Əsas Səhifə > Güney Press, Reklam > “Nə vaxtsa prezident olacağımı düşünmürdüm”

“Nə vaxtsa prezident olacağımı düşünmürdüm”


6-01-2016, 13:49
“Nə vaxtsa prezident olacağımı düşünmürdüm”
Müsahibimiz Azərbaycanın iqtisadiyyatında xüsusi payı olan, milyonlarla abunəçinin etimadını qazanmış və ölkənin ən iri telekommunikasiya şirkətinə rəhbərlik edir. Bu vaxta qədər də işgüzar həyatının 10 ilini həmin şirkətdə keçirib.

Söhbət əlbəttə ki, Azercell-dən və onun indiki prezidenti Vahid Mürsəliyevdən gedir. Lakin Azercell kimi böyük korporasiyanı idarə edən bu şəxs barəsində internetdə çox az məlumat tapmaq olar.
Bəs Vahid Mürsəliyev kimdir, necə adamdır və ən əsası, özü özünü necə insan kimi xarakterizə edərdi? Vahid Mürsəliyevlə görüşdə ilk sualı elə bu cür də səsləndirdik:

-Vahid Mürsəliyev kimdir? Adətən özünüzü təqdim edəndə necə tanıdırsınız?

- İndiki vəzifəmi bilirsiniz – “Azercell” şirkətinin prezidenti. 2005-ci ilin avqustundan bu şirkətdə Hüquq bölməsinin rəhbəri kimi işə başlamışam. Cəmi 8 ay sonra həmin bölmə “Hüquq və müqavilə idarətetmə” şöbəsinə çevrildi. Daha sonra Hüquq və idarə işləri departamentinin direktoru və prezidentin baş müşaviri təyin edildim. 2015-ci yanvarın 5-dən isə bu vəzifələri saxlamaqla həm də prezidentin vəzifələrinin icraçısı qismində işlədim. Təsisçilərin ümumi yığıncağının qərarı ilə 2015-ci il dekabrın 1-dən şirkətin prezidenti təyin olunmuşam.
Neft sənayesindən telekommunikasiya sektoruna

-Peşəkar hüquqşünassınız. Azercell-dən öncəki fəaliyyətiniz hansı sahədə olub?

-Uzun müddət neft sənayesində çalışmışam. 1984-cü ildən Neft Daşlarında operator kimi işləmişəm. 7 il sərasər fəhləlikdən sonra bir il həmkarlar komitəsində təlimatçı kimi çalışmışam.

1992-ci ilin yayında isə sırf təsadüf nəticəsində “Azərineft” dövlət konsernindən təklif aldım. Neft Daşlarında o zamankı, şirkət rəhbərliyinin iştirakı ilə keçirilən bir iclasdakı çıxışım həmin vaxt prezident olan Sənan Əlizadənin çox xoşuna gəlmişdi. Görüşdən dərhal sonra mənə xəbər göndərib işə çağırdılar.

Sonra isə Amerikanın “Mobil” şirkətindən iş təklifi aldım. O zamankı dövr üçün inanılmaz dərəcədə yüksək əmək haqqı, hətta mənim neft şirkətində aldığım maaşdan 10 dəfə artıq məbləğ təklif edildi. Təbii ki, razılaşdım. Bu işimlə paralel bir sıra digər şirkətlərlə hüquq məsləhətçisi kimi əməkdaşlıq edirdim.

Böyük Britaniya, ABŞ, Türkiyənin iri korporasiyaları ilə danışıqlar aparırdıq, müqavilələr imzalayırdıq. Ən iri neft layihələri – Bakı-Tbilisi-Ceyhan, həmçinin Bakı-Novorossiysk kəməri ilə bağlı işləyirdik. Mən həm kommersiya, həm də texniki qrupun üzvü olduğumdan, səfərlərim çox olurdu. Sonradan bu təcrübə çox köməyimə gəldi.
2000-2001-ci illərdə ABŞ-nin Klivlend şəhərində yerləşən və Amerikanın ən nüfuzlu universitetlərindən sayılan Case Western Reserve University də Korporativ İdarəetmə üzrə elmi-tədqiqat işləri aparırdım. Biznes idarəetməsi üzrə kurs da götürmüşdüm və kursun sonunda müvafiq sertifikat da aldım.

2005-ci ildə isə ABŞ-ın Çikaqo şəhərində yerləşən enerji sektorunda çalışan bir konsaltinq şirkətdə təcrübə mübadiləsi keçdim. Amerikadan gələndən iki gün sonra Azercell-dən iş təklifi aldım. İlk dəfə imtina etdim, çünki işim məni qane edirdi. Amma ikinci dəfə zəng edən xanım daha çox israrlı oldu və məni ilkin müsahibəyə getmək üçün inandıra bildi. Bir neçə görüşdən sonra, 2005-ci ilin avqust ayının 12-dən etibarən artıq Azercell-də işə başladım.

-2005-ci ildə neft-qaz sənayesində perspektivli bir işdən qəflətən çıxıb profili dəyişmək, tamamilə fərqli telekommunikasiya sektoruna gəlmək riskli deyildimi?

-Bəlkə də eləydi. Həmin vaxt mənim yanımda kimsə “tezlik”, “arabağlantı müqaviləsi” desəydi, nömrə daşınmasından danışsaydı, ən azından təəccüb edərdim. Amma bura gəldikdən sonra telekommunikasiya sektorunun nə qədər maraqlı bir sahə olduğunu bildim. Sözün düzü, çox şey öyrəndim, tamamilə yeni bir sahənin mütəxəssisi oldum.

Düzdür, neft şirkətində işlədiyim illərdə mən tez-tez xarici ölkələrdə ezamiyyətdə olur, böyük şirkətlər, beynəlxalq korporasiyalarla keçirilən görüşlərdə, aparılan müzakirələrdə iştirak edirdim və bunun sayəsində də müəyyən beynəlxalq təcrübə toplamışdım. Amma Azercell-də işə başlamaqla birbaşa beynəlxalq bir korporasiyanın bir hissəsi oldum. Mən hələ ABŞ-nin Klivlend şəhərində Korporativ İdarəetmə üzrə elmi-tədqiqat işləri apararkən dünyanın müxtəlif ölkələrinin təcrübəsini öyrənmiş və böyük şirkətlərdə, korporasiyalarda Müşahidə Şurası, Direktorlar Şurası və digər ali idarəçilik orqanlarının fəaliyyəti və idarəçilikdəki rolu ilə tanış olmuşdum.

Azərbaycanda hələ bu sistem formalaşmasa da, Azercell-də artıq korporativ idarəetmə mövcud idi. Çünki Azercell TeliaSonera kimi iri bir korporasiyanın tərkib hissəsi, dünya korporativ idarəetmə sisteminin bir parçası idi və onlara uyğun daxili qaydalarla idarə olunurdu.

İlk işim şirkətin təsis sənədlərini öyrənməkdən ibarət oldu. Mövcud Müqavilə layihələrinə dəyişiklik etdik, hüquq və müqavilə idarəetmə funksiyalarını birləşdirdik və saat mexanizmi kimi çalışan gözəl bir departament yaratdıq. Onu da qeyd edim ki, hələ o vaxtdan şirkətimizin hüquq şöbəsində çox güclü hüquqşünaslar və müqavilə mütəxəssisləri var idi. Məhz onların köməyi və yaradıcılıq bacarıqları ilə TeliaSonera Avrasiya şirkətləri arasında, hətta bəlkə də Avropada ən yaxşı Müqavilə İdarəetmə sistemi qurduq.

Mən tam əminliklə deyə bilərəm ki, bu sistem bu gün də TeliaSonera Avrasiya regionunda ən yaxşısıdır. Burada darıxmaq şansı yox idi. Öyrənmək üçün çox işləmək lazım idi. Mən işlədiyim mühitdə, kollektivdə heç vaxt kimdənsə geri qalmağı xoşlamamışam, həmişə çalışmışam ki, ən yaxşısı və ya ən yaxşılarından biri olum. Bu istəyimə nə qədər nail oluram, bunu bilmirəm, amma həmişə buna cəhd edirəm.

-Bəs həmin vaxt şirkətə hüquqşünas kimi gəlib yekunda prezident olacağınızı düşünürdüzmü? Belə bir hədəf var idimi?

-Səmimi deyirəm – yox. Ümumiyyətlə, həmin dövrlərdə şirkətə yerli kadrların rəhbər təyin olunması təcrübəsi yox idi. Mən hüquq şöbəsinin rəhbəri kimi böyük məsuliyyət altına girdim. Şirkətdə hüquq departamentinin yükünü artırmağı düşünürdüm. Amerikada nəinki şirkətin, az qala hər bir ailənin də vəkili var və o baxmadan, heç kim vəkilin razılığı olmadan, heç bir sənədə imza atmır. Azercell-də də buna nail oldum ki, rəsmi sənəd kimi tanınacaq hər bir kağızın təsdiqlənməsi üçün hüququn razılığı olmalıdır.

Əminliklə deyə bilərəm ki, bütün bu görülən işlərdən sonra Avrasiya regionunda ən güclü hüquq departamenti Azercell-də oldu.

-Şirkətə yerli vətəndaşların rəhbər təyin olunmaması nə ilə əlaqədar idi?

-Bu, məncə inamsızlıqdan irəli gəlmirdi. Sadəcə o zaman, görünür ki, bu hal korporasiyanın daxili qaydalarına uyğun olaraq mövcud idi. Digər tərəfdən, telekommunikasiya Azərbaycan üçün yeni sektor idi və bu sahəni inkişaf etdirmək üçün xarici mütəxəssislərə ehtiyac var idi. Onlar da Azərbaycanda bu sahəyə yerli kadrlar cəlb edərək peşəkar kimi yetişdirirdilər. Sonradan həmin yerli mütəxəssislərin bir qismi şirkətdə rəhbər vəzifələrə qədər yüksəldilər. Mən Azercell-ə gələndə, burada artıq rəhbərlikdə yerli mütəxəssislərin sayı kifayət qədər idi. Sadəcə maliyyə şöbəsi və texniki şöbənin direktorları Türkiyə vətəndaşları idi.

İndi isə nəinki Azercell-də hətta TeliaSoneranın Avrasiya regionundakı şirkətlərində Azercell-dən çıxmış bir çox kadrlar yüksək vəzifələr tuturlar.

Fikrimcə, mənim prezident seçilməyim də həmin tendensiyanın davamıdır. İndi bizim çox gözəl, güclü kollektivimiz formalaşıb. Mən inanıram ki, hal-hazırda Azercell-in rəhbərliyində olan hər bir şəxs bu şirkəti yüksək peşəkarlıqla idarə edə bilər. Görünür, bu məqamda məhz mənim namizədliyimin verilməsi bir qismət imiş.

-Vahid müəllim, özünüzü necə insan kimi xarakterizə edərdiniz?

-Bu, mənim üçün ən çətin işlərdən biridir – özümə qiymət vermək. Zəif cəhətlərimi deyə bilərəm. Məsələn, həddindən artıq ürəyiyumşaq insanam. Ona görə də hüquqşünas olduğuma baxmayaraq, heç vaxt hüquq-mühafizə orqanlarında işləyə bilməzdim. Daim insanlara bacardığım qədər yaxşılıq eləməyə çalışıram. Bəzən özümə qarşı pislik görəndə belə, heç vaxt qisas hissi ilə yaşamıram. Dindar olmasam da ALLAHA çox inandığım üçün, insanın hər bir əməlinin, fərqi yoxdur, istər pis, istərsə də yaxşı, cavabının məhz ONUN tərəfindən veriləcəyinə adım kimi əminəm.

Mənim üçün ictimai fikir, ətrafdakıların nə düşündüyü çox önəmlidir. Bəlkə də bu, mənim zəif cəhətimdir. Mən təsəvvür edə bilmirəm ki, insanın gözünün içinə baxaraq necə yalan danışmaq olar.

Ən peşəkar tibb bacısından da yaxşı iynə vururam

-Mütaliəni xoşlayırsızmı?

-Obrazlı danışsaq, yerdə yox, göydə mütaliə edirəm. Kitab oxumağı çox sevirəm, amma düzü, vaxt çatdırmıram. İşimizin xarakterinə görə çox vaxt ezamiyyətdə oluram və çox uçuram. Təyyarədə yata bilmədiyimdən, vaxtımı mütaliəyə sərf edirəm. Adətən Çingiz Abdullayevin əsərlərini oxuyuram. O, yazmaqdan yorulmur, mən də oxumaqdan.

Evdə boş vaxtlarımda isə tar çalıram. Musiqi təhsilim var və qonaq otağına keçib özüm üçün tar çalmağı xoşlayıram. Elə vaxtlar olub ki, televiziyaya da çıxmışam. Bir ansamblda ud çalmışam, hətta gitarada solo çıxışım da olub.

-Vahid müəllim, danışdıqca daha çox maraqlı faktlar açıqlayırsız. Ayrı nələr var?

- (Gülür) Beşinci sinifdə oxuyandan bəri iynə vurmağı bacarıram. Hazırda Azərbaycanda ən peşəkar tibb bacısından yaxşı iynə vura bilərəm. O vaxt kənddə yaşayanda rəhmətlik anam mənə iynə vurmağı öyrətdi ki, hərdənbir onun özünə iynə vurmaq lazım gələndə tibb bacısı axtarmasın. Ailə qurandan sonra da evdə uşaqlar xəstələnəndə öyrəşmişdilər, ancaq mənə icazə verirdilər ki, onlara iynə vurum.

-Deməli, kənddə böyümüsünüz. Şəhər həyatına keçid necə baş verdi?

-Bəli, İsmayıllı rayonunun Mican kəndində sadə və yoxsul ziyalı ailəsində doğulub böyümüşəm. Məktəbə gedənə qədər atamışişi ilə əlaqədar olaraq bir müddət Axsu, bir müddət də Şamaxı rayonlarında yaşamışıq. Sonra məktəb yaşlarımda təkrar İsmayıllı rayonuna qayıtmışıq.

Əvvəl kəndimizin 8 illik məktəbini, daha sonra isə yenicə açılmış İsmayıllı şəhər 3 saylı orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsinə daxil oldum. Onu da deyim ki, orta məktəbi bitirən zaman qızıl medal almağa iki namizəddən biri idim, amma medalı, tamamilə haqq edərək, başqa bir məktəb yoldaşım aldı. O şəxs, dəqiq elmləri məndən daha yaxşı bilirdi.

Ötən əsrin 80-ci illərdə ümummilli liderimiz Heydər Əliyev (ALLAH ona rəhmət eləsin) hüquq fakültəsini şəxsi nəzarətə götürmüşdü. O vaxt hüquq-mühafizə orqanlarında işləyənlərin, ticarətçilərin, yüksək vəzifəlilərin övladları o fakültəyə sənəd verə bilməzdi. Mən də sadə bir ailənin uşağı kim sənəd verib qəbul ola bildim. Çox yoxsulluq çəkirdik. Təhsil aldığım illərdə elə gün olub ki, gündə iki dəfə yeməyə belə, pulum çatmayıb. Elə gecəm olub ki, gecələməyə yerim olmayıb və dəmiryol vağzalında gecələməli olmuşam.

-Demək, hər şey insanın özündən asılıdır? Axı bizdə belə bir əminlik var ki, Azərbaycanda hansısa işdə uğur qazanmaq üçün tanış olmalıdır?

-İnsanın məqsədi, iradəsi, mübarizə aparmaq qabiliyyəti varsa, özünə yol açır. Bir qədər şans məsələsi də var. Amma əsasən yerdə qalanlar bəhanədir.

Məktəbdə oxuduğum illərdə İvanovkaya yay düşərgəsinə gedirdim ki, rus dilini öyrənim. 9-10-cu sinifdə oxuyurdum, gecənin bir yarısınadək oturub gözləyirdim ki, o zaman üçün dünyanın ən görkəmli siyasətçilərindən biri, keçmiş SSRİ xarici işlər naziri Qromıkonun mətbuat konfransını dinləyim. Həmin illər SSRİ ilə ABŞ arasında Strateji silahlanmanın məhdudlaşdırılması ilə bağlı danışıqların hər sözünü əzbərləmişdim.

18-19 yaşlarımda SSRİ-nin hərbi dəniz donanmalarının sualtı qayıqlarının texniki və hərbi imkanlarını böyük həvəslə öyrənirdim.

Plato deyirdi ki, uğur heç kimin ardınca getmir. Ali təhsilli hüquqşünas olduğum halda 7-8 il Neft Daşlarında fəhlə işləmişəm. Lakin yuxarıda dediyim kimi, bir təsadüfə görə neft şirkətində işləməyə başladım. Amma arxayın olmadım, tənbəllik etmədim, ingilis dilini öyrəndim.

Düşünmürəm ki, insanın yüksəlməsi üçün mütləq tanışı, kiminsə yardımı olmalıdır. Əlbəttə kiminsə zəmanəti hansısa bir məqamda ciddi şəkildə kömək edə, insanın həyatını əsaslı surətdə dəyişə bilər. Amma müəyyən pillə var ki, ora insan öz gücünə gəlib çıxa bilər, əlavə dəstəyə ehtiyac yoxdur. Zəhmətin itməsi qeyri-mümkündür. Mən övladlarıma da daim bu öyüd-nəsihəti vermişəm. Onları inandırmışam ki, insan mütləq zəhmətinin bəhrəsini görür.

-Onlar da sizin kimi zəhmətkeş və əzmkardırlar?

-İki oğlum var. Böyük oğlumun 26 yaşı var, Amerikada marketinq menecmentliyində karyerasını qurub, çox böyük və tanınmış bir şirkətdə işləyir. Kiçik oğlum bakalavr və magistratura təhsilini Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyada alıb. Mənim övladlarım çox maraqlı, tərbiyəli və dürüst uşaqlardır. Özlərindən böyük bütün insanlara, hətta mənə də Siz deyə müraciət edirlər. Onlar nəinki valideynə, heç bir insana yalan danışmağı ağıllarından belə keçirməzlər. Onları son dərəcə nəfsi tox böyütmüşəm, nəzarətdə saxlamağı çalışmışam. O baxımdan, uşaqlarımdan nigaran deyiləm.

-Yeri gəlmişkən, Azercell-in kollektivi həmişə bacarıqlı və gənc kadrları ilə seçilib. Gənclərlə işləmək sizin üçün nə deməkdir? Ümumiyyətlə, müasir gənclikdə kifayət qədər əzmkarlıq varmı?

-Keçid dövründə gənclərimizdə aşılanmaya doğru meyllər hiss olunurdu. Lakin dövlət bu prosesin qarşısını almaq üçün çox işlər gördü. Bu baxımdan, gənclərin xarici ölkələrdə təhsilinə dair dövlət proqramının çox böyük əhəmiyyəti oldu. Bayaq qeyd etdiyim kimi, mənim kiçik oğlum SOCAR-ın dəstəyilə təhsil alıb. Onun ətrafındakı gənclərdən də, elə öz şirkətimizdən də görürəm ki, artıq yaxşılığa doğru ciddi dəyişikliklər var. Çox istedadlı gənclərimiz var. Azercell-in Barama İnnovasiya Mərkəzinə gələn startaplar arasında elələri olur ki, bizə yaxşı mənada sürpriz olur. Hesab edirəm ki, dövlətimizin qayğısı sayəsində çox yaxşı mənada dəyişikliklər davam edəcəkdir.

Gənclərə tövsiyyəm o olardı ki, vətənpərvər olsunlar,dövlətimizi, Vətənimizi sevsinlər, ümummilli liderimiz Heydər Əliyev demişkən: “Azərbaycanlı olmaları ilə fəxr etsinlər”, təhsilə, elmə can atsınlar. Pis əməllərdən, qeybətdən və paxıllıqdan uzaq olsunlar.

-Azercell elə bir şirkətdir ki, hər gün milyonlarla insan onun xidmətlərindən istifadə edir. Yəqin ki, narazılıqlar, tənqidlər olur. Haqsız tənqidlə üzləşəndə reaksiyanız necə olur?

- Obyektiv tənqidlər də olur, müştəri şikayətləri də. Azercell-in 4,5 milyon abunəçisi var, onlar arasında mütləq narazıları olacaq. Onların müraciətlərini heç vaxt cavabsız qoymuruq. Mediada da bəzən yanlış məlumatlar gedir, təkzib veririk. Amma bəzən yersiz məqalələr yazılır, ümumiyyətlə həqiqətdən uzaq iddialar səsləndirilir. Bu yaxınlarda hansısa sayt bizi PKK ilə əlaqələndirməyə çalışmışdı.

Guya PKK-çılar Türkiyə xüsusi xidmət orqanlarından gizlənmək üçün Azercell nömrələri işlədirlər. Onda elə çıxır ki, Mercedes -də gəzən terrorçuların həmin şirkətlə yaxınlığı var? Yaxud təyyarədə bir yerdən başqa yerə uçan terroçuların Boinq şirkətinin rəhbəri ilə hər hansı bir əlaqəsi var? Biz adətən bu tipli yazılara heç reaksiya da vermirik.

-Maraqlıdır, nömrəniz gecə-gündüz açıqdırmı? Özünüz gündə neçə saat telefonla danışırsınız?

-İşimiz dinamikdir, Müştərilərimiz 24 saat xidmətlərimizdən istifadə edirlərsə, bizim telefonlar da açıq olmalıdır. Elə bu səbəbdən, Azərbaycanda ilk dəfə olaraq 24 saat fasiləsiz işləyən müştəri xidmətləri Azercell tərəfindən yaradıldı.

Özüm isə işdən asılı olaraq, gündə 1-2 saata qədər telefonla danışa bilərəm.

-Bu il TeliaSoneranın Avrasiya məkanından imtina etməsi haqqında xəbər yayıldı. Bildiyimiz qədər artıq Tukcell şirkəti Azercell-i almaqda maraqlı olduğunu bildirib? Bu sahədə hansı yenilik var?

-TeliaSonera “Fintur holdinq” çərçivəsində 4 şirkətə – Qazaxıstandakı Kcell, Moldovadakı Moldcell, Gürcüstandakı Geocell və Azercell-i idarə edir. Turkcell “Fintur Holdinq”də ikinci təsisçidir. Beynəlxalq hüquqda ilkin imtina hüququ var. Əgər təsisçilərdən biri öz hissəsini satmaq istəyirsə, ilk olaraq o hissələri digər təsisçiyə təklif edir və ya başqa cür desək, belə halda almaq hüququ ilk olaraq digər təsisçiyə aiddir. Bir neçə həftə əvvəl Turkcell rəsmi press-reliz yaydı ki, TeliaSoneranın Finturdakı hissəsini almaq üçün rəsmi təklif irəli sürüb. Bu, sırf təsisçilərin məsələsidir. Əminəm ki, bu məsələdə hansısa nəticə olan kimi TeliaSonera ictimaiyyətə açıqlama verəcək.

-2016-cı ildə Azercell bazara hansı təkliflərlə çıxacaq?

-Bütün kartları açmaq istəmirəm, amma ümumi olaraq deyə bilərəm ki, əvvəlki illərdə olduğu kimi yenə də Azərbaycana yeni texnologiyaları gətirəcəyik, yeni xidmətlər və kampaniyalarla bazara çıxacağıq. Əsasən regionlarda 3G və 4G şəbəkəsini genişləndirməyi planlaşdırırıq. Mobil İnterneti hamı üçün əlçatan etməyi qarşımıza məqsəd qoymuşuq. Azercell-in təqdim etdiyi Mobil internetdən istifadə gün-gündən artır. Eyni zamanda isə biz qiymətləri də aşağı salırıq.

Azərbaycanda interneti yaymaq və abunəçilərimiz üçün bu servisdən istifadəni əlverişli və rahat etmək üçün bir müddət gəlirlərimizin aşağı düşməsi bizi qorxuzmur. Tək 2015 ərzində biz mobil internet tariflərində 55% yaxın endirim etdik. Əminliklə deyə bilərəm ki, bu gün Azercell bazarda qiymət- keyfiyyət baxımından ən sərfəli Mobil İnternet təklif edir.

-Bəs bir neçə gün öncə baş verən devalvasiya şirkətin fəaliyyətinə və tariflərə hansısa formada təsir edəcəkmi?

-Təbii, hər kəsi çətin dövr gözləyir. Lakin şirkətin strategiyasında müştəri məmnuniyyəti daim prioritetdir. Odur ki, müştərilərimizi nə qiymət, nə də xidmət baxımından incitməyəcəyik. Təsisçilərin dəyişməsi şirkətin fəaliyyətinə təsir göstərməyəcək. Hazırda 4.5 milyon insan bizi tərcih edir, bazarın 48 faizindən çoxu Azercell-ə aiddir və bu payı artırmağa çalışırıq.

-Adi fəhlədən prezidentliyə qədər yol keçmisiz. Bu gün sizin üçün Azercell nə deməkdir?

-Azercell bu gün həyatımın bir parçasıdır. Eyni zamanda, mən də özümü Azercell-in bir hissəsi hesab edirəm. Bu gün Azercell Azərbaycanda ən nümunəvi şirkətlərdən biridir. Bura çox böyük məktəbdir. Azercell-in bazarda lider pozisiyasını qoruyub saxlamağa çalışacağıq.

Geri qayıt