Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Xocavənddə vəzifələr də inhisara alınıbmış...

Xocavənddə vəzifələr də inhisara alınıbmış...


23-11-2015, 12:18
Xocavənddə vəzifələr də inhisara alınıbmış...
“Bizim Dövr” qəzetinin redaksiyasına yeni daxil olmuş məlumatlarda Xocavənd rayonunda cərəyan edən qəribə hadisələrdən bəhs olunur. Yox, söhbət heç də hansısa anomal təbiət hadisələrindən getmir. Daha doğrusu, təqdim edilən açıqlamalardan bu rayonda baş verənlərdə həqiqətən də bir anormallığın olduğunu söyləmək olar. Amma bu hal təbiətin deyil, bəzi insanların fəaliyyətilə bağlıdır. Məsələn, məlumatlardan belə bir nəticəyə gəlmək olur ki, bu gün Xocavənd rayonunun sosial sahəsi demək olar ki, bir ailə tərəfindən özəlləşdirilib. Məgər bu normal hal kimi qəbul edilə bilər? Əlbəttə ki, yox. Mənbələr isə bildirirlər ki, rayonda hazırda yaranmış durum məhz belədir. Xocavəndin sosial sahəsini “özəlləşdirən” ailənin başında isə, keçmiş məmur Məmmədəli Bayramov durur. Məlum olduğu kimi bu məmur təqaüdə çıxana qədər Xocavənd rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinə rəhbərlik edirdi. Hələ bu vəzifədə olduğu dövrdə Məmmədəli Bayramovun yarıtmaz fəaliyyətinə dair ən müxtəlif instansiyalara, o cümlədən mətbuata rayondan davamlı olaraq şikayət məktubları daxil olurdu. Həmin məlumatlarda Məmmədəli Bayramovun yol verdiyi özbaşnalıqlardan, aztəminatlı vətəndaşların problemlərinə biganəliyindən, mərkəzdə plastik kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılmasından və ƏSMM rəhbərinin dövlət qulluğuna saxta diplomla girməsindən bəhs edilirdi. Bildirilirdi ki, bu məmurun rəhbərliyi dövründə Xocavənd rayonu ƏSMM özünün xüsusilə yarıtmaz fəaliyyətilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Məmmədəli müəllim təqaüdə çıxanda isə, bir çoxları düşünürdü ki, bu problemlər də artıq öz həllini tapacaq. Lakin bu baş vermədi. Məsələ bundadır ki, təqaüdə çıxan Məmmədəli Bayramov özündən sonra Xocavənd ƏSMM-nin direktoru vəzifəsinə bacanağı Zakir Quliyevin təyin edilməsinə nail ola bilib. Bu minvalla da, mərkəzin fəaliyyətindəki qüsur və nöqsanlar indinin özündə də əvvəllər olduğu kimi davam edir. Bu xüsusda aldığımız açıqlamalardan birində deyilir: “Xocavənd rayonunda yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına indi də Zakir Quliyevin rəhbərliyi altında ƏSMM-də yol verilən kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Dövlətin verdiyi yardımdan yararlananların əksəriyyəti əslində buna ehtiyacı olmayanlar olur. Yardıma həqiqi ehtiyacı olan yoxsulların çoxunun isə, hətta bəzən tələb olunan kağızları toplamağa belə gücü çatmır. Mərkəzin özünün, həm də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir...” Digər tərəfdən isə, rayonun sosial sahəsinin Bayramovlar tərəfindən zəbt olunduğunu söyləməklə, biz heç də sadəcə Zakir Quliyevin ƏSMM direktoru vəzifəsinə gətirildiyini nəzərdə tutmuruq. Fikir verin, Dövlət Sosial Müdafiə Fondunun Xocavənd rayon şöbəsinin rəhbəri Elxan Bayramov Məmmədəli müəllimin doğmaca qardaşı oğludur. Həmçinin Məmmədəli müəllimin öz oğlu Elməddin Bayramov rayonun Maliyyə idarəsində, bacanağı Zakir Quliyevin oğlu isə DSMF şöbəsində mütəxəssis kimi çalışırlar. Maraqlıdır ki, mənbə bu “rəhbər və mütəxəssislərin” də, eynən Məmmədəli Bayramovda olduğu kimi, məhz saxta diplomlarla dövlət qulluğuna girdiklərini iddia edir.
Digər tərəfdən isə, bütün bu özbaşınalıqlarla bağlı belə bir sual yaranır ki, görəsən dövlətin srateji əhəmiyyət kəsb edən bu mühüm sahəsi ailə podratına alınarkən rayonun rəhbərliyi hara baxırdı? Amma aldığımız açıqlamalarda bu suala da cavab verilir. Mənbə iddia edir ki, Bayramovların bütün bu qanunsuz əməllərinə şərait yaradan da, məhz elə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov özüdür. Vurğulanır ki, Məmmədəli Bayramov hələ vəzifədə olduğu vaxtlardan icra başçısının rəğbətini və himayəsini qazanmağa nail ola bilmişdir. İşlərin “düzgün” qurulması sayəsində isə, bu himayə bu gün artıq bütün “sosial ailə”yə şamil edilmişdir.
Materialda adı keçən bütün tərəflərin mövqeyini əks etdirə bilərik.

Geri qayıt