Əsas Səhifə > Gündəm, Manşet > Büdcə pulları hesabına qurulan ailə biznesi....

Büdcə pulları hesabına qurulan ailə biznesi....


2-10-2018, 08:19
Büdcə pulları hesabına qurulan ailə biznesi....
Azərbaycanın istiqlalının əleyhinə səs vermiş Ali Sovetin sabiq deputatı, 25 ildən artıq bir müddətdə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olan Əhməd Əhmədzadənin yaratdığı geniş biznes şəbəkəsi ilə bağlı Yenixeber.orq saytı araşdırma aparıb.

Araşdırma yazısında nazir statuslu bir şəxsə və ailə üzvlərinə məxsus şirkətlərin adları məlum olur:

Qax rayonu- şirkətlər diyarı

Xatırladaq ki, 73 yaşlı Əhməd Əhmədzadənin birisi oğlan, ikisi qız olmaqla üç övladı var. Məlum səbəblərdən yeganə oğlu Cuma Əhmədzadə haqqında açıq mənbələrdən əldə etdiyimiz məlumatları oxucularımızla bölüşməyi daha məqsədəuyğun hesab edirik.

Qeyd edək ki, Ə.Əhmədzadə 1979-cu il təvəllüdlü yeganə oğluna öz atasının adını qoyub. Ata-oğul Əhmədzadələr eyni ünvanda, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, 500-ci məhəllə, ev 9-da qeydiyyatdadırlar. Ancaq buna baxmayaraq oğul Əhmədzadəyə məxsus şirkətlərin əksəriyyətinin hüquqi ünvanı Qax rayon, Qaxbaş kəndində yerləşir. Məsələn, 2009-cu il iyun ayının 9-da dövlət qeydiyyatına alınmış, Cuma Əhməd oğlu Əhmədzadə tərədindən təsis olunmuş "Muğal” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) hüquqi ünvanı Qax rayon, Qaxbaş kəndi olub. İlk illərdə bu MMC-yə rəhbərlik Cuma Əhmədzadə tərəfindən həyata keçirilsə də, hazırda MMC-nin direktoru Abdulməcid Abdulhəmid oğlu Əminovdur. Maraqlıdır ki, hüquqi ünvanı Qax rayon, Qaxbaş kəndi, adında "Muğal” sözü olan başqa bir MMC-"Muğal-M” Məhdud Məsuliyyətli Cəmiyyəti-də mövcuddur. "Muğal-M” MMC-nin və hüquqi ünvanı Qax şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 36-da yerləşən və Oruc Teyyub oğlu Bilalov adlı şəxsin direktor olduğu "Qaxmuğal-İnşaat” MMC-nin Cuma Əhmədzadəyə nə dərəcədə bağlı olduğunu qarşıdakı günlərdə araşdırmağa çalışacağıq. Bu MMC-lərdən fərqli olaraq, hüquqi ünvanı Qax rayon, Qaxbaş kəndi olan, Rəsul Aydın oğlu Allahverdiyevin direktor olduğu "Uluyurd” MMC-nin Cuma Əhmədzadə tərəfindən 2009-cu ilin iyun ayının 9-da təsis edildiyi faktdır. Xatırladaq ki, "Muğal” MMC-i də məhz bu tarixdə dövlət qeydiyyatına alınıb…

Cuma Əhmədzadənin təsisçisi olduğu "Advisors CO.” MMC-i isə 2011-ci ilin yanvar ayının 28-də dövlət qeydiyyatına alınıb. Məmməd Ramiz oğlu Həsənli adlı şəxsin direktor olduğu "Advisors CO.” MMC-nin isə hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 26, mənzil 26-dır.

Cuma Əhmədzadənin Nadir Osman oğlu Umarov adlı şəxslə birgə təsis etdiyi "Proyekt” MMC-nin də hüquqi ünvanı Bakı şəhərində yerləşir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan bəy Topçubaşov küçəsi ev 110 A-da yerləşən, 2011-ci ilin aprelin 4-də təsis edilmiş "Proyekt” MMC-yə rəhbərliyi də bu gün Nadir Umarov həyata keçirir.

Cuma Əhmədzadənin həyat yoldaşı olan Günel Rüstəmova Londonda yaşayır və "GYUNEL COUTURE” şirkətinin sahibidir. Rəssam və modelyer olan Günel Rüstəmovanın "GYUNEL COUTURE” şirkətini həyat yoldaşı Cuma Əhmədzadə ilə birlikdə təsis etməsi haqqında mətbuatda məlumatlar olsa da, şirkətin rəsmi saytında biznes strukturun kreativ direktor Günel xanım tərəfindən yaradıldığı öz əksini tapıb. Maraqlananlar "GYUNEL COUTURE” şirkəti və modelyer Günel Rüstəmovanın yaradıcı fəaliyyətini şirkətin rəsmi saytı (http://www.gyunel.com/the-house/) üzərindən izləyə bilərlər.

Cuma Əhmədzadəyə aid olduğu haqqında iddia edilən başqa bir şirkət isə "ALPS s.r.o” şirkətidir. Bu şirkətlə bağlı araşdırma aparmağa çalışacağıq. "GLOBALLY LTD” şirkətinin də Cuma Əhmədzadəyə məxsus olması ilə bağlı iddialar var. Əgər göstərilən veb səhifəyə nəzər salsanız bu məlumata (https://companycheck.co.uk/company/07875402/GLOBALLY-LTD/companies-house-data) –(Directors & Secretaries -For a full in-depth analysis on each of these directors, click any of the links below-Name-Role Date Of Birth Appointed Resigned MR JUMA AHMAD ZADA Director Nov 1979 08 Dec 2011) rast gələ bilərsiniz.

Oğul Əhmədzadənin bu şirkətlərdən əlavə otelllər və restoranlar şəbəkəsinin sahibi olduğu ilə bağlı da iddialar var. Onların arasında "El-Resort” oteli kimi bir neçı otel və restoran, şadlıq evinin adları yer alıb. Ancaq həmin məlumatları təsdiq edəcək rəsmi məlumatlar olmadığı kimi, Əhmədzadələr tərəfindən təkzib edilmədiyi üçün iddialar gündəmdə qalmaqda davam edir.

Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə kimi qardaşları, qardaşı oğlanları və digər qohumları da müstəqil dövlətin imkanlarından gen-bol yararlanıblar. Baxmayaraq ki, Əhməd Əhmədzadə bu müstəqilliyin əleyhinə olub, bu fakt onun qardaşı Mübariz Əhmədzadənin 27 dekabr 2007-ci ildən 1 sentyabr 2009-cu ilədək Qax rayon İcra Hakimiyyətinin başçısı, son 9 il ərzində isə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı olmasına mane olmayıb. Maraqlıdır ki, 01 sentyabr 2009-cu ildə Zaqatala rayonu İcra Hakimiyyətinin başçısı təyin edilən Mübariz Əhmədzadə 25 sentyabr 2009-cu ildə "Qax Avto” MMC-ni təsis edib(?) Zaqatala rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin təsis etdiyi "Qax Avto” MMC-nin hüquqi ünvanı isə Qax şəhəri, Mirzə Fətəli Axundov küçəsi, ev 15 olaraq göstərilib və direktoru Sərvər Babaş oğlu Hacıyevdir.

Bu ilin martında yaradılmış və bir milyon manat nizamnamə kapitalı olan "Qax Aqro” MMC-nin də Əhmədzadələrin biznes imperiyasına aid olması haqqında iddialar olsa da, təsdiqedəci rəsmi məlumat yoxdur. Amma, Mübariz Əhmədzadənin gömrük məmuru olan oğlu Coşqun Əhmədzadənin "Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis etməsi haqqında rəsmi məlumatlar var. 23 yanvar 2012-ci ildə təsis edilmiş "Corasuni” MMC-nin qeydiyyata alındığı hüquqi ünvanla Coşqun Əhmədzadənin daimi pasport qeydiyyatında olduğu ünvan da eynidir. Belə ki, Coşqun Əhmədzadə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi ev 68-də qeydiyyatdadır, "Corasuni” MMC-də həmin ünvanda yerləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilən Coşqun Əhmədzadə atası kimi dövlət idarəçiliyində yer aldığı kimi, biznes strukturlar da yaradır. Coşqun Əhmədzadə əmisi oğlu Cuma Əhmədzadənin şirkətlər yaratdığı Qax rayon, Qaxbaş kəndində bir neçə mülkə sahibdir. Bütün bu imkanları onlar Azərbaycan müstəqil dövlət oldqudan sonra əldə ediblər. Baxmayaraq ki, bu nəslin ağsaqqalı Əhməd Əhmədzadə 1991-ci ilin oktyabrın-19-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktının qəbul olunmasının əleyhinə səs verib. Yuxarıda qeyd olunan biznes strukturlar istiqlalın əleyhinə çıxmış bir şəxsin qohum-əqrabasının biznes imperiyasının üzə çıxarılmış hissəsi və ya aysberqin görünən tərəfidir.

Geri qayıt