Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Əyalətlərdə yüzlərlə obyekt “havada” qalıb

Əyalətlərdə yüzlərlə obyekt “havada” qalıb


2-02-2016, 10:46
Əyalətlərdə yüzlərlə obyekt “havada” qalıb
“Bizi ən çox geri salan tikintidəki korrupsiyadır.” Bu sözləri Azərbaycan prezidenti son müşavirələrin birində deyib. Dövlət başçısı sahibkarlığın inkişafına əngəl törədən hallar barədə danışarkən tikintidə prosedurların çox olmağı və iş adamlarına qarşı əsassız tələblər irəli sürülməyini qeyd edib.

Məlumdur ki, ölkənin iri və kiçik şəhərlərində kommersiya təyinatlı obyektlərin bolluğu var. Altındakı torpaq sahəsinin alınmasından (özələşdirilməsindən) tutmuş ta bina hazır olanadək sahibkarlar hər addımbaşı qeyri-rəsmi tələblərlə üzləşir. Bu, tikinti işlərinin aparılması və təhlükəsizliyə nəzarətlə bağlı çoxsaylı prosedurlardan yaranır.

Gəlin onların ən yaddaqalanlarını xatırlayaq. Obyektin tikilməsi üçün əvvəlcə yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən torpaq sahəsi ayrılır. Yerləşdiyi ərazidən asılı olaraq yerə fərqli qiymət qoyulur. Xüsusilə bazarlar ətrafında və əhalinin gur toplandığı ərazilərdə bu qiymət ağlasığmaz həddə olur. Tikintinin aparılmağı Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Gigiyena və Epidemiologiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmalı, obyektin tikilməsinə icazə verilməsi barədə yerli icra hakimiyyətinin sərəncamı olmalıdır.

Bu sənədlər obyektə aid memarlıq-planlaşdırma göstərişləri və mühəndis kommunikasiyalarına qoşulmanın texniki şərtləri əlavə olunmaqla Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə göndərilir. Obyektin layihələndirilməsi başa çatdıqdan sonra, layihə sənədləri dövlət ekspertizasının aparılması üçün Agentliyin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilməli və müvafiq rəy alınmalıdır.

Yalnız müsbət rəy alındıqdan sonra tikintinin başlanmasına icazə verilir. Dövlət büdcəsi vəsaiti hesabına tikinti işləri aparılarkən smeta dəyərinin düzgünlüyü Agentliyin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən müəyyən edilir. Bundan ötrü də rəy alınmalıdır. Respublika ərazisində I və II məsuliyyət səviyyəli bina və qurğularda aparılan tikinti işlərinə dövlət nəzarəti Agentliyin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən həyata keçirilir.

Tikinti-quraşdırma işlərinə nəzarət, obyekt istismara qəbul edilənə qədər davam edir.

Nəzarətçi orqan tərəfindən istənilən vaxt tiknti aparılmağı dayandırıla bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul edilir.

Qəbul komissiyası obyektin istismara qəbul edilməməsi barədə də qərar verə bilər.

İstismara qəbul edilməyən obyekt dövlət reyestrindən keçirilmir, onun üzərində mülkiyyət hüququ tanınmır. “Qanunsuz tikilən obyekt” “havada” qalır və istənilən vaxt sökülmə təhlükəsi ilə üzləşə bilər.

Belə obyektlər ayrı-ayrı inzibati orqanların, xüsusilə yeni təyin edilən icra başçıları üçün “yem”inə çevrilir.

Biz iddia etmirik ki, bütün obyektlər tikinti norma və qaydalarına uyğundur. Amma bu sərt dövlət nəzarəti obyektin normaya, qaydaya uyğunluğunu təmin etmir.

Qeyri-rəsmi tələb ödənilməyəndə istismara qəbuldan imtina üçün bəzən elə səbəb, daha doğrusu bəhanə (məsələn, obeyktin elektrik xəttinə yaxın yerləşməyi) gətirilir ki, buna tikintiyə başlanmazdan əvvəl müvafiq orqanın razılığı olub.

Amma tələb ödəniləndə hər şeyə (hətta magistral qaz xəttinin üstündə restoran yerləşməyinə) göz yumulur.

infom.az əldə etdiyi məlumata görə bu gün Salyan, Neftçala, Biləsuvar və digər rayonlarda yüzlərlə fəaliyyət göstrən obyekt var ki, onlar şəxsi maraqlar naminə istismara qəbul edilmir.

Belə obyeklər dovlət reyestrindən keçmədiyindən, onlardan əmlak vergisi də alınmır. Üstəlik sahibləri obyekti sığorta etdirə də bilmir. “qanunsuz tikilən obyektdə” isə sahibkar geniş həcmli və çox vəsait tələb edən biznes qura bilmir.

Həmin yerdə təsadüfi bədbəxt hadisə baş verəndə isə obyekt sahibinin “dərisi soyulur.” Amma indiyədək əyalətdə qanunsuz hesab edilən obyektə görə dövlət və bələdiyyə orqanı cavabdeh olmayıb.

Üstəlik hər dəfə paytaxtın çoxmərtəbəli binalarında insan təlafatı ilə müşayət olunan qəza hadisəsi baş verən kimi bütün ölkə boyu “tikintidə təhlükəsizliyin gücləndirilməsi işi” işi aparılır.

Əslində bu “gücləndirmə” sahibkarların zəiflədilməsinə gətirib çıxarır...

Geri qayıt