Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “Bizim səsimizi İlham Əliyev eşidir, amma Səlim Müslümov eşitmir”
“Bizim səsimizi İlham Əliyev eşidir, amma Səlim Müslümov eşitmir”15-09-2015, 10:59 |
Zaman-zaman 7news.az informasiya portalı olaraq müxtəlif sahələrdə çalışan məmurların neqativ fəaliyyəti haqqında yazılar dərc etmişik. Çox təəssüf ki, bzi regionlarda sosial xidmət sahələrində çalışan məmurlar öz vəzifə səlahiyyətlərində sui-istifadə edərək əhalini süründürməçiliyə salırlar. Cənab Prezident İlham Əliyev demək olar ki, icra strukturları ilə bütün görüşlərində əhaliyə xidmətin ən yüksək səviyyəyə çatdırılmasının vacibliyindən danışıb və əksini edənlərin dərhal cəzalandırılacağını qeyd edib. Görünür bu tapşırıqlar bəzi məmurlara hələ də gedib çatmayıb. Regionlarda insanların səbrini ərşəyə çəkən ən böyük problem isə şikayətlərin qulaqardına vurulması və heç bir tədbirin görülməməsi ilə bağlıdır. Bu günlərdə redaksiyamıza Daşkəsən sakini, Qarabağ Müharibəsi Əlillər Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri İsmayılov Bəxtiyar Nəcəf oğlu tərəfindən maraqlı şikayət daxil oldu. İsmayılov Bəxtiyar Nəcəf oğlu müraciətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun qəbuluna getdiyini və ondan bu problemin 1 ay müddətinə aradan qaldırılacağı cavabı almasına baxmayaraq, hələ də gözləyir... Şikayəti olduğu kimi təqdim edirik: “Cənab prezident İlham Əliyev 2006-cı ildə Daşkəsən rayonuna səfər etmişdi. Mən İctimai Birliyin sədri kimi prezidentdən Qarabağ əlilləri üçün mənzilə ehtiyac olduğunu bildirdim. Burada yeni bina tikilməsini xahiş etdim. Çox sağ olsun, bu məsələ qısa bir zamanda öz həllini tapdı. Daşkəsən rayonu Heydər Əliyev prospekti bina 17. Bu bina şəxsən Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə çox keçmədi ki, hazır oldu və yaşayış üçün istifadəyə verildi. Bu binada 16 ailə məskunlaşdırıldı. Üzərindən 8 il keçdikdən sonra, 2014-cü ildə bu binanın damı uçdu. Binanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri tikdirdiyi üçün onlara müraciət etdik. Bir neçə nəfəri nazirin qəbuluna göndərdim. Həmin şəxsləri qəbul edən nazir onlara yaxın günlərdə bu məsələnin həllini tapacağını bildirdi. Ancaq məsələ həllini tapmadı. Cənab nazir Səlim Müslümovun Gəncəyə səfəri zamanı qəbuluna şəxsən özüm getdim. Məsələni olduğu kimi ona çatdırdım. O da öz növbəsində 1 aya bu məsələnin həllini tapacağını və problemin aradan qaldırılacağını dedi. Sən saydığını say, gör fələk nə sayır. Bu danışığın və nazirin verdiyi sözün üzərindən 1 ildən artıq vaxt keçib. Ancaq dəyişən heç bir şey yoxdur. Mən bir məsələyə toxunmaq istəyirəm. Necə olur ki, mən cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, burada Qarabağ əlilləri üçün ev tikilməlidir. O, qısa vaxt keçmir və bu məsələni həll edir, bizim kimi insanlara əl tutur. Ancaq nazir Səlim Müslümov vecinə almır. Səbəb? Prezident cəbhə bölgəsində əsgərlərlə birlikdə eyni yeməkdən dadır, onların problemləri ilə maraqlanıb çətinlikdən uzaq tutur. Ancaq Səlim bəy otağından çölə çıxmır. Hətda sakinlərdən bir nəfər Əliyev Nihad adlı şəxs, ailəsinin 6 nəfərdən ibarət olduğunu və 2 qardaşını da qəyyumluğa götürdüyünü dedi. Nazir Səlim Müslümov da, qeydiyyata alınacağını və bu məsələnin də öz həllini tapacağını bildirdi. Bu qeydiyyat, sıralama isə 2005-ci ildə götürülüb. Ancaq biz bir müddət sonra araşdırmalar nəticəsində ortaya çıxardıq ki, qeydiyyata başqa şəxs alınıb. O şəxs də Hüseynov Elşəndir. Hansı ki, Daşkəsən deyil, Gəncə qeydiyatındadır. Mən dəvət edirəm cənab nazir Səlim Müslümovu ki, gəlsin bir Qarabağ əlilinin qonağı olsun. Yaşayışları ilə maraqlansın. Ancaq əminəm ki, gəlməz. Çünki otaqdan çölə çıxa bilmir”. Qeyd edək ki, bu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov barəsində redaksiyamıza daxil olan şikayətlərdən biridir. Digər şikayətlər isə tam olaraq araşdırıldıqdan sonra dərc olunacaq. Geri qayıt |