Əsas Səhifə > Gündəm, Manşet > Qoşqar Təhməzlidən NARAZILIQ VAR

Qoşqar Təhməzlidən NARAZILIQ VAR


27-10-2018, 09:16
Qoşqar Təhməzlidən NARAZILIQ VAR
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) fəaliyyətə başlamasından 4 aydan çox vaxt keçir. Bu müddət ərzində qurum tərəfindən müəyyən işlər görülüb, addımlar atılıb. Hələlik birbaşa qida təhlükəsizliyi sahəsində agentliyin fəaliyyətinin ciddi nəticələri hiss olunmasa da, sahibkarlara münasibətdə neqativ meyl qabarmaqdadır. Belə ki, redaksiyamıza müraciət edən bir qrup sahibkar AQTA-nın xidmətlərindən narazılıq edib.

Sahibkarlar bildirirlər ki, xaricdən ərzaq məhsullarının idxalı ilə məşğul olurlar: “Malımız gəlib gömrük sərhədinə çatanadək Qida Təhlükəsizliyi Agentliyindən sənədlər Gömrük Komitəsinə göndərilməlidir. Həmin sənəd 7 iş günü müddətində verilməlidir. Buna görə də biz sənədlərimizi 9-10 iş günü əvvəldən aparıb agentlik əməkdaşlarına təqdim etdik. Malımızın gəlib çatmasına 1 gün qalmış gömrükdən maraqlandıq, gördük ki, sənədlərimiz hələ gəlməyib. ASAN xidmət tərkibində fəaliyyət göstərən agentlik əməkdaşlarına müraciət etdikdə bizə birbaşa idarəyə müraciət etməyimizi məsləhət gördülər. Getdik Qida Təhlükəsizliyi Agentliyinin ofisinə. Oradan da bizə açıqca dedilər ki, ASAN-a deyil, birbaşa onlara müraciət etməliyik. Uzun müzakirələrdən sonra sənədimizi malımız gələn gün göndərdilər gömrüyə. Həmin gün isə agentliyin əməkdaşlarının süründürməçiliyi üzündən gömrük rəsmiləşdirilməsi başa çatmadığı üçün məcbur olub malımızın gömrük ərazisində saxladıq. Qaydaya görə də bunun üçün 160 dollar ödəməli olduq”.

Sahibkarlar bildirirlər ki, ASAN Xidmət birbaşa ölkə prezidentinin təşəbbüsü ilə korrupsiyanın qarşısını almaq məqsədilə yaradılıb: “Amma Qida Təhlükəsizliyi Agentliyi bu gözəl təşəbbüsə kölgə salmağa, sahibkarları onların birbaşa özünə müraciət etməsinə çalışır. Bilmirik, bu işdən nə əldə edirlər ki, bizi belə dolayı yollara salırlar. Biz bilmirik gətirdiyimiz malın satışının qeydinə qalaq, yoxsa qurumların arasında yol ölçək”.

Onu da qeyd edək ki, AQTA ilə ASAN arasında anlaşma memorandumu iyunun 12-də imzalanıb. Bununla bağlı AQTA-nın yaydığı məlumata görə, imzalanmış memoranduma əsasən, Qida Təhlükəsizliyi Agentliyinin xidmətləri ASAN xidmət mərkəzlərində həyata keçirilməlidir. Tərəflər ASAN mərkəzlərində AQTA-nın 14 xidmətinin göstərilməsi barədə razılığa gəliblər. İmzalanmış memoranduma əsasən, ərzaq təhlükəsizliyi subyektlərinin qeydiyyatı üzrə təşkilati, hüquqi və maarifləndirici işlərin hazırlanması və həyata keçirilməsi, müvafiq sertifikatların verilməsi və dövlət reyestrinin aparılması ASAN xidmət mərkəzlərində nəzərdə tutulur.

Maraqlıdır ki, Agentliyin saytında ASAN vasitəsilə göstərilən xidmətlərə dair məlumatı axtarıb tapa bilmədik. Saytın “Elektron xidmətlər” bölməsində heç bir məlumat yerləşdirilməyib. Bundan əlavə, “Məlumat” bölməsindəki “Standartlar” altbölməsində də məlumat yoxdur. Hansı ki, bu məlumatlar sahibkarlar üçün mühüm əhəmiyyət kəsb edir.

P.S. Qida Təhlükəsizliyi Agentliyindən sahibkarların iradları ilə bağlı rəy almaq istədik, lakin suallarımızı cavablandıracaq bir kimsəni tapa bilmədik. Agentliyin rəyini dərc etməyə hazırıq.

Geri qayıt