Əsas Səhifə > Gündəm > Demokratik ölkəyik, bu qadağa tətbiq edilə bilməz

Demokratik ölkəyik, bu qadağa tətbiq edilə bilməz


1-11-2018, 11:51
Demokratik ölkəyik, bu qadağa tətbiq edilə bilməz
“Reallıq.info” və başqa bir neçə saytın rəhbəri İkram Rafiqoğlunun həbsi reket jurnalistlərlə bağlı məsələni yenidən gündəmə gətirib. Hətta tanınmış media təmsilçiləri reket jurnalistlərlə mübarizə aparmaq üçün bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən biri də odur ki, xəbər saytı açmaq üçün lazım olan domenlərin alınması mərkəzləşdirilmiş qaydada həyata keçirilsin. Bundan başqa, domen üçün müraciət edən şəxslərə Mətbuat Şurası tərəfindən rəy verilsin, sayt açmaq istəyən şəxs yalnız maddi-texniki bazası, ofisi və peşəkarlardan ibarət kollektivi olduğu halda domen ala bilsin.

İrəli sürülən bu təkliflərə münasibət bildirən millət vəkili Aqil Abbas Axar.az-a açıqlamasında bildirib ki, bu məsələlərə Mətbuat Şurası deyil, Ədliyyə Nazirliyi diqqət yetirməlidir:

“Mətbuat Şurası ictimai təşkilat olduğu üçün ona səlahiyyət verilə bilməz ki, sayt açılması üçün rəy versin. Böhtan atılan şəxslər şikayət ərizəsi ilə Mətbuat Şurasına müraciət edərsə, onlar yalnız buna nəzarət edə bilər. Şuranın saytı bağlamaq səlahiyyəti yoxdur. Demokratik ölkədə yaşayırıq, hər bir şəxsin domen alıb, sayt açmaq hüququ var. Domen alan şəxslə bağlı Ədliyyə Nazirliyi tədbirlər görə bilər. Yəni bir adamın saytı qara siyahıya düşübsə və ya bloklanıbsa, onda nazirlik tərəfindən qadağa qoyulmalıdır ki, həmin şəxs, heç olmasa, bir illik bu hüquqdan məhrum edilsin. Çünki həmin şəxs sayt bloklansa belə, başqa bir adla digərini açacaq. Ona görə də həmin şəxsin bu hüquqdan müvəqqəti məhrum edilməsi məqsədəuyğun olar”.

Millət vəkili dünya praktikasında reketçiliklə məşğul olan şəxslərlə mübarizə metodlarından da danışıb:

“Bir çox ölkədə belə hallar baş verir. Onlar bununla bağlı qanunlar qəbul edirlər. Həmin ölkələrin qanunlarına uyğun olaraq televiziya və ya sayt müvəqqəti məhdudlaşdırılır. Ən çox da qardaş Türkiyədə belə hallar baş verir. Reketçilik edənlərin əlindən səhmlər müvəqqəti olaraq alınır.

Düşünürəm ki, informasiya portalı açan şəxsin təhsilinə və digər məsələlərə baxılmalıdır. Hər kəsin kütləvi informasiya vasitəsi açmaq hüququ var, amma buna nəzarət lazımdır”.

Geri qayıt