Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > “KapitalBank”ın filial direktoru MTN rəisindən 9 min dollarını geri istəyir

“KapitalBank”ın filial direktoru MTN rəisindən 9 min dollarını geri istəyir


25-11-2015, 11:13
“KapitalBank”ın filial direktoru MTN rəisindən 9 min dollarını geri istəyir
Modern.az saytı xəbər verir ki, “KapitalBank”ın Qobustan filialının direktoru Sadəddin Qaragedəyev Milli Təhülkəsizlik Nazirliyi (MTN) əməkdaşlarının Eldar Mahmudovun nazir olduğu vaxt onu hədələyərək, külli miqdarda pul alması haqqında redaksiyamıza məktub yazıb.

Filial direktoru bildirib ki, bununla bağlı prezidentin qəbuluna da düşməyə hazırlaşır.

Modern.az saytı məktubu təqdim edir.

“Mən, Qaragedəyev Sadəddin Allahverdi oğlu Qobustan rayonunun Ərəbqədim kəndində doğulmuşam, Qobustan şəhərinin Yeni Massivində yaşayıram. Hazırda “KapitalBank” ASC-nin Qobustan filialının direktoru vəzifəsində işləyirəm. Fəaliyyətim dövründə qanunlara riayət etməklə, sadə və şərəfli ömür yaşamışam.

Təxminən 3 ay əvvəl müalicə almaq üçün İrana getdim. Bu zaman istifadəmdə olan xidməti avtomobilimi yaşadığım Qobustan şəhərindəki evimin həyətində saxlamışdım. Evdə olmadığımdan avtomobildən istifadə edən oğlum Namiq məndən icazəsiz həmin maşını sürərək mağazaya getmiş, çörək almaq istəmiş, bu zaman yüngül yol nəqliyyat hadisəsi törətmişdir”.

S.Qaragedəyev bildirib ki, bu xəbəri eşidən Milli Təhlükəsizlik Nazirliyinin Qobustan rayon şöbəsinin rəisi mayor Əfqan Məmmədov əvvəlcə oğlu Namiqi, sonra isə onu iş yerinə çağıraraq izahatlarını alıb.

“Sonra oğlumu və məni hədələyərək bu faktın “KapitalBank”ın rəhbərliyindən gizlədilməsi üçün rüşvət tələb etdi. O, dönə-dönə bildirirdi ki, əgər ona istədiyi 10 min dollar rüşvəti verməsəm, məni və oğlumu həbs etdirəcək, məni işdən qovduracaq. Əfqan Məmmədova pulumun olmadığını desəm də, o, nazir Eldar Mahmudovun və idarə rəisi Akif Çovdarovun yaxın adamı olduğunu deyərək, məni qorxudurdu.

Hər gün mobil, ev və iş telefonlarıma zəng edərək məni hədələdi. Hətta getdikcə təhqirlərə keçirdi. Şəxsiyyətimi alçaldan sözlərlə ailəmi və məni qorxu içində saxlayırdı. Oğlumu həbsxanaya saldırmaq istəyirdi. Mənimlə söhbət edərkən hətta qardaşımın da ailəsi ilə maraqlanırdı, onun arvadının əxlaqsız olduğunu deyirdi.

Nəhayət, mən ailəmə görə iri məbləğdə borca girərək, 9 min dollar götürüb MTN-in Qobustan şöbəsinin rəisi Əfqan Məmmədovun iş otağına getdim və şəxsən rüşvəti ona verdim.

Əfqan Məmmədov 1000 dolların çatmadığını bildirsə də, mən bundan başqa məbləğ tapa bilmədiyimi söylədim və sonunda o, razılaşıb 9 min dolları məndən aldı”.

Əfqan Məmmədovun çox insafsız və qəddar adam olduğunu deyən zərərkən vurğulayıb ki, onun üçün müqəddəs heç nə yoxdur və rayona gəldiyi gündən insanları şərləyib rüşvət yığır, təhqir edir, qorxudur.

“Cəmiyyət içində özünü apara bilmir. Mən milli təhlükəsizlik nazirinin birinci müavini cənab Mədət Quliyevə bu barədə ərizə ilə müraciət etmişəm. Lakin bu günədək bir cavab verilmədi və Əfqan Məmmədov məndən rüşvət kimi götürdüyü 9 min dolları qaytarmadı.

Həm də məlumunuz olsun ki, Əfqan Məmmədov Qobustan şəhərində yanacaqdoldurma məntəqəsi işlədir, rayonda iri təsərrüfatlar yaradıb bizneslə məşğul olur. Onun 100 hektarlıq əkin sahəsi, şəxsi traktorları və başqa texnikaları var. Məncə hüquq-mühafizə orqanı əməkdaşı belə işlər görə bilməz. Əfqan Məmmədov rayondakı bir neçə idarənin işçilərinin maaş kartlarını özündə saxlayır və onların maaşlarını özünə götürür.

O, MTN-in Qobustan şöbəsinin arxasında 24 sotluq ərazidə özünə şəxsi ev tikdirir. Bundan əlavə, rayondakı bəzi qadınlara qarşı əxlaqsız hərəkətlərini gerçəkdirmək üçün onları şantaj edir”.

Geri qayıt