Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Ziya Məmmədov Arif Əsgərova görə “məşhər ayağına” çəkilir

Ziya Məmmədov Arif Əsgərova görə “məşhər ayağına” çəkilir


12-02-2016, 11:14
Ziya Məmmədov Arif Əsgərova görə “məşhər ayağına” çəkilir
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri, nəqliyyat nazirinin müavini Arif Əsgərovun müəllifliyi ilə həyata keçirilmiş maliyyə yeyintiləri ilə bağlı yeni araşdırmaya start verilib.
“Unikal” qəzetinə mənbələrdən sızan informasiyaya görə, bu təhqiqatların yekunu olaraq təkcə Arif Əsgərovun deyil, eyni zamanda onu özünə müavin təyin etməklə qoruması altına almış nəqliyyat naziri Ziya Məmmədovun da başı ağrıyacaq.
Xatırladaq ki, Arif Əsgərov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri kimi fəaliyyət göstərdiyi 6 il ərzində ölkəmizin dəmir yolu təsərrüfatını demək olar ki, bərbad hala salıb. Məhz onun rəhbərliyi dövründə yüzlərlə təcrübəli işçi heç bir səbəb olmadan işdən kənarlaşdırılıb. Ümumiyyətlə, qurumun keçmiş rəhbəri 2009-2015-ci illər ərzində çoxsaylı qanun pozuntularına, külli miqdarda yeyintilərə və digər neqativ işlərə şərait yaratmaqla bu sahədə ciddi problemlərin yaranmasına səbəb olub.
Arif Əsgərovun nəqliyyat nazirinin müavini təyin olunmasından bir müddət öncə isə "Azərbaycan Dəmir Yolları" QSC-də 48 milyonluq yeyintinin üstü açılmış və bu cinayətə görə qurumun marketinq şöbəsinin müdiri Rahib Hüseynov həbs olunmuşdu.
Qeyd edək ki, həbs olunan Rahib Hüseynov Arif Əsgərovun yaxın qohumu idi. Bu məsələnin üstü açılandan sonra Arif Əsgərov çıxılmaz duruma düşmüş, hətta onun özünün barəsində cinayət işinin açılacağı barədə məlumatlar yayılmışdı. Amma gözləntilərin əksinə olaraq Arif Əsgərov bu təhlükədən canını qurtara bildi, eyni zamanda nəqliyyat nazirinin müavini postuna sahiblənməyi də bacardı.
Arif Əsgərovun Nəqliyyat Nazirliyində yüksək vəzifəyə təyinat almasının sirri ilə bağlı “Unikal”a danışan mənbəmiz isə olduqca ilginc informasiyalar verib. Qaynağın sözlərinə görə, həmin vaxt Arif Əsgərovun həbs olunması gündəmdə imiş. Çünki "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində baş vermiş maliyyə yeyintiləri, mənimsəmələrlə bağlı konkret faktlar aşkarlanmışdı:
“Amma Arif Əsgərov həmin ərəfədə nəqliyyat naziri Ziya Məmmədovu şantaj edərək, bu yeyintiləri təkbaşına etmədiyini söyləmiş və həbs olunacağı təqdirdə baş verənlərdə Ziya Məmmədovun da iştirakçı olduğunu söyləyəcəyini bildirib. Doğrudan da fakt bundan ibarətdir ki, Arif Əsgərov dəyəri milyonlarla ölçülən mənimsəmələri Ziya Məmmədovun xəbəri olmadan reallaşdıra bilməzdi”.
Mənbəmiz bildirir ki, Arif Əsgərovun nəqliyyat nazirini şantaj etməsi onun işinə yarayıb və canını labüd həbs təhlükəsindən qurtarıb: “Ziya Məmmədov məcburiyyət qarşısında qalaraq onu müdafiə etdi. Hətta Arif Əsgərovu yanına gətirmək üçün rəhbərlik etdiyi nazirlikdə əlavə müavinlik ştatı açıldı və beləliklə Arif Əsgərov nəqliyyat nazirinin müavini təyin olundu”.
Amma "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində Arif Əsgərovun sədr olduğu illəri əhatə edən yeni təhqiqata start verilməsi mövzunu yenidən gündəmə daşıyıb. Mənbəmiz iddia edir ki, həm Ziya Məmmədov, həm də Arif Əsgərov bu təftişlərdən ciddi şəkildə narahat olsalar da baş verənlərə müdaxilə etmək iqtidarında deyillər.

Geri qayıt