Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > "Yasamal" MTK-nın qanunsuzluqları niyə araşdırılmır?
"Yasamal" MTK-nın qanunsuzluqları niyə araşdırılmır?28-01-2016, 11:10 |
Ağamalı Sadiq Əfəndinin ailəsi evsiz qalıb. Fevralın 4-də Yasamal Rayon Məhkəməsində Orxan Əfəndiyevin iddiası üzrə proses davam etdriləcək. Orxan Əfəndiyevi məhkəmə qapısına aparan ədalət axtarışıdır. O, 2012-ci ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün "Yasamal” MTK-ya üz tutub. Və böyük qanunsuzluqlarla üz-üzə qalıb. Orxan Əfəndiyev jurnalistikamızın dəyərli nümayəndəsi, milli-azadlıq hərəkatının öncüllərindən biri, mərhum Ağamalı Sadiq Əfəndinin oğludur. Orxan Əfəndiyevin sözlərinə görə, 2012-ci ildə atasından qalma mənzili də, üstəlik, banklardan götürdüyü kreditlər də əlindən gedib: "Məcburiyyət qarşısında ata evimizi satdıq, 2 bankdan pul götürüb aparıb ”Yasamal" MTK-ya verdim. Bu gün də kirayələrdə yaşayıram. MTK ilə aramızda müqavilə bağlandı, mənə maliyyə arayışı verdilər. Çünki mənzilin pulunu - 55 min 200 manatı tam ödəmişdim. Dedilər ki, binanı 3 aya təhvil verəcəklər. Hər dəfə müddət bitəndə gedirdim, deyirdilər ki, 3 ay sonra binanı təhvil veririk. Təxminən 1 il 3 ay əvvəl növbəti dəfə binaya gedəndə gördüm ki, mənzilimə qapı qoyublar. Orada Faiq adlı MTK işçisi var, ona yaxınlaşdım. Soruşdum ki, mənzilimə qapı niyə qoyulub? Cavab verdi ki, MTK-ya borcunuz var. Əlimdə müqavilə, maliyyə arayışı olduğunu diqqətini çatdırdım ki, borcum yoxdur. Bundan sonra da dedi ki, mənzilini başqasına satmışıq. Etirazımı bildirdim, şikayətlər etdim, xeyri olmadı. Polisə, prokurorluğa yazdıq, nəticə olmadı. Üstəlik, MTK-da məni hədələdilər, dedilər ki, binaya gəlmə". O.Əfəndiyev baş verənlərdən sonra məhkəməyə üz tutub. Nümayəndəsi Yaşar Ağazadə deyir ki, "Yasamal” MTK-da qanunsuzluqla üzləşən təkcə O.Əfəndiyev deyil. 100-ə yaxın vətəndaş faktiki zərərçəkmişdir. O.Əfəndiyevə gəldikdə isə onun işi üzrə Yasamal Rayon Məhkəməsində "Mənzildən istifadə hüququna yaradılan maneənin aradan qaldırılması” iddiası üzrə araşdırmalar sona çatmaq üzrədir: "Hazırda iş hakim Rafael Əliyevin icraatındadır. Cavabdeh tərəf ”Yasamal" MTK-nın sədri Cahangir Alışovdur. Orxan Əfəndiyev MTK-dan evi alıb və mənzilin dəyərini tam ödədikdən sonra ona maliyyə arayışı verilib. Sonradan isə onun aldığı mənzilə qapı quraşdırılıb. Müqavilədə isə mənzilə MTK tərəfindən qapı quraşdırılması nəzərdə tutulmayıb. MTK-nın işçi Faiq də Orxana deyib ki, sədr Cahangir Alışov mənzili başqa şəxsə satıb. Əvvəlcə dedilər ki, mənzilə görə borc var, ona görə qapı qoyulub. Sonra araşdırma aparıldı, məlum oldu ki, borc yoxdur. Bundan sonra da mübahisə qarşı tərəfin qanunsuzluqlarına görə davam etdi və məhkəməyə müraciət etdik. İddiamız tam haqlıdır. "Yasamal” MTK tamamilə qanunsuzluq edir, vətəndaşı tam qanuni mənzilinə buraxmır". Y.Ağazadə deyir ki, qarşı tərəf vaxtı uzatmağa çalışır: "Məhkəmə araşdırmaları sona çatmaq üzrə olduğu bir zamanda MTK qarşılıqlı iddia verib ki, guya Orxana maliyyə arayışını səhv edib veriblər. Bu qədər gülməli iddia vermələri başadüşüləndir. Digər tərəfdən, Cinayət Prosessual Məcəllənin tələbinə görə, qarşılıqlı iddia məhkəmənin hazırlıq iclasında verilə bilər. Ona görə də hakim həmin iddianı icraata qəbul etməkdən imtina etdi. Qarşı tərəf də iddiadan şikayət vermək niyyətindədir. Süni şəkildə prosesin uzanmasına çalışırlar”. Y.Ağazadə deyir ki, "Yasamal” MTK vəzifəlilərinin qanunsuzluqları ilə 100-ə yaxın vətəndaş hazırda hüquq-mühafizə orqanlarını dolaşmaqdadırlar: "Vətəndaşlar ”Yasamal" MTK-dan mənzil alıblar. Lakin mənzilləri qanunsuz olaraq sahiblərinə verilmir. Ona görə də 1 il əvvəl 100-ə yaxın şəxs kollektiv müraciət hazırlayaraq Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə (KQMBİ) təqdim ediblər. Bu günə qədər 100-ə yaxın vətəndaşa, o cümlədən Orxan Əfəndiyevə şikayətlə bağlı qəbul olunmuş qərar verilməyib. Cinayət işinin başlanması və ya rədd edilməsi haqda qərarı qanuni qaydada şikayətçilərə təqdim etmirlər. "Yasamal” MTK səlahiyyətliləri isə öz qanunsuz əməllərini davam etdirməkdədirlər. Vətəndaşların hüquqları bərpa olunmur". Y.Ağazadə deyir ki, şikayətçilərin bir çox instansiyalara müraciətləri də KQMBİ-yə göndərilir: "Sanki MTK rəsmiləri himayə olunur. Onları hansı məmurun himayə etdiyini bilmirik. Amma 100-ə yaxın vətəndaşın şikayətinə rəğmən nəticəsizlik belə düşünməyə əsas verir ki, MTK-nın himayəçiləri var”. Mövzunu diqqətdə saxlayacağıq. //criminal.az Geri qayıt |