Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Eldar Mahmudovun həbsi gündəmə gəldi - "Akula" danışdı?
Eldar Mahmudovun həbsi gündəmə gəldi - "Akula" danışdı?12-01-2016, 12:16 |
Yaxın günlərdə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov həbs oluna bilər. Bu barədə Arqument.Az-a etibarlı mənbələrdən məlumat daxil olub. Mənbə bildirib ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor "Akula" ləqəbli Akif Çovdarov Eldar Mahmudovun əleyhinə ifadə verib. O etdiyi bütün cinayət əməllərinə görə sabiq MTN şefini günahlandırıb. Mənbənin sözlərinə görə, ilkin olaraq, MTN əməkdaşları barəsində başlanılan cinayət işinin maddələri (qanunsuz əməliyyat axtarış fəaliyyəti, vəziyə səlahiyyətlərini aşma və s.) konkret olaraq, telefonların qanunsuz dinlənilməsi səbəbindən başlanılmışdı. Ancaq mətbuata bu ittihamların mahiyyəti barədə ətraflı məlumat çıxmayıb. Halbuki Azərbaycan Respublikasının Baş prokurorunun rəsmi qərarı ilə həmin cinayət işi "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sirri statusuna (məhz dövlət sirri) keçirilib. Bundan sonra bütün proses iştirakçılardan həmin məlumatların yayılmaması ilə bağlı iltizam alınıb. Bu məlumat onu deməyə əsas verir ki, ittihamda məhz yüksək dairələrin, o cümlədən siyasi elitanın telefonların dinlənilməsi və audio yazısının aparılması məlumatları oturub. "Hazırda keçmiş nazirin həbsinin ləngidilməsi də bu məlumatların digər dairlərə ötürülüb-ötürülməməsinin aydınlaşdırılması ilə bağdır. Cinayət işinin dövlət sirri statusuna keçirdilməsi onu deməyə əsas verir ki, dinləmə aparılan şəxslər və dinləmə aparılmış məlumatlar strateji xarakterli, özü də dövlət sirri olan məlumatları ehtiva edirdi. Bura tək mobil və şəhər telefonların dinlənilməsi deyil, həmçinin Rabitə Nazirliyinin xüsusi rabitə xəttinin - hökümət xəttinin dinlənilməsi də daxil idi. Həmin xətt ilə aparılan danışıqlar isə həmişə təhlükəsiz hesab olunub", - mənbə iddia edib. Qeyd edək ki, Eldar Mahmudovla bağlı hökumət dairələrində səslənən fikirlər də deyilənlərin həqiqətəuyğunluğuna əsas verir. Məsələn, deputat Zahid Oruc Mahmudovu "xəyanət"də suçlamışdı. O açıqlamasında qeyd edirdi ki, Azərbaycan hökumətinin üzvləri haqqında məlumatlar, kompromatlar, onların daim müxtəlif "ifşa kampaniyalarına” məruz qoyulmasında MTN-nin rolu olub: "İndi bəlli olur ki, informasiya kütlələrinin müxtəlif dairələrə yönləndirilməsi hansı mənbələr hesabına baş verib. Lakin hökumətdə konkret olaraq kimlərin bu prosesə cəlb olunmasını təyin eləmək çox çətindir. Ancaq məlumatlara görə, təəssüf ki, bəzi başqa hökumət üzvlərindən də belə təsir altında olanlar və dırnaqarası hesablaşmağa vadar edilənlər olub”. Xatırladaq ki, bir müddət öncə ləğv olunmuş MTN-in "açar" fiqurlarından olan Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin sabiq MTN şefi Eldar Mahmudov və Akif Çovdarovla üzləşdirilməsi barədə məlumat vermişdik. Məlumatda bildirilirdi ki, İlqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə İlqar Əliyevin intihar xəbəri yayılıb. Mənbənin sözlərinə görə, ehtimal olunur ki, İlqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumtlara malik olduğu üçün aradan götürülüb. Çovdarovun isə Mahmudovun əleyhinə ifadə verdiyi barədə məlumatlar olsa da, bu barədə hələ ki, heç bir rəsmi açıqlama olmayıb. Hətta İlqar Əliyevin vəkili Rəşad Mehdizadə və Akif Çovdarovun vəkili Sadiq Rəsulov da Arqument.Az-a açıqlamasında məlumatın həqiqəti əks etdirmədiyini, belə bir üzləşmənin olmadığını bildiriblər. Mənbə isə Eldar Mahmudovun həbsinin qaçılmaz olduğunu, bir müddətdən sonra gerçəkləşəcəyini iddia edir. Ona görə də prosesin sonunu gözləməli olacağıq... Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Arqument.Az-ın İnformasiya şöbəsi Geri qayıt |