Əsas Səhifə > Gündəm, Manşet > Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət:
Məmurdan 1-ci qrup əlilə heyrətamiz məsləhət:21-09-2018, 09:02 |
Süleymanov Ramin Rəvan oğlu tərəfindən Moderator.az-a şikayət məktubu daxil olub. Məktubda deyilir: "Mən 1984-cü ildə anadan olmuşam. 1991-ci ildə qolumu və ayaq barmaqlarımı itirmişəm. Birinci qrup əliləm. Azərbaycan Texniki Universitetini bitirmişəm. Birinci qrup əlil kimi 118 manat təqaüd alıram. Ailəliləym, 3 oğlum var. Heç bir yerdə işləmədiyimdən ailəmi dolandıra bilmirəm və çox ağır şərtlər altında sürünməyə məhkumuq. Acınacaqlı durumdan qurtulmaq üçün Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya məktubla müraciət etdim. Həmin məktublar tədbir görülməsi üçün aidiyyatı üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə göndərildi. Məni həmin qurumda qəbul edib konkret olaraq ona hansı kömək edəcəklərini soruşdular və mən onlara kiçik ticarət köşkü üçün torpaq sahəsi ayrılmasını xahiş etdim. Xahişimin yerinə yetiriləcəyinə söz verildi və onlara harda köşk qoymaq istədiyim münasib yerin də ünvanını dedim. Çox keçməmiş həmin göstərdiyim ünvan başqa bir adama satıldı və orada mağaza tikildi. Növbəti dəfə qəbulda oldum və bu dəfə mənə başqa bir ünvan təklif edildi. Çarəsiz qalıb razılaşdım. Amma bu sövdəmiz də baş tutmadı və həmin yeri də başqa bir müştəriyə verdilər. Mən sağlıq durumumun bu vəziyyətində yollarda, qəbullarda qalmışam, amma cəhdlərim hər dəfə uğursuzluğa düçar olur. Sonuncu dəfə rayonun başbilənlərinə bildirmişəm ki, artıq bu süründürməçiliyə, bu özbaşınalığa etiraz əlaməti olaraq Prezident Administrasiyasına gedəcəm və 3 oğlumla birlikdə özümə od vurub yandıracam. Məni ələ salaraq "gedəndə "zapravka"dan premium benzin götürməyi unutma, onda yanarkən çox əziyyət çəkmərsiniz" cavabını verirlər. Hörmətli redaksiya! Xahiş edirəm üzləşdiyim bu özbaşınalığı işıqlandırmağınızı və müvafiq qurumların diqqətinə çatdırmağınızı Sizdən xahiş edirəm. Geri qayıt |