Əsas Səhifə > Güney Press, Şou-biznes > Tanınmış aparıcını metroda döymək istədilər
Tanınmış aparıcını metroda döymək istədilər12-12-2015, 10:00 |
Çox vaxt ictimai nəqliyyatda yaşanan problemlər mətbuatın da gündəminə gəlir. Həm sərnişinlər, həm də sürücülər arasında baş verən konflikt bəzən xoşagəlməz sonluqla nəticələnir. Axar.az ictimai nəqliyyatdakı problemlər haqda sənət adamlarına belə bir sualla müraciət edib: “Sonuncu dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisiniz və hansı xoşagəlməz hallarla qarşılaşmısınız?” Rejissor Kənan M.M-in fikrincə, böyük şəhərlərdə tıxac, insan sıxlığı olması təbiidir: “5-6 il bundan əvvəl ölkəyə çox güclü qar yağmışdı. Maşınla getmək heç cür mümkün deyildi. Məcbur olub metroya mindim. Orada işləyən xanıma 1 manat pul uzatdım ki, jeton versin. Mənə qayıdıb dedi ki, zarafat edirsən? Jeton 10 ildir yığışdırılıb. Buna baxmayaraq, ictimai nəqliyyatdan istifadə etməyi sevirəm. Ona görə də Türkiyədə gözümün qurdunu öldürüm deyə, tez-tez metrodan, avtobusdan, gəmidən istifadə edirəm. Bizim nəqliyyatda insanlar arasında çox problem yaşanır. Bakı böyük şəhərdir, əslində, belə problemlərin olması təbiidir. Əgər sən böyük şəhərdəsənsə, yollarda tıxac, avtobuslarda sıxlıq olması qaçılmazdır”. Müğənni Xatirə İslam ictimai nəqliyyatdakı xoşagəlməz halları sürücülərin gərgin iş rejiminə bağlayır: “Axırıncı dəfə bir ay bundan əvvəl Rusiyada olarkən metrodan istifadə etmişəm. Burada isə uzun müddətdir ictimai nəqliyyatdan istifadə etmirəm. Çünki istər-istəməz tanındığım üçün bir az narahat oluram. Nəqliyyatda olan problemlərə gəldikdə isə mən onları qınamıram. Əsasən, problem avtobus sürücüləri ilə sərnişinlər arasında yaranır. Bu da onların səhər 7-dən axşama kimi gərgin iş şəraitində işləməsindən irəli gəlir”. Aparıcı İlkin Həsəni “BakuBus” avtobuslarından sonra vəziyyətin nisbətən düzəldiyini bildirib: “Ən son bir neçə ay bundan əvvəl “BakuBus” avtobuslarından istifadə etmişəm. Çox xoşuma gəlib. Bildiyiniz kimi, əvvəlki avtobuslarda vəziyyət bərbad idi. “BakuBus”da isə həm sərnişinlər, həm də sürücülər etik qaydalar çərçivəsində davranırlar. Xaricə gedəndə oradakı sürətli qatarlardan istifadə edirəm. Bizdə də onlardan olmasını istərdim. Düzdür, indi Sumqayıtda sürətli qatar var, amma təəssüf ki, yetərincə sürətli deyil”. Rəqqasə Oksana Rəsulova da ictimai nəqliyyatdakı problemlərdən şikayətçidir: “Axırıncı dəfə metrodan istifadə etmişəm. Düzdür, ictimai nəqliyyatda çox problemlər olur. Özümə qarşı olmasa da, nəqliyyatda bəzi adamların aqressiv davranışlarına şahid olmuşam. Bu, çox xoşagəlməz haldır”. Aparıcı Cavid Gül nəqliyyatda başına gələn problemdən söz açıb: “Ən son yayda Avropa Oyunları zamanı metrodan istifadə etdim. Nəqliyyatdakı problemlərlə mən də qarşılaşmışam. Hətta bir dəfə bir şəxs metroda “Niyə bu tərəfə baxırsan?” - deyib, mənimlə dava etmək istəyirdi”. Geri qayıt |