç birində xəstələr yatmır. Məlumatlarda qeyd olunur ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Aldığımız məlumatlarda vurğulanır ki, Laçın RMX-nın tam funksional fəaliyyət göstərə bilməsi üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüş, rayonun ümumilikdə səhiyyə sisteminin inkişafı isə bu gün də ölkə rəhbərliyinin diqqətində saxlanılan məsələlərdəndir. Lakin təəssüflər olsun ki, bütün bu tədbirlər və göstərilən dövlət qayğısı hazırda Laçın səhiyyəsinə rəhbərlik edən, RMX-nın baş həkimi Rauf İsfəndiyarov tərəfindən heç də düzgün qiymətləndirilmir. Nəticədə isə öz ata-baba yurdlarından məcburi köçkün düşmüş vətəndaşlarımız tibbi xidmətlərdən yetərincə yararlana bilmirlər. Daxil olan məlumatlarda vurğulanır ki, baş həkim ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək, sərəncamında olan resurs və imkanlardan daha çox öz şəxsi mənfəəti naminə yararlanmağa üstünlük verir. Açıqlamalarda Laçın səhiyyəsinə ayrılan dövlət vəsaitlərinin də RMX rəhbərliyi tərəfindən mənmsənildiyi bildirilir. Yayılan məlumata görə, Rayon Mərkəzi Xəstəxanasına təkcə ötən ildə satınalmalarla bağlı 120 min manat və rayonun daxili büdcəsindən isə 250 min manata yaxın vəsait ayrılıb. Ayrılan vəsaitlər isə adı olub özü olmayan tibb məntəqələrinin cari təmiri adı altında silinərək mənimsənilib. Qeyd edək ki, qəzetimizin ötən saylarında da respublikanın bəzi rayonlarında səhiyyə sisteminin bu sahəyə rəhbərlik edən şəxslər tərəfindən son dərəcə acınacaqlı vəziyyətə gətirilməsindən bəhs edən materiallar dərc olunmuşdu. Həmçinin son vaxtlar bir çox rayon mərkəzi xəstəxanalarının fəaliyyətində müşahidə olunan çeşidli qanun pozuntuları ölkə mətbuatının səhifələrində dərc olunan tənqidi materiallarda da tez-tez əks olunur. Bu materiallarda vurğulanan əsas məqamlardan biri də bundan ibarətdir ki, bu gün ölkəmizdə dövlət tibb müəssisələrində göstərilən xidmətlərin pulsuz olduğunu nəzərdə tutan qanunların olmasına baxmayaraq, hər bir poliklinika və ya xəstəxananın da bundan başqa özünün yazılmamış qanunları mövcuddur. Həm də xüsusilə pul mövzusuna gəlincə, bu qanunlara əksər hallarda daha böyük dəqiqliklə əməl olunur. Redaksiyamıza daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, Laçın rayonunun səhiyyə sistemində də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarovun qoyduğu qayda və qanunlar, bu sahədə dövlət qanunlarından daha işləkdir... Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |