Əsas Səhifə > Gündəm, Manşet > Buralarda rüşvət tüğyan edir...
Buralarda rüşvət tüğyan edir...12-09-2018, 11:22 |
Azərbaycan Kooperasiya Universitetində baş verən neqativ hallarla bağlı mətbuatda dəfələrlə yazılıb. Xüsusən də digər universitetlərdən fərqli olaraq, bu təhsil müəssisəsində tələbələrdən rüşvətin açıq şəkildə yığılması, yəni leqallaşdırılması haqda informasiyalar heç də yeni deyil. Lakin bu günlərdə Muxalifet.az-ın redaksiyasına daxil olan faktlar Kooperasiya Universitetində vəziyyətin daha acınacaqlı olduğunu deməyə əsas verir. Bu haqda redaksiyamıza məlumat verən mənbə deyir ki, Kooperasiya Universitetində rüşvətxorluq kütləvi hal alıb. Ali məktəbin rəhbərliyi burada təhsilin səviyyəsini yüksəltməyə maraq göstərməkdənsə, rüşvətxorluğun daha da genişlənməsinə yol açan qaydalar tətbiq etməklə, öz gəlirlərini ilbəil artırmağa çalışırlar. Məsələn, Kooperasiya Universitetində tələbələrin dərsə davamiyyəti çox aşağı səviyyədə olsa da, bu neqativ fakt rəhbərliyi narahat etmir. Əksinə, onlar davamiyyətin aşağı olmasında maraqlıdırlar. Çünki sessiyalarda iştirak etməyən tələbələr imtahanlara buraxılmaq üçün külli miqdarda vəsait ödəmək məcburiyyətindədirlər. Mənbə deyir ki, Kooperasiya Universitetində dərsə davamiyyəti aşağı olan tələbələr imtahana buraxılması üçün, fakültəsindən asılı olaraq, hər fənnə görə 100-200 AZN rüşvət verməli olurlar. Bu pullar əksər hallarda qrup nümayəndələri, bəzən isə dekanlar tərəfindən toplanır. Ümumilikdə isə, Kooperasiya Universitetində imtahanlar formal xarakter daşıyır. Tədris prosesində baloniya sisteminin tətbiq olunmasına baxmayaraq, fakültə rəhbərlərinin maddi maraqlarına əsasında, tələbələrə məqbul yazılır. Məlumata əsasən, sessiya zamanı universitetdə hər tələbədən imtahanlara görə 650-750 AZN pul toplanılır. Mənbənin sözlərinə əsasən, bu pullar da yenə qrup nümayəndələri və dekanlar tərəfindən yığılır. Qeyd edək ki, Kooperasiya Universitetinin 4-cü kurs tələbələri də istehsalat təcrübəsində iştirak edib-etməməsindən asılı olmayaraq, rüşvət verməyə məhkumdur. Belə ki, istehsalat təcrübəsində iştirak edənlər 500 AZN, etməyənlər isə 1000 AZN ödəməli olurlar. Bu pullar da rəhbərliyin göstərişi əsasında fakültə və ya qrup rəhbərləri vasitəsilə toplanır. Mənbə deyir ki, Kooperasiya Universitetində yekun dövlət imtahanının qiyməti 1500-2500 AZN-dir. Hansı ki, bu pulların da hamısı “aşağılarda” yığılaraq, sonda universitet rəhbərliyinə çatdırılır. Redaksiyadan: Mövzu ilə bağlı araşdırmamız davam edir. Kooperasiya Universiteti rəhbərliyinin də mövqeyini dərc etməyə hazırıq.\\xalqxeber.az\\ Geri qayıt |