Əsas Səhifə > Gündəm, Manşet > Nədən Eldar Əzizov?
Nədən Eldar Əzizov?16-11-2018, 09:03 |
Prezident İlham Əliyev noyabrın 15-də Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Yada salaq ki, aprelin 21-də prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi haqqında məlum sərəncamından sonra Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tutduğu vəzifədən azad olundu. Digər sərəncamla o, baş nazirin müavini təyin edildi. Abutalıbovun gedişindən sonra BŞİH rəhbərliyində yalnız bir müavin qalmışdı - Fidumə Hüseynova. BŞİH-də yeganə rəhbər şəxs olan F.Hüseynova 2005-ci ildən BŞİH başçısının müavini vəzifəsində çalışırdı. Çünki Abutalıbovun müavini Rauf Pənahov 2017-ci ilin iyunda vəfat etsə də, onun yerinə də təyinat olmamışdı. Bu səbəbdən də Abutalıbovun yerinə kimin təyin ediləcəyi mediada ən çox dartışılan mövzuya çevrilmişdi. Bakı şəhər icra hakimiyyətinin başçısı vəzifəsi strateji post olduğundan ora kimin təyin olunacağını əvvəlcədən proqnozlaşdırmaq da çətin idi. Üstəlik, Abutalıbovun BŞİH başçısı vəzifəsində azad edilməsi paytaxt təsərrüfatı sistemində böyük dəyişikliyə hazırlıq kimi izah edilirdi. 2001-ci ilin yanvar ayından BŞİH-nin başçısı olan Abutalıbov son illər ciddi tənqid hədəfinə çevrilmişdi və hətta dövlət qəzetləri belə şəhər təsərrüfatındakı problemlərdən yazaraq merin fəaliyyətini tənqid edirdilər. Bakının simasını eybəcərləşdirən qanunsuz tikililərdən isə narazılıq daha çox idi. Dünya turizminin əsas mərkəzlərindən birinə çevrilməyə iddialı olan Bakıya yaraşmayan tikililərin artması prezident İlham Əliyevin ən çox narazı qaldığı sahələrdən biri idi. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin oktyabrda keçirilən son müşavirəsində dövlət başçısı bu məsələ barədə kifayət qədər sərt mövqe ortaya qoydu. Sitata diqqət edək: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”. Bu sitatdan da göründüyü kimi, dövlət başçısı qanunsuz tikililərdən böyük pullar qazananlar sırasında BŞİH-nin də adını çəkib. “Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub” - deyərək, həm də Bakının yeni merindən tələblərini sıralamışdı. Qeyd edək ki, bu müşavirədən bir müddət əvvəl-konkret olaraq iyulun 16-da Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov BŞİH başçısının birinci müavini təyin edilmişdi və o, şəhər merinin səlahiyyətlərini icra edirdi. E.Əzizov şəhər təsərrüfatına yaxşı bələd olan azsaylı kadrlardan biri hesab olunur. O, 1987-ci illərdə Bakı şəhər komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1999-cu ildən BŞİH-də Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından BŞİH başçısının müavini vəzifələrində işləyib. 2000-ci ilin iyun ayından Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin, 2003-2011-ci illərdə Gəncə şəhər İcra Hakimiyyətinin, 2011-2015-ci illərdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub. 2015-ci ilin sentyabr ayından isə Bakının mərkəzi rayonlarından biri olan Səbayel rayon İcra Hakimiyyətinin başçısı işləyib. Keçdiyi yol və bu illərdə şəhər təsərrüfatının idarəedilməsində topladığı təcrübə, Bakıda qanunsuz tikililərin dayandırılması istiqamətində fəaliyyəti onun tezliklə meriyaya tam səlahiyyətli rəhbər olmaq şansını artırırdı. Amma belə görünür ki, hətta belə təcrübəli kadrı da prezident İlham Əliyev düz 4 ay sınaq müddətində yoxlamağa üstünlük verdi. E.Əzizovun bundan sonrakı işi də prezidentin xüsusi diqqətində olacaq. Bakının yeni başçısını ciddi sınaq və görüləcək xeyli işlər gözləyir... “Yeni Müsavat” Geri qayıt |