Əsas Səhifə > Gündəm, Ana xəbərlər > “Qarabağa girsə, bir daha oradan çıxmaz”

“Qarabağa girsə, bir daha oradan çıxmaz”


15-06-2018, 08:43
“Qarabağa girsə, bir daha oradan çıxmaz”
Ukraynanın Donbas vilayətinə sülhməramlıların gəlməsi yenidən müzakirə obyektinə çevrilib. Belə ki, Ukrayna münaqişəsinin çözümü üçün yaradılmış “Normandiya formatı”nda danışıqların Berlində keçiriləcək növbəti dövrəsində bölgəyə BMT sülhməramlılarının yeridilməsi məsələsinin müzakirə olunacağı gözlənilir. Danışıqlardan əvvəl Almaniyanın xarici işlər naziri Heiko Maas deyib ki, belə bir addım 2015-ci ildə Minskdə əldə olunmuş razılaşmanın həyata keçirilməsi istiqamətində “uyğun bir tədbir” sayıla bilərdi.

Ukraynanın isə əsas tələbi budur ki, Rusiya sülhməramlıların içərisində olmasın. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi məsələsində də uzun müddətdir ki, sülhməramlılar mövzusu müzakirəyə çıxarılır. Bəs Dağlıq Qarabağ üçün hansı qərarlar verilə bilər?

“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, Ukrayna bu istəyində haqlıdır: “Çünki Donbasın bir hissəsini işğal edən elə Rusiyanın hərbiçiləridir. Rusiya iddia edir ki, onun orada ordusu yoxdur. Ancaq vacib deyil ki, ərazidə ordu olsun. Rus vətəndaşları sərhədi kütləvi olaraq keçirlər və separatçıların sırasına qatılaraq ordu birliyi yaradırlar. Ona görə də haqlı olaraq Ukrayna sülhməramlıların tərkibində rus hərbiçilərin olmasını istəmir. Azərbaycana gəldikdə isə hələ ATƏT-in 1994-cü il Budapeşt sammitində qərar qəbul olunub ki, Qarabağda sülhməramlı qüvvələrin tərkibində maraqlı tərəflər iştirak etməməlidirlər. Maraqlı tərəflər isə həmsədrlər olan Fransa, Amerika və Rusiyadır. Neytral ölkələr olmalıdır. Məsələn, Polşa, Avstriya, Skandinaviya ölkələri və s. Reallıqda Rusiya çox çalışır ki, sülhməramlı qüvvələrin tərkibində Qarabağda yerləşsin. Açığı, bir ildir mənə müxtəlif mənbələrdən mesajlar gəlir ki, Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı istəkləri var. Bu istəklər onlardır ki, Azərbaycan Avrasiya İttifaqının, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır və Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşməlidir. Əgər Azərbaycan bu 3 şərtlə razılaşırsa, guya Rusiya Ermənistan hakimiyyətinə təzyiq etməklə Qarabağ ətrafındakı rayonların azad edilməsini sürətləndirər. Doğrusu, mən buna inanmıram. Çünki biz Rusiyanın bu cür ağır şərtlərini yerinə yetirsək, işğal faktına son qoyula bilər - belə bir təminatımız yoxdur. Digər tərəfdən isə KTMT-yə üzvlüyümüz də bizim balanslaşdırılmış xarici siyasətimizin sonu deməkdir ki, bu da Qərblə münasibətlərimizdə ciddi suallar yarada bilər. Ən ağır şərt isə Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsidir. Elə Qarabağ ona görə əlimizdən çıxdı ki, orada rus hərbiçiləri vardı. Onlar Xocalı soyqırımında iştirak edib, ermənilərə Xankəndindəki hərbi bazadan silah-sursat ötürmüşdülər”.

Politoloq hesab edir ki, Rusiya növbəti dəfə Qarabağa girərsə, oradan çıxmaz: “Biz, bunun nümunəsini Abxaziya, Cənubi Osetiya, Dnestr bölgəsində gördük. Mərkəzi Gürcüstan, Moldova hökuməti illərlə çalışdı ki, onlar ərazidən çıxsınlar. Lakin əksinə, daha da çox ərazini işğal etdilər. Ona görə də biz son həddə qədər Rusiya sülhməramlı qüvvələrinin iştirakına etiraz etməliyik. Ancaq bir məsələ də var ki, münaqişənin hansısa mərhələsində Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsi gündəmə gələrsə və ruslar çox iddia edərlərsə, o zaman bizim də şərtimiz olmalıdır. Bu şərt ondan ibarətdir ki, Türkiyə sülhməramlıları da prosesdə iştirak etsin. Çünki əgər Qarabağ da münaqişəsinin həlli mərhələsinə daxil olsa, örnək kimi, məsələn, Şuşanı götürək. Şuşa ermənilərin mühasirəsində qalır axı. Deməli, orada rus hərbiçiləri ilə Azərbaycan əhalisi heç bir halda razılaşmayacaq. Burada artıq türk sülhməramlıları yerləşdirilməlidir. Əgər Rusiya deyirsə ki, Türkiyə ilə dost münasibəti var, o zaman buna da qarşı çıxmalı deyil. Ancaq rusların sülhməramlılar olaraq orada yerləşdirilməsi Azərbaycanın milli maraqlarına uyğun deyil. Əslində deyim ki, Ukrayna məsələsinin də qabardılacağını düşünmürəm. İnanmıram ki, Berlində ciddi müzakirələr olsun. Çünki həm Avropanın, həm də Rusiyanın ciddi problemləri var. Minsk prosesi də faktiki dondurulub, atəşkəs rejimi də tez-tez pozulur. İnanmıram ki, birinci mərhələ həll olunmadan, üçüncü, dördüncü mərhələyə keçib, hansısa sülhməramlı qüvvələrin yerləşdirilməsi gündəmə gəlsin. Ukraynanın özü də maraqlı deyil ki, atəşkəsə uzun müddət riayət olunsun və sülhməramlılar yerləşsin. Onlar düşünürlər ki, necə edib, daha çox torpaqları azad etsinlər. Ara-sıra taktiki döyüş edib, boş əraziləri geri qaytarırlar. Azərbaycan da son zamanlar eyni taktikadan istifadə edir. Məsələn, Naxçıvandakı geri qaytardığımız əraziləri misal gətirə bilərik. Ukrayna da Azərbaycan kimi bu yaxınlarda boş ərazilərini geri qaytardı. Ona görə də Rusiya sülhməramlıları mövzusunu Ukraynada gündəmə gətirməyəcəklər. Ola bilər ki, Avropada bunu kimsə gündəmə gətirsin, Rusiyaya yaltaqlanmağa çalışsın. Ukraynaya hələ ki böyük dövlətlər dəstək olur. Ona görə də sülhməramlılar mövzusu geniş şəkildə müzakirə olunmayacaq”.

Geri qayıt