Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > ƏSMM sektorunda ən bərbad vəziyyət qaçqın rayonlardadır...

ƏSMM sektorunda ən bərbad vəziyyət qaçqın rayonlardadır...


15-01-2016, 11:51
ƏSMM sektorunda ən bərbad vəziyyət qaçqın rayonlardadır...
Bu günlərdə redaksiyamıza daxil olmuş daha bir vətəndaş müraciətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinin fəaliyyətindən şikayət olunur. Belə ki, bizimdovr.az-a müraciət edən vətəndaş Yaşar Nabatəliyev Zəngilan rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin direktoru Həsən Ələkbərovun öz işində yol verdiyi qanun pozuntularından, konkret olaraq ona qarşı irəli sürülmüş rüşvət tələblərindən bəhs edir. Sirr deyil ki, son zamanlar ümumiyyətlə ƏSM mərkəzlərinin əksəriyyətində baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları yenidən ölkə mətbuatında müzakirəyə çıxarılan aktual mövzulardan birinə çevrilmişdir.
Qəzetimizin ötən saylarında biz də dəfələrlə istər Bakıda, istərsə də rayonlarda fəaliyyət göstərən ƏSMM rəhbərləri tərəfindən yol verilən kobud qanun pozuntularından bəhs edən məlumatlar əsasında hazırlanmış tənqidi materiallar dərc etmişik. Lakin redaksiyamıza daxil olan məlumatlardan da aydın olur ki, bu mövzu hələ uzun müddət ictimaiyyətin diqqətini çəkərək gündəmdə qalmağa iddialıdır. O cümlədən müxtəlif vaxtlarda Zəngilan rayonunun sakinləri tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktublarında da Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən ƏSM mərkəzinin yarıtmaz işindən, mərkəzin fəaliyyəti nəticəsində bir çox vətəndaşların qarşılaşmalı olduqları hüquq pozuntularından və digər bu kimi neqativ hallardan bəhs edən açıqlamalar təqdim olunmuşdur. Məsələn, belə əlumatlardan bir qismində bildirilir ki, Zəngilan ƏSMM-nin direktoru Həsən Ələkbərov aztəminatlı vətəndaşların problemlərinə qarşı sərgilədiyi biganəliyə və törədilən maxinasiyaların miqyasına görə ölkə ərazisində fəaliyyət göstərən bir çox digər mərkəz rəhbərlərini xeyli geridə qoyur. Vurğulanır ki, plastik kartların tətbiq olunduğu vaxtdan əksər ƏSM mərkəzlərində çox yayılmış bir üsulla, kartların ilk altı ay (bəzi hallarda isə 3 ay) müddətində qanuni sahiblərindən saxlanılması yolu ilə aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi halları bu gün də Zəngilan ƏSMM-də davam etdirilir. Elə Yaşar Nabatəliyev də öz ərizəsində belə bir haqsızlıqla qarşılaşdığını bildirir: “Sosial yardım üçün bütün tələb olunan sənədləri təqsim etsəm də, Həsən Ələkbərov mənə bildirdi ki, mənə yardım düşmür. Onunla mübahisə etmək istədikdə isə, məni prokurorluqda işləyən oğlu Valeh Ələkbərovla hədələdi. Dedi ki, səni tutduraram. Sonra da sosial yardım yazmaq üçün məndən açıq-aşkar min manat pul istədi. Pulu verə bilmədiyim üçün yardım da ala bilmədim. Nəhayət, 6 ay bundan əvvəl Həsən Ələkbərovla razılığa gəlməli oldum. Sosial yardım kartı 3 ay mərkəzin direktorunda qaldı. Yalnız bundan sonra dövlətin mənə ayırdığı yardımı özüm almağa başladım...” Maraqlıdır ki, Yaşar Nabatəliyev öz ərizəsində Həsən Ələkbərovun hətta bank krediti almış vətəndaşlara da sosial yardım ayırdığını vurğulayır. Halbuki, qanunla buna icazə verilmir. Belə ki, banklar kredit verdikləri vətəndaşların ilk növbədə gəlir mənbələrini araşdırırlar və yalnız bundan sonra onlara kredit verirlər. Başqa sözlə, kredit ödənişlərini həyata keçirmək imkanı olan vətəndaşların sosial yardıma ehtiyacları olmamalıdır.
Artıq qeyd etdiyimiz kimi, ƏSMM rəhbərlərinin bir çox bu kimi əməlləri ilə bağlı tənqidi yazıları qəzetimizdə dəfələrlə dərc etsək də, səlahiyyətli instansiyalar və ilk növbədə təbii ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə hələ də bu kimi qanun pozuntularının qarşısının birdəfəlik alınması məqsədilə qəti tədbirlər həyata keçirmirlər. Digər tərəfdən isə, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə güclü himayədarlarının olduğu fikrini ortaya qoyur. Belə çıxır ki, ƏSMM rəhbərlərnin əldə etdikləri çirkli pullar hələ də onların müdafiələrini əsaslı şəkildə təmin edə bilir.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt