Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Elmar Məmmədyarovun 20 milyonluq restoranı aşkarlandı
Elmar Məmmədyarovun 20 milyonluq restoranı aşkarlandı3-09-2015, 11:48 |
Azərbaycanda məmurların, dövlət qulluqçularının bizneslə məşğulluğu qanunla qadağan edilsə də bunun kağız üzərində qaldığı dəfələrlə və təkzibolunmaz faktlarla təsdiqlənib. Bu günə qədər ölkə mətbuatında məmurların şəxsi biznesləri ilə bağlı çoxsaylı faktlar dərc olunub, qarşı tərəf bunu təkzib etməyə çalışsa da sonda informasiyanın həqiqiliyi bəlli olub. Etiraf edək ki, bu kimi neqativ hallara qarşı dövlət səviyyəsində sistemli mübarizə aparılır. Hətta prezident səviyyəsində belə dəfələrlə dövlət məmurlarına xəbərdarlıq edilib, onlardan qanunsuz əməllərinə son qoyulmaları tələb olunub. Hətta bir sıra məmurların törətdiyi qanunsuzluqlara görə həbs olunması, tutduğu vəzifədən azad edilməsi halları da kifayət qədər olub. Bununla belə sözügedən problemin aradan qalxdığını düşünmək də doğru olmazdı.”Unikal” qəzetinə daxil olan yeni məlumatlar da məhz bu qəbildəndir. Belə ki, əldə etdiyimiz məlumatlarda xarici işlər naziri Elmar Məmmədyarovun şəxsi biznesindən bəhs edilir. Bildirilir ki, Elmar Məmmədyarovun paytaxt Bakıda, daha dəqiqi elə rəhbərlik etdiyi Xarici İşlər Nazirliyinin inzibati binasının arxasında “Şirvanşahlar” adlı restoranı fəaliyyət göstərir. Elit müştərilər üçün nəzərdə tutulan və qiymətlərinin hədsiz bahalılığı ilə digərlərindən seçilən “Şirvanşahlar” restoranının ümumi dəyəri isə nə az, nə çox – 20 milyon manat civarındadır. Mənbəmizin sözlərinə görə, restoranın iç divarlarında Azərbaycanımızın milli ornamentləri, qədim xalçalarımız və miniatürlərimizlə bəzənib: “Elmar Məmmədyarova məxsusluğu şübhə doğurmayan “Şirvanşahlar” restoranını sözün əsl mənasında sənət əsəri adlandırmaq olar. Buranın başlıca müştəriləri isə dövlət məmurları, iri sahibkarlar və xarici qonaqlardır. Xarici İşlər Nazirliyinin xətti ilə ölkəmizdə səfərdə olan əcnəbilərin əksəriyyəti məhz bu restoranda dincəlir”. Məsələnin ən ilginc tərəfi isə belə bir prestijli restorana xarici işlər naziri Elmar Məmmədyarovun hansı vəsaitlə sahiblənməsidir. Biz həmin restoranın nazir maaşı və ya ezamiyyə gəlirləri hesabına alına biləcəyi ehtimalı birmənalı şəkildə istisna edirik-bu sadəcə mümkün deyil. Belə olan halda isə ortaya cavablandırılması vacib olan sual çıxır – Elmar Məmmədyarov belə bir bahalı restoranı hansı pulla alıb? Təbii ki, bu sual ətrafında daha geniş araşdırmalar aparmaq müvafiq dövlət orqanlarının işidir. Biz isə “Unikal” qəzeti olaraq xarici işlər naziri kimi mühüm və strateji post tutan Elmar Məmmədyarovun bizneslə məşğul olmasının qanunsuz olduğunu yazmaqla kifayətlənirik. Sonda onu da xatırladaq ki, son vaxtlar Xarici İşlər Nazirliyindəki xoşagəlməz hallarla bağlı informasiyaların sayında intensivlik müşahidə olunur. Ölkə prezidenti İlham Əliyevin fəaliyyətindən narazı qaldığı nazirlərdən birinin də məhz Elmar Məmmədyarov olması haqda xəbərlər dolaşır. Geri qayıt |