Bir müddət əvvəl fərdi sahibkar Samir Mehtiyev Qafqaz Xəbər Agentliyinə (qafqaqznews.az) müraciət edərək “İlkin-N” şirkətinin sahibi Hacı Qurban Abbasovdan 70 min manat pulunu ala bilmədiyini bildirmişdi. Qısa xatırlatma üçün bildirək ki, fərdi sahibkarın müraciətindən bəlli olurdu ki, bir il əvvəl şəriki Emil Kazımovun atası, Şirvan Gömrük İdarəsinin əməkdaşı Ağaqardaş Kazımov onunla Hacı Qurban arasında biznes qurmaq üçün vasitəçilik edib. Hacı Qurban Salyan rayonunun mərkəzindəki parkın abadlaşdırılması üçün Samir Mehtiyevə ağac və gül kolları sifariş verib. Fərdi sahibkar onun sifarişi əsasında Türkiyədən 4 avto-furqon ağac və gül gətirib. Ancaq fərdi sahibkar gördüyü işin müqabilində ona çatası 70 min manat pulu bu günədək ala bilmir.
Dəfələrlə müxtəlif şəxslər, o cümlədən Salyan RİH-nin başçısı Tahir Kərimov Hacı Qurbandan sahibkarın pulunu ödəməyi xahiş etsələr də, heç bir nəticə olmayıb. Redaksiyamıza təşrif buyuran sahibkar Samir Mehtiyev bildirdi ki, Ağaqardaş Kazımovun oğlu Emillə mən şərik olmuşam. Hətta öz pulumuzla Ağaqardaş Kazımova avtomobil də alıb vermişik. Məni Hacı Qurbanla tanış etməkdə Ağaqardaş Kazımovun məqsədi də biznes marağı idi. Mən bu vasitəçilikdən 70 min manat ziyana düşmüşəm. Ona görə də Gömrük Komitəsinin sədri Aydın Əliyevə müraciət edərək xahiş edirəm ki, tabeçiliyində olan əməkdaşın mənə vurduğu ziyanın aradan qaldırılmasında yardımçı olsun.