Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Kollektiv qohum-əqrəbadan ibarət olanda...
Kollektiv qohum-əqrəbadan ibarət olanda...11-12-2015, 11:35 |
Bu gün paytaxtda lazımi qədər stomatoloji klinika fəaliyyət göstərməkdədir. Bu cür səhiyyə ocaqlarının sayı günü-gündən artmaqdadır. Bizə verilən məlumatlara əsasən deyə bilərik ki, stomatoloji klinikaların əksəriyyətinin fəaliyyəti qənaətbəxş deyil. Belə ki, diş klinikalarının işində ciddi nöqsanlar mövcuddur. Bu gün stomatoloji klinikaların vəziyyətinin araşdırılmasına ehtiyac olduğu təqdirdə, bu tibb ocaqları diqqətdən kənarda qalıb. Qeyd edək ki, səhiyyə sahəsində baş verən hər hansı bir ciddi nöqsanla bağlı redaksiyamıza kifayət qədər informasiyalar gəlir. Budəfəki şikayət isə Nərimanov rayonu ərazisində yerləşən Respublika Uşaq Stomatoloji mərkəzi ilə bağlıdır. Qeyd edək ki, mərkəzin baş həkimi Rafael Sultanovdur. Bizə verilən məlumatlarda qeyd olunur ki, Uşaq Stomatoloji Mərkəzində xəstələrin müalicəsi üçün əlverişli şərait yaradılmayıb. Övladlarını sözügedən xəstəxanaya gətirən valideynlər stomatoloji klinikada bir sıra problemlərlə üzləşdiklərini bildirirlər. Belə ki, hər kəsə məlumdur ki, dövlət xəstəxanalarında tibbi xidmət pulsuz olmalıdır. Lakin Rafael Sultanovun rəhbərlik etdiyi tibb ocağında vəziyyət tamamilə fərqlidir. Belə ki, ora müraciət edən valideynlər gərək həkimə mütləq nəsə versinlər. Əks halda xəstəyə qarşı münasibət o qədər də yaxşı olmur. Həkimlər işlərinə qarşı məsuliyyətsizlik nümayiş etdirir. Sanki xəstəni başdansovdu müayinə edirlər. Ona görə də bu münasibəti görən valideynlər övladlarına yaxşı xidmət göstərsinlər deyə həkimlərə şirinlik vermək məcburiyyətində qalırlar. Bizə verilən informasiyalarda qeyd olunur ki, həkimlərə tapşırıq baş həkimdən gəlir. Belə ki, baş həkim orada çalışan həkimlərdən hər ay haqq tələb edir. Ona görə də həkimlər də xəstələrin əlinə baxmağa məcbur olurlar. Deyilənə görə, baş həkimin bu şərti bəzi həkimlərin xoşuna gəlmədiyindən işdən ayrılıblar. Lakin yerdə qalan həkimlər isə işlərini itirməmək üçün Rafael Sultanovun əmrlərinə tabe olmaqdan başqa çıxış yolu tapmayıblar. Mənbə bildirir ki, baş həkim rəhbərlik etdiyi tibb ocağına öz yaxınlarını yığıb. Ona görə də baş həkimin dedikləri həkimlər üçün qanun sayılır. Bizə daxil olan informasiyalarda o da qeyd olunur ki, sözügedən stomatoloji klinikada kifayət qədər həkim yoxdur. Belə ki, baş həkim həmin həkimlərin yerinə öz yaxın adamlarının adını yazaraq onların əmək haqqını da özününküləşdirir. Bütün bunlar onu göstərir ki, baş həkim yalnız və yalnız əlavə qazanc mənbəyi axtarışındadır. Bundan başqa orada istifadə olunan iynə, eləcə də dərman preparatlarının həddindən artıq keyfiyyətsiz olduğu deyilir. Stomatoloqlar çox zaman nə əlcək taxırlar, nə də xalat geyinirlər. Hətta sözügedən diş kabinetində aparatlardan bir neçə adam üçün istifadə edildikdən sonra dezinfeksiya olunduğu deyilir. Tibbin bütün sahələrində, xüsusən də stomatologiyada sterilizasiya, tibbi alətlərin təmiz olması vacibdir. Stomatoloji kabinentlərdə ümumiyyətlə, sterilizasiya gözlənilmir. Bu sterillik isə müəyyən bilik və bacarıqlar tələb edir. Gərək kabinentlərdə işləyən stomatoloqlar bunu dəqiq bilsinlər. Onların elmi bilikləri buna imkan verməlidir. Məlum olduğu kimi bu gün respublikamızın səhiyyə sistemində həyata keçirilən əsaslı islahatlar Azərbaycanın bu sahədə hələ də uyğunlaşa bilmədiyi beynəlxalq standartlar səviyyəsinə yaxınlaşması məqsədini güdür. Lakin etiraf etməliyik ki, tibb elminin müxtəlif sahələrində dünya səviyyəsində tanınmış, görkəmli alimlərimizin, həkimlərimizin olmasına baxmayaraq ümumilikdə ölkənin səhiyyə sistemində vəziyyət hələ də ürəkaçan deyildir. Təbii ki, tibb müəssisələrimizə Rafael Sultanov kimi kadrlar rəhbərlik etdikcə, səhiyyəmizin inkişafını gözləmək əbəs olacaq. Ümid edirik ki, ölkənin Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən Uşaq stomatoloji poliklinikasında yaranmış vəziyyətə aydınlıq gətirmək üçün müvafiq işlər görüləcək. Geri qayıt |