Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Fərhad Qəribovu qərib günlər gözləyir...

Fərhad Qəribovu qərib günlər gözləyir...


10-09-2015, 12:42
Fərhad Qəribovu qərib günlər gözləyir...
Cənab Qəribovun yenidən seçilmək şansı şox azdır. Buna görə də onun hazırkı narahatlığı haqqında məlumatlar başa düşüləndir.

Kürdəmirin deputat “Qelios” MMC-nin mərhum mühasibi Nadir Kərimovun ölümündən tutmuş “Siqma Layn” MMC-nin kredit fırıldağı və Debutbankla bağlı bir çox sualların cavabını verməlidir.

57 saylı Kürdəmir seçki dairəsindən 2010-cu ildə mandat qazanmış Fərhad Qəribovun yenidən deputat seçilməsi sual altındadır. Məlumata görə, Fərhad Qəribovun yenidən mandat qazanmasına həm seçicilərindən, həm də müəyyən dövlət strukturlarından narazılıq var. Bu isə o deməkdir ki, hörmətli millət vəkilinin yenidən mandat almaq şansı minimumdur. Doğrudur, deputat hələ də nüfuzlu generallardan birinin dəstəyinə malikdir. Ancaq bu dəstək ona mandat qazandıracaq qədər güclü deyil...

Cənab Qəribovun deputat toxunulmazlığı aradan qalxandan sonra isə onun problemləri başlayacaq. Bu istiqamətdə “xeberinfo.com”a səhih məlumatlar daxil olub. Məlumatlarda daha çox deputatın biznesindən, keçmiş Debutbankdakı korrupsiya əməllərindən bəhs olunur.

Məlum olduğu kimi, Fərhad Qəribov Milli Məclisin biznesmen deputatlar sırasında yer alır. Debutbank müflis olsa da deputatın hələ də Bakıda (“Çıraq Plaza”, “Şəki” restoranı və s.) və Kürdəmirdə, eləcə də ərəblərlə ortaq biznes obyektləri haqqında məlumatlar var.

Xatırladaq ki, Fərhad Qəribovun adı ilk dəfə Kürdəmirdəki Şirə zavodu – “Qelios” Məhdud Məsuliyyətli Cəmiyyəti ətrafındakı qalmaqalda hallanmışdı. Həmin qalmaqallı günlərdə deputat Qəribov mətbuata açıqlamasında bu zavodun onun qohumlarına məxsus olduğunu söyləsə də, konkret ad hallandırmamışdı. Ancaq rəsmi məlumatlarda Nizamnamə kapitalı 11 655 010 AZN olan “Qelios”un direktorunun depuatın ortancıl oğlu Zöhrab Qəribov olduğu göstərilir. Bu şirkət ətrafında qalmaqalın böyüməsinə səbəb isə deputatın oğlundan sonra ikinci maddi məsul şəxs hesab olunan baş mühasib Nadir Kərimovun müəmmalı ölümü olmuşdu. Qeyd edək ki, Nadir Kərimov aprelin 7-də itkin düşmüş, 21 günlük axtarışdan sonra isə Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun cəsədini Kür çayından tapmışdılar. O zaman mərhumun ailəsi şikayət ərizəsində yazmışdı ki, onu öldürüb Kürə atıblar...

Deputat oğlunun rəhbərlik etdiyi şirkətin adı son olaraq "Beynəlxalq Bank işi"ndə hallanıb. Mətbuatda yayılan məlumata görə Zöhrab Qəribov Azərbaycan Beynəlxalq Bankından 185 milyon manat kredit götürəərək ölkədən qaçan Xaqani Bəşirovla ortaq fəaliyyəti olub. Belə ki, Xaqani Bəşirova məxsus olduğu iddia edilən “Siqma Layn” MMC Azərbaycan Beynəlxalq Bankından “Qelios” MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb və əsas kredit və faizlər üzrə borclarını qaytarmayıb. Məsələn, “Siqma Layn” MMC-i Azərbaycan Beynəlxalq Bankından 14 mart 2008-ci ildə 2 milyon 120 min manat, 16 aprel 2008-ci ildə 500 min manat, cəmi altı gün sonra, 22 aprel 2008-ci ildə 400 min manat, 15 iyul 2008-ci ildə 1 milyon 644 min manat, 15 avqust 2008-ci ildə 1 milyon 662 min manat, bütövlükdə isə cəmi 6 milyon 346 min manat götürsə də, nə faizlərini, nə kreditin özünü banka qaytarmayıb.

Məlumata görə, bu pullar “Qelios” MMC-nin razılıq məktubu əsasında verilib ki, bu da deputat oğlunun məsuliyyət daşıdığı deməkdir. Yeri gəlmişkən qeyd edək ki, Samir İbrahim oğlu Hacıyevin rəhbərlik etdiyi “Siqma Layn” MMC ilə yanaşı Xaqani Bəşirova aid olan, Sadıx Nəbi oğlu Murtuzayevin rəhbərlik etdiyi “Alfa Layn” MMC-nin də adı kredit qalmaqalında hallanır. Yayılan məlumatlara görə, “Alfa Layn” MMC-nin direktoru Sadıx Murtuzayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xaqani Bəçirova aid olduğu iddia edilən “General Construction” MMC-i, “Xəzər Menecment Sistems” MMC, “Ceneral Construction” MMC, “Aygün İnşaat”, “Aqora”, “Pərvanə”, “Uni Oyl”, “Alfa Layn”, “Beta Layn”, “Kondor Qrup” və “Siqma Layn” MMC-lərin adlarının hansı maliyyə fırıldaqlarında keçməsi ilə bağlı araşdırma aparırıq.

O ki, qaldı Fərhad Qəribovun deputat mandatının taleyinə... Qeyd etdiyimiz kimi, cənab deputatın yenidən seçilmək şansı şox azdır. Belədə onun hazırkı narahatlığı haqqında məlumatlar başa düşüləndir. Mandatın itirilməsi imtiyazların, məlum imkanların, nəhayət toxunulmazlığın əldən getməsi deməkdir. Demək seçkidən sonra Fərhad müəllim “Qelios” MMC-nin mərhum mühasibi Nadir Kərimovun ölümündən tutmuş “Siqma Layn” MMC-nin kredit fırıldağı və Debutbankla bağlı çox-çox suallara cavab verməli olacaq.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt