ƏBÜLFƏZ ELÇİBƏYİN AİLƏSİ HAKİMİYYƏTƏ OD PÜSKÜRDÜ
Tarix: 18-08-2012, 12:37 |
Çap et
“BƏYİN ADI İLƏ SPEKULYASİYALARA SON QOYUN”
“Mərhum Əbülfəz Elçibəyin ailəsi onun ölümü ilə bağlı hər-hansı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməyib”. Bu barədə mərhumun kürəkəni Aqil Səmədbəyli Turanın xahişi ilə Bakı prokurorluğunun Elçibəyin zəhərlənməsi faktı üzrə cinayət işi açması barədə məlumatını şərh edərkən bildirib.
“Biz ailənin müraciəti olmadan, kənar şəxslərin bəyanatı əsasında cinayət işi açılmasını qeyri-ciddi hesab edirik. Bu, ciddi addım deyil və araşdırmanın məqsədləri ilə bağlı şübhələr doğurur”, deyə Səmədbəyli Turanın müxbiri ilə telefon söhbətində bildirib.
Səmədbəyli qeyd edib ki, ailə üzvləri Elçibəyin ailəsi adından bəyanat vermək səlahiyyətini ona veriblər.
“Müxtəlif vaxtlarda Elçibəyin adı ilə bağlı müxtəlif spekulyasiyalar olub. Biz bu spekulyasiyalara son qoyulmasını xahiş və tələb edirik. Bu, Əbülfəz Elçibəyin ailəsini çox narahat edir”, deyə Səmədbəyli vurğulayıb.