Əsas Səhifə > Gündəm, Manşet > Elmar Vəliyevin “sağ əli”nə qarşı milyonluq ittihamlar
Elmar Vəliyevin “sağ əli”nə qarşı milyonluq ittihamlar4-09-2018, 09:08 |
“Elmar Vəliyev və onun dəstəsinin Gəncə şəhərini son 6 ildə talan etməsi ilə bağlı ciddi araşdırmalar başlayıb. Şəhərin mərkəzində və şəhərətrafı ərazilərdə 100 hektarlarla torpaq sahəsini, habelə xeyli tikilini faktiki sahiblərinin əllərindən zorla, təhdidlə alaraq müxtəlif adamlara saxta, qanunsuz sənədlərlə satıblar. Bu işləri isə birbaşa Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi, sabiq başçı Elmar Vəliyevin əsas pultoplayanı kimi tanınan Məharət Mustafayev həyata keçirib. Yeni başçı Niyazi Bayramov onu ötən həftə işdən çıxardı və fəaliyyətinin araşdırılması üçün komissiya yaratdı. Komissiyanın ilkin təftişi zamanı çoxsaylı qanunsuzluqlar fiksə olunub. Habelə, Məharət Mustafayevin işdən çıxarılmasından sonra onun mal-mülkünü mənimsədiyi şəxslər də hüquq-mühafizə orqanlarına müraciətlər etməyə başlayıblar”. Bunu müsavat.com-a Gəncədəki mənbə deyib. Qaynaq qeyd edib ki, Məharət Mustafayev Elmar Vəliyevin “qara kassası” olub və Gəncədə mülkiyyət, torpaq yağmalamaları məhz onun vasitəsilə həyata keçirilib: “Elmar Vəliyev Gəncədən əvvəl Yevlağın icra başçısı olarkən də Məharət Mustafayev həmin rayonda onun torpaq alverçisi olub. O, Yevlaxda rayon torpaq şöbəsinin müdiri işləyirdi, Yevlaxda da torpaqları yağmalayıb, sahiblərinin əlindən təhdidlə alıb iş adamlarına, müxtəlif şəxslərə satırdı. Elmar Gəncəyə gələndə onu da özü ilə gətirdi və Gəncənin torpaq sahələrinin daha çox olduğu Nizami rayonuna icra başçısı təyin etdirdi. Məharət Mustafayevin zülmü bu rayonda ərşə qalxmışdı, hətta məcburi köçkünlərin məskunlaşdığı torpaqları, onların örüş yerlərini də əllərindən alıb satırdı. O, əndazəni aşdığına görə bu vəzifədən azad edildi, az sonra isə Elmar Vəliyev onu Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəisi təyin etdi. Bundan sonra bütün Gəncəyə ”qan uddurmağa" başladı. Elmar Vəliyevin, Məharət Mustafayevin şəhərdə hara gözü düşdüsə, sahibinin əlindən zorla alırdılar; ya orada özlərinin biznesini qururdular, ya da baha qiymətə başqasına saxta sənədlə satırdılar. Mülkün faktiki sahibi məhkəməyə müraciət edib, haqqını tələb edəndə isə Elmar Vəliyev nüfuzundan istifadə edib, ya məhkəmədən işi geri qaytarırdı, ya da qərarın icrasına imkan vermirdi. Bununla yanaşı, Məharət Mustafayev bir neçə iş adamına qiyməti 200 min, 1 milyon manat dəyərində olan mülklər satıb, lakin onlara saxta sənədlər verib. Bəzi şəxslər sənədlərin saxta, mülkiyyətin faktiki olaraq başqasına aid olduğunu biləndə Məharətdən pullarını geri tələb ediblər. Lakin onlar hədələniblər, təhdid ediliblər. Son olaylardan sonra isə həmin adamlar Məharət Mustafayevdən pullarını geri tələb edirlər, o isə həmin adamlardan qaçır. Söhbət bir neçə milyon manatdan gedir. Bəzilərinə isə deyir ki, pulları Elmar Vəliyevə verib. Bir neçə vətəndaş isə onun tərəfindən dələduzluğa məruz qalması ilə bağlı hüquq-mühafizə orqanlarına, yeni başçının yaratdığı komissiyaya müraciətlər edib. Bu şikayətlər əsasında Məharət Mustafayevin həbsi qaçılmazdır, çünki bu cinayət xarakterli, mülkiyyət əleyhinə qanunsuzluqlar birbaşa onun rəsmi imzası ilə reallaşıb. Həmçinin şəhərin mərkəzi hissələrində Məharət Mustafayevin “haqq” tələb etdiyi, ala bilmədikdə yerlə-yeksan etdiyi onlarla obyektin sahibi də şikayətçidir". Mənbə maraqlı bir məlumat da verdi. Belə ki, Məharət Mustafayevin oğlu Sərxan Mustafayev Gəncədə “avtoş” kimi tanınır. O, şəhərdə davamlı olaraq avtoxuliqanlıqla məşğul olub, amma atası Elmar Vəliyevin “sağ əli” olduğundan əməlləri cəzasız qalıb. Maraqlısı isə odur ki, iddiaya görə, ad-soyadını yazanda belə səhv edən Sərxan Mustafayev bütün gününü əyləncələrdə keçirsə də, sənəd üzərində Gəncə Şəhər İcra Hakimiyyətinin Hüquq söbəsinin işçisi olub. Lakin onu heç zaman işdə görən olmayıb... Sonda qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Elmar Vəliyevin adı korrupsiyaya bulaşmış kadrlarının təmizlənməsi prosesi davam edir. Belə ki, yeni başçı sentyabrın 3-də E.Vəliyevin yaxın adamlarından biri olan Hacızadə Tural Yaşar oğlunu icra başçısının köməkçisi vəzifəsindən azad edib. Yazıda adları keçən şəxslərin mövqeyini çap etməyə hazırıq. Geri qayıt |