Əsas Səhifə > Gündəm, Manşet > Süleyman Mikayılov da istintaqa çağrılacaqmı?

Süleyman Mikayılov da istintaqa çağrılacaqmı?


24-05-2018, 08:45
Süleyman Mikayılov da istintaqa çağrılacaqmı?
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 2 saat dindirilib. Şahid qismində ifadə verən baş redaktor “Yeni Müsavat”a deyib ki, istintaqda ona Hüseyn Abdullayevlə telefon danışıqları barədə suallar verilib.

“Hüseyn Abdullayevi Türkiyədə həbs edəndən sonra onun telefonunu götürüblər. Onun telefonunda olan nömrələrin sahiblərinə zəng vurub çağırırlar. Məni dindirməyə çağıranda belə başa düşdüm. Çünki mənə zəng edən şəxs əvvəlcə kimə zəng etdiyini bilmirdi. Məsələ aydınlaşdı, başa düşdüm ki, nömrəmi Hüseyn Abdullayevin telefonundan götürüblər. Mənim Hüseyn Abdullayevlə danışığım yadımda deyil. Dedilər ki, 2016-cı ildə Hüseyn Abdullayev mənə zəng edibmiş. Onun nə üçün zəng etdiyi barədə suallar verdilər.

Bundan başqa, Hüseyn Abdullayevlə bağlı yazılar barədə suallar verdilər. Dedim ki, Hüseyn Abdullayevlə, bir millət vəkili ilə və ya bir başqa ictimai şəxslə jurnalistin danışması normaldır. Jurnalisti hər danışdığı adama görə istintaqa çağırsalar, gərək günümüz istintaqda keçsin. Jurnalistə gün ərzində ən müxtəlif adamlar zəng edir, hər danışığa jurnalistin dindirməyə çağırılmasını absurd hesab edirəm” deyə, baş redaktor bildirib.

2013-cü ildən Almaniyada mühacirətdə olan Hüseyn Abdullayev Türkiyə ərazisində tutularaq bu ilin aprel ayının 22-də Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib. Hüseyn Abdullayev 1990-cı illərdən biznes fəaliyyəti ilə ictimai diqqətə gəlib və hazırki iqtidarın qatı tərəfdalarından olub. 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı hökumətin fəaliyyətini tənqid edib. H.Abdullayevin tənqidi çıxışı digər deputatla münaqişəyə səbəb olub və parlamentin iclas zalında yumruqlaşma ilə başa çatıb. Bundan sonra o həbs edilib. Bir müddət sonra həbsdən azad edilərək Almaniyaya mühacirətə gedib.

O, mühacirətə gedəndən sonra yenidən barəsində cinayət işi başlanıb. Hüseyn Abdullayev mühacirətdə hazırkı iqtidarın kəskin tənqidçisinə çevrilib. O, həm də iqtidarın əleyhinə mahnılar bəstələyib. Hüseyn Abdullayevin iqtidarın siyasətinə etiraz edən “Susma” marşı sosial şəbəkələrdə geniş yayılıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, Azərbaycanın Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Hüseyn Abdullayevin iş üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub. 3 oktyabr 2016-cı ildə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb. Bundan başqa ona Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib. Hazırda istintaq davam etdirilir.

DİA.AZ isə əlavə edir ki, Hüseyn Abdullayevlə bağlı məsələ əgər genişmiqyaslı araşdırma ilə müşaiyət olunarsa, o zaman bəzi məmruların və hazırda da ölkədə iş görən sahibkarların da başları ağrıya bilər, ən azından onların da istintaqa dəvət olunması zərurəti yaranar. Məsələn, hazırda Qaradağ rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Süleyman Mikayılov zamanında "Quska"nın nəinki pardaxlanmasında, hətta meydanda dayanıqlı olmasında da mütəsna rol oynamış birisidir. Köhnənin ortağı kimi istintaq orqanlarının Süleyman Mikayılovdan öyrənə biləcəyi çox şeylər var ki, yəqin ki hörmətli icra başçısı da bu işdə dövlətin yanında dayanaraq istintaq orqanları ilə əməkdaşlıq etməkdən məmnunluq duyar.

Geri qayıt