Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Yardımlı səhiyyəsində pensiya maxinasiyaları

Yardımlı səhiyyəsində pensiya maxinasiyaları


11-02-2016, 12:56
Yardımlı səhiyyəsində pensiya maxinasiyaları
Artıq uzun müddətdir ki, Yardımlı rayonunun səhiyyə sahəsində yaranmış son dərəcə arzuolunmaz vəziyyətdən bəhs edən məlumatlar “Bizim Dövr”ün redaksiyasına daxil olmaqdadır. Müxtəlif mənbələrdən təqdim olunan məlumatlarda bildirilir ki, Yardımlının səhiyyə sistemi bu gün bərbad durumdadır. Bir müddət bundan əvvəl Yardımlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi vəzifəsinə Rasim Əkbərovun təyin olunması isə, mövcud problemləri nəinki həll etmədi, əksinə onların bir qədər də dərinləşməsinə yol açmış oldu. Rayondan aldığımız məlumatlarda bildirilir ki, elə əvvəllər olduğu kimi, bu gün də sakinlərin narazılığını doğuran əsas məqamlardan biri RMX-ya dərmanların alınmasında törədilən maxinasiyalarla bağlıdır. Belə ki, dərman preparatları xəstəxana üçün alınan zaman müvafiq sənədlərdə onların qiymətləri üç-dörd dəfə artıq göstərilir. Eyni zamanda da, xəstəxanada “ölü canlar” təcrübəsi kütləvi şəkildə tətbiq olunur. Yəni RMX-da saxta “xəstəlik tarixçələri” açılır və xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir. Həm də bu maxinasiya ilə eyni zamanda iki məqsəd güdülür. Belə ki, bu “xəstəlik tarixçələri”nin əksəriyyəti pensiya almaq üçün məqsədli şəkildə açılmışdır. Dünən bizimdovr.az-a ərizə ilə müraciət etmiş Ağa adlı Yardımlı rayon sakini isə, rayon mərkəzi xəstəxanasının baş həkimi və bu rayonda fəaliyyət göstərən 31 saylı TSEK-in sədri tərəfindən birgə həyata keçirilən “yeni” maxinasiyalardan bəhs edir. Ərizədə deyilir: “Yardımlı rayon mərkəzi xəstəxanasında rüşvətxorluq tuğyan edirç Bu qanunsuzluğa kim son qoyacaq, kimler bu biabriciligin qarşısını alacaq, məlum deyil. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsəanaməsinə edilən dəyişikliyə əsəasən, əliliyi olan şəxslər, boyüklər 5 ildən bir, uşaqlar isə, 3 ildən bir Tibbi Soasial Ekispert Komisyasından kecməlidir. Yardımlı səhiyyəsində isə, bu yenilikdən isdifadə edən bir qrup şəxs vətəndaşlara zəng edərək, onların təkrar komissiyadan keçmə vaxtı oldugunu və özləri ilə 350 manat pul gətirməklə, Yardımlı rayon mərkəzi xəstəxanasına gəlməli olduqlarını bildirirlər. Vətəndaşlar da xəstəxanaya gələrək, 350 manatı verirlər və kompyuterdən, Səhiyyə Nazirliyinin saytından surəti götürülərək çap olunmuş çıxarışı alırlar. Amma vətəndaşlar bilmir ki, onlar avtomatik oalraq 5 ildən bir komissiyadan keçməlidirlər və heç yerə də pul odəməli deyillər. Bu maxinasiyanın başında isə, Yarımlı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əkbərov Rasim Şahbaz oğlu, xəstəxananın diş həkimi Abbasov Mehman, Uşaq komissiyasının üzvü, həkim Mirəbülfəz Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 31 saylı Tibbi Sosial Ekispert Komissiyasının üzvü Verdiyev Ramin Vaqif oğlu və onun qardaşı, Yardımlı Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Ceyhun Verdiyev dururlar. Bu adları çəkilən şəxslər hərəsi bir kəndə ezam olunub, tək-tək vətənsaşların mobil telefonlarına zəng edərək deyirlər ki, təcili təkrar komissiyadan keçməsələr, pensiyaları kəsiləcək. Qrupun rəhbəri də Rasim Əkbərovdur. Görəsən cənab Səlim Müslümovun 31 saylı TSEK sədrinin bu əməllərindən xəbəri varmı? Və yaxud da cənab Oqtay Şirəliyev Yarımlı RMX-nın baş həkiminin və əməkdaşlarının bu yönümdə fəaliyyətlərindən xəbərdardırmı?”
Göründüyü kimi, Yardımlı səhiyyəsinin “aparıcı” simaları bu sahəni heç də inkişafa doğru aparmaq niyyətində deyillər. Artıq kütləvi hal almağa başlamış korrupsiya halları, müxtəlif maxinasiyalar Yardımlı səhiyyəsinə rəhbərlik edən şəxslərin adi fəaliyyət göstəricilərinə çevirilməkdədir. Rayonun icra orqanlarını təmsil edən bəzi məmurlar da bu işdə onlara yardımçı olurlar.

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənmək istərdik.

Geri qayıt