Əsas Səhifə > Gündəm, Manşet > KTN-də 40 milyonluq skandal

KTN-də 40 milyonluq skandal


29-05-2018, 08:21
KTN-də 40 milyonluq skandal
Kənd Təsərrüfatı naziri İnam Kərimov strukturda kadr islahatlarını davam etdirir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə İnam Kərimovun əmri ilə Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev də vəzifəsindən azad olunub.

Qeyd edək ki, Kənd Təsərrüfatı nazirliyində Heyvandarlığın inkişafı şöbəsi ən çox korrupsiyaya uğramış şöbələrdən hesab edilir.

KTN-də 40 milyonluq skandal

Qalib Əbqüləliyevin vəzifədən uzaqlaşdırılmasına səbəb isə, məlumata görə bir müddət öncə 40 milyon dollar dövlət vəsaiti hesabına ərsəyə gəlmiş Qarabağ Aqrar Sənaye Kompleksində ciddi maxinasiyaların olmasıdır. Tikintisi zamanı ciddi yeyintilərə yol verilən kompleksin hazırkı fəaliyyəti iflas həddindədir. Hətta müəssisədə vəziyyət o dərəcədə kritikdir ki, hər ay dövlətə kreditlərin ödənilməsi üçün xaricdən gətirilən sort heyvanların qara bazarda dəyərindən dəfələrlə ucuz satıldığı deyilir.

Kənd Təsərrüfatı nazirliyinin Heyvandarlığın inkişafı şöbəsinin adı digər qalmaqallı məsələdə də çəkilir.

Belə ki, bu ilin yanvar ayının 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən "Qara inək təsərrüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışı zamanı Prezident İlham Əliyevə yalan söyləməsi dövlətin aqrar sektoruna cavabdeh şəxsləri hədəfə gətirib.

Xatırladaq ki, "Qara inək təsərrüfatı" MMC-nin direktoru Fuad Əyyubzadə məlum çıxışında 2016-cı ilin aprel döyüşlərində ermənilərin atdığı mərmilər nəticəsində müəssisəsində 200 inəyin öldüyünü demişdi. Halbuki, həmin hadisələr zamanı dövlətin rəsmi agentliyinə - Azərtac-a açıqlama verən müəssisə rəhbəri 19 inəyin öldüyünü bildirirdi.

Ehtimal olunur ki, Qalib Əbdüləliyevin vəzifəsindən çıxarılmasının əsas səbəbləri yuxarıda göstərdiyimiz faktlardır.

Geri qayıt