Əsas Səhifə > Gündəm, Manşet > Sahil Babayevdən yarımçıq islahat

Sahil Babayevdən yarımçıq islahat


9-07-2018, 09:13
Sahil Babayevdən yarımçıq islahat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda korrupsiya hallarının olması barədə zaman-zaman mediada yazılanları Hesablama Palatası konkret rəqəmlərlə aşkarlamaqdadır.

Hesablama Palatası fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində apardığı auditin nəticələrini açıqlamışdı.

Qeyd edək ki, Palatanın apardığı yoxlama zamanı Mingəçevir DSMF-u 2016-cı ildə təsdiq edilmiş 8015,5 min manat həcmində proqnoza qarşı 6663,9 min manat vəsait yığmış, proqnoz 83,1% səviyyəsində icra edilmiş, audit olunan dövrdə yeni pensiya təyinatlarının 102 ədədi (6,2%-i) üzrə sığorta stajı məhkəmə tərəfindən müəyyən olunmuş, 138 pensiya işi üzrə (8,4%-i) pensiya təyinatı öhdəliyi Şəki İnzibati-İqtisad Məhkəməsi tərəfindən Şöbəyə həvalə olunmuş, 8 pensiya işi üzrə pensiya hüququna Apellyasiya məhkəməsi tərəfindən baxılmışdır.

Hesablama Palatası Mingəçevir DSMF-də apardığı araşdırmalar zamanı burada vətəndaşlara qarşı edilən çoxsaylı maxinasiyalar da aşkar edilmişdir. Palatanın yoxlaması zamanı məlum olub ki, 2016-cı ilin oktyabr ayınadək ərizələrin qeydiyyatı jurnalında pensiya təyinatı üçün müraciət edən şəxslərin müraciət etdiyi gündə deyil, pensiya təyin edən komissiyanın qərarının qəbul olunduğu tarixdə qeydiyyatdan keçirilmiş, bir sıra hallarda pensiya təyinatı üçün müraciət edən şəxslərin iş (sığorta) stajları haqqında məlumatlar, güzəştli iş stajına görə yaşa görə əmək pensiyası təyinatı zamanı güzəştli iş stajı tam dəqiqləşdirilmədən və bir sıra zəruri sənədlər olmadan pensiya təyinatı aparılmışdır.

Hesablama Palatasının Mingəçevir DSMF-də aşkarladığı növbəti qanunsuzluq isə daha dəhşətlidir. Belə ki, 2013-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyin olunan Səlim Müslümovun daim öyündüyü Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) da DSSMF-nin Mingəçevir Şöbəsinin "qurbanına" çevrilib. Palatanın araşdırması zamanı müəyyən edilmişdir ki, 2016-cı ildə və 2017-ci ilin aprel ayınadək Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi V(EMTAS) tərəfindən heç bir əməkdaşa müayinə barədə tapşırıq göndərilməmiş, Şöbədə heç bir işçinin gücləndirilmiş elektron imzası aktiv olmamış, bütün təyinatlar ailənin maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmədən aparılmışdır.

Bundan başqa Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası 01.01.2016-01.07.2017-ci il dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi (Şöbə) üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələri ilə bağlı Hesabatı müzakirə edərək təsdiq etmişdir. Auditin gedişində seçmə qaydada monitorinqlər təşkil edilmiş, nəticədə ailə tərkibi haqqında düzgün məlumat verilməməsi, pay torpağından gəlirlərin nəzərə alınmaması kimi ümumi nöqsanlarla yanaşı, ailənin istifadəsində avtomobilin olmasının VEMTAS tərəfindən aşkar edilməməsi kimi spesifik nöqsanlara da rast gəlinmişdir.

Maraqlı məqam budur ki, Mingəçevir DSMF-da aşkarlanan korrupsiya faktı dövlətin bəzi rəsmi qurumları ilə bərabər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də göndərilib.

Ancaq sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinin dəyişməsi və DSMF-nin Mingəçevir şöbəsinin müdiri Emil İsmayılovun cəzalandırılmaması yeni mətləblərdən xəbər verir.

Maraqlı məqam həm də ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin olunan Sahil Babayev geniş miqyasda kadr islahatlarına başlasa da, nədənsə dövlətin rəsmi qurumunun korrupsiyada ittiham etdiyi işçisini görməzdən gəlir. Halbuki, Sahil Babayevin vəzifədən azad etdiyi idarə müdirlərinin içərisində nə Hesablama Palatasının, nə də nazirliyin aidiyyatı şöbələrinin neqativ faktlarını aşkarlamadığı şəxslər kifayət qədərdir.

Redaksiyadan: Hesablama Palatasının hesbatı ilə bu linkdən tanış ola bilərsiniz: http://sai.gov.az/1/newsmore/636
Qlobal.Az

Geri qayıt