Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Ağdamda ağ xalatlıların qaralan günləri...
Ağdamda ağ xalatlıların qaralan günləri...29-09-2015, 12:01 |
Hələ bir neçə müddət bundan əvvəl redaksiyamıza daxil olmuş məlumatlarda Ağdam rayon səhiyyə sisteminin bərbad durumu ilə bağlı bir çox açıqlamalar təqdim olunmuşdu. Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə ayrılan 1 milyon manat vəsait hesabına Ağdam rayonunun Quzanlı qəsəbəsində yeni bir xəstəxana binası tikilərək, 2012-ci ildən istifadəyə verilib. Üçmərtəbəli bu korpusda doğum evi, uşaq xəstəxanası və uşaq poliklinikası fəaliyyət göstərir. Lakin daxil olan məlumatlarda Ağdam Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanın yaradılan bu şəraitdən, rayon səhiyyəsinə göstərilən diqqət və qayğıdan daha çox öz şəxsi məqsədləri naminə yararlandığı iddia olunur. Yerli sakinlərdən bu xüsusda aldığımız məlumatlarda baş həkimin yol verdiyi rüşvətxorluq və digər korrupsiya hallarından bəhs olunur. Mənbələr bildirirlər ki, xəstələrin xüsusi narazılığını doğuran amillərdən birinin xəstəxanaya dərmanların alınmasında şişirdilmiş qiymətlərlə bağlıdır. Başqa sözlə desək, apteklərdə bir qiymətə satılan dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Bildirilir ki, Ağdam rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təminatlarına dair verdiyi təlimatlar kobud şəkildə pozulur. Hətta vərəm və şəkərli diabet xəstələri belə pulsuz dərmanla təmin olunmurlar. Yalnız bir neçə adda ucuz və az effektli həb preparatları xəstələrə pulsuz verilir. Əhaliyə göstərilməli olan pulsuz xidmətlər demək olar ki, formal xarakter daşıyır. Əhaliyə vaxtı-vaxtında şəkərli diabet xəstələri üçün nəzərdə tutulan dərmanlar və lazım olan şəkər analizi üçün çubuqlar ya pulla satılır, ya da ümumiyyətlə verilmir. Rayondan aldığımız digər bir məlumatda isə qeyd olunur ki, RMX-nın doğum şöbəsində də konkret qiymətlər müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə ümumiyyətlə buraxılmır. Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasında primitiv səviyyədə göstərilən tibbi xidmətlərə görə yüksək məbləğlərin alınması, dərman preparatları ilə spekulyasiyalar, xəstəxanalarda cərrahiyə və digər tibbi əməliyyatların antisanitariya şəraitində həyata keçirilməsi kimi faktlar müşahidə olunmaqdadır. Digər tərəfdən isə, redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində Gülnar Abbasovanın rayonun səhiyyə sahəsində çalışan tibbi və texniki personalın əmək haqları ilə bağlı bəzi maxinasiyalara əl atdığı bildirilir. Şikayətçi Şahnaz Əliyeva bildirir ki, o, 2002-ci ildən etibarən Xındırıstan kənd xəstəxanasında sanitar vəzifəsində çalışır. Həyat yoldaşı və övladı xəstə olan bu xanım evin yeganə işləyən adamı olmaqla, ailəsini 115 (yüz on beş) manat məvaciblə dolandırmaq məcburiyyətindədir. Lakin son üç ayda Şahnaz Əliyevanın bu məvacibi də iki dəfə azaldılıb. Şikayətçi bildirir ki, xəstəxanada ondan başqa əmək haqları kəsilən daha bir neçə işçi vardır. Məsələ ilə bağlı baş həkim Nəzakət Əhmədovaya müraciət etdikdə isə, o, əmək haqlarının məhz Ağdam Rayon Mərkəzi Xəstəxanasından yazıldığını bildirib. Şahnaz Əliyeva deyir ki, bundan sonra o, Gülnar Abbasovanın da qəbulunda olub. Ağdam RMX-nın baş həkimi isə bildirib ki, bu hal ölkəmizdə bir müddət əvvəl keçirilmiş I Yay Avropa Oyunlarından sonra dövlət büdcəsində yaranmış kəsirlə bağlı olan müvəqqəti bir haldır və tezliklə əməkhaqlarının 100 % ödənişi yenidən bərpa olunacaq. Lakin başqa bir mənbədən aldığımız məlumata görə, Ağdam RMX-nın baş həkimi rayonun bəzi tibb müəssisələrinə “ölü canlar” qismində yarımştat işçilər götürüb. Məhz bu səbəbdən də, Şahnaz Əliyeva və onun kimi digər işçilər özləri də bilmədən yarım ştat vahidinə keçiriliblər. Bu maxinasiyanı ört-basdır etmək üçün isə, Gülnar Abbasova işçilərinə gülünc izahatlar vermək qərarına gəlib... Geri qayıt |