Əsas Səhifə > Gündəm, Manşet > Naxçıvan Dövlət Universitetində qalmaqallı kadr islahatı
Naxçıvan Dövlət Universitetində qalmaqallı kadr islahatı15-06-2018, 09:12 |
Azərbaycanın ən böyük təhsil mərkəzlərindən biri sayılan Naxçıvan Dövlət Universitetində kadr islahatı aparılır. Daha dəqiq desək, universitetdə islahat adı ilə ciddi ixtisarlar edilir. 4 prorektorluq ləğv edilib... Hurriyyet.org-a daxil olan məlumata görə, ali məktəbin 5 prorektor görəvindən 4-ü - elmi işlər, təsərrüfat məsələləri, beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektorluq ləğv edilib. Bu vəzifələri daşıyanlara- Mübariz Nuriyev, Araz Zalov Şamxal Məmmədov və digərlərinə isə kafedra müdirliyi və müəllimlik həvalə edilib. Yeganə ləğv edilmədən saxlanılan tədris işləri üzrə prorektorluqdur ki, onu da uzun illər icra edən dosent Seyid Surə görəvindən kənarlaşdırılaraq Rafiq Rəhimovla əvəzlənib. Eyni zamanda kafedraların, dekanlıqların eləcə də, şöbələrin katibə ştatlari ləğv edilib. Məlumata görə, universitet rəhbərliyi bu islahatları təhsil ocağında yaranan ciddi maliyyə problemləri üzündən aparıb. Eyni zamanda o da bildirilir ki, prorektor görəvindən uzaqlaşdırılanlardan biri A.Zalov Azərbaycan daxili işlər nazirinin müavini Oruc Zalovun qardaşıdır. Və onun da kadr islahatının qurbanlarından biri olması təhsil ocağının çox ciddi maddi sıxıntılarla üz-üzə qalmasını bir daha təsdiqləyir. Xatırladaq ki, 12 fakültədə 58 ixtisas üzrə bakalavr, 43 ixtisas üzrə magistr, 35 ixtisas üzrə doktorant hazırlığı həyata keçirilən Naxçıvan Dövlət Universitetində 6 minə yaxın tələbə təhsil alır. Universitetin rəsmi internet səhifəsində yazılanlara görə isə, 108 hektarlıq ərazidə yerləşən universitetdə hər cür imkanlara malik müasir tipli tədris korpusları var. Eləcə də, tədris ocağı yeni informasiya texnologiyaları, müasir avadanlıqlarla təchiz edilmiş elektron siniflər, laboratoriyalar, internet mərkəzləri, elektron kitabxana ilə təchiz olunub. Dünyanın dörd qitəsində əllidən çox universitetlə əməkdaşlıq müqavilələri imzalanıb. Avropa Universitetlər Assosiasiyası, Avropa Rektorlar Klubu, Asiya Universitetlər Assosiasiyası, Qaradəniz Universitetlər Birliyi, Qafqaz Universitetlər Assosiasiyası, İpək Yolu Universitetləri Rektorlarının Birliyi Naxçıvan Dövlət Universitetinin əlaqələrinin genişlənməsində və birgə layihələrin, beynəlxalq simpoziumların təşkilində mühüm rol oynayır. Universitetin televiziya studiyası, “Nuhçıxan” radiosu, teatr studiyası, rəqs və vokal qrupları, xor kollektivləri fəaliyyət göstərir. Maraqlıdır, görəsən, bu qədər geniş imkanları olan bir universitetdə nədən bu qədər ciddi kadr islahatı aparılsın? Yaxud söylənilənlər nə dərəcədə doğrudur? “Hamımız elmi dərəcəsi olan insanlarıq” Öncə bu suallarla universitetin sabiq prorektoru Seyid Surə ilə əlaqə saxladıq. Universitetdə ixtisarlar olduğunu təsdiqləyən Surə xanım sualımızı lakonik cavabladı: “Düzdür, ixtisarlar olub. Amma işdən azad olunma yoxdur. Müəyyən təyinatlar var. Mən də prorektorluqdan kənarlaşdırılaraq kafedra müdiri təyin olunmuşam. Yəni əvvəlki görəvindən kənarlaşdırılan hər kəs müəyyən işlə təmin olunub- biri kafedra müdiri, digəri elmi katib... İşsiz qalma ehtimalı yoxdur. Hamımız elmi dərəcəsi olan insanlarıq”. İslahatların səbəbinə gəlincə, Seyid Surə bunun digər təhsil ocaqlarında çoxdan aparıldığını qeyd elədi: “Bu islahatlar Azərbaycanda çoxdan aparılıb. Ötən il Bakı Dövlət Universitetində oxşar işlər aparıldı. Sadəcə, Naxçıvanda bu il gerçəkləşdirildi”. “İndi ayılıblar ki, pulu lazımsız yerə xərcləyiblər” Təhsil eksperti Nabatəli Qulamolunun fikrincə,sözügedən ali məktəbinin rəhbərliyi bu addımı vaxtilə lazımsız yerə xərclənən büdcəyə qənaət etmək məqsədiylə atıb: “Mən iqtisadçi olmasam da, az-çox təhsil sahəsini bilən insan kimi ehtimal edirəm ki, burda yeganə səbəb büdcənin dağıdılmasının qarşısını almaqdır. Naxçıvandakı ali məktəblər oranın maliyyə vəsaiti ilə keçinə bilmir. Muxtar Respublikadakı əksər qurumlara mərkəzi büdcədən ayrmalar olur. Ona görə bu məsələdə əsas məqsəd maliyyə sektoru ələ keçirmək, onun dağılmasına imkan verməməkdir. Çünki vaxtilə büdcəni lazımsız, mənasiz yerlərə çox dağıdıblar. İndi ayılırlar ki, bu büdcə fəaliyyət göstərməyə imkan vermir. Baxıb görürlər ki, bu ştatlar artıqdır. Pulu havayı yerə pul xərcləyiblər. Düzdür, orda tədqiqat aparmadan konkret demək çətindir. Amma bu addım onu göstərir ki, Naxçıvan büdcəsindəki problemi belə yolla müəyyən qədər düzəltməyə çalışırlar. Fikrimcə, təkcə Naxçıvan Universitetində deyil, digər sahələrdə də belə ixtisarlar olacaq”. “Bu islahatların təhsilin keyfiyyətinə heç bir aidiyyatı yoxdur” Ekspertin fikrincə, belə islahatlar təhsil səviyyəsinin yüksəlməsinə müsbət heç nə verməyəcək: “Bunun təhsilin keyfiyyətinə heç bir dəxli yoxdur. Bizim hökumət belə şeyləri düşünmür. Bütün dünyada təhsillə bağlı bir məsələyə önəm verirlər- hansı ölkədə daxili məhsulun hardasa 3 faizindən az hissəsi ayrılırsa, demək, onun təhsili bərbad gündədir. Bizdə isə bu rəqəm heç 1 faiz də deyil. Bunu edən hökumət onu niyə eləməsin ki?... İslanmışın yağışdan nə qorxusu? Bizdə belə məsələlərdə təhsilin keyfiyyəti haqda heç düşüncə belə yoxdur. Yalnız dekorativ işlər görürlər. Sadəcə, gözə kül üfürürlər”. “Naxçıvanı elə vəziyyətə gətiriblər ki, heç kim ağzını açmağa cəsarət etmir” N.Qulamoğlu onu da dedi ki, sözügedən təhsil mərkəzində ixtisar aparılsa da, işdən azad olunanlar çoxluq təşkil etməyəcək: “Vəzifəsindən uzaqlaşdırılanlar yəqin ki, başqa görəvlərə yerləşdiriləcəklər. Yəni işdən azad olunmalar çox az olacaq. Total narazılıqlara imkan verməzlər. Hərçənd, narazılıq edən də olmayacaq. Çünki Naxçıvanı elə vəziyyətə salıblar ki, heç kim ağzını açmağa cəsarət etmir”. Geri qayıt |