Əsas Səhifə > Gündəm, Manşet > "Birlik İnşaat" elə bir fırıldaq gəlib ki...

"Birlik İnşaat" elə bir fırıldaq gəlib ki...


23-01-2019, 09:25
"Birlik İnşaat" elə bir fırıldaq gəlib ki...
Qapıdan yox, divardan: Talassemiyanın ağır formasından əziyyət çəkən Əfsanə Qarakişiyevanın Bakıdakı mənzilinin zəbt edilməsi ilə bağlı məsələdə gözlənilməz dönüş baş verib. Özünü mənzilin hüquqi sahibi adlandıran şəxslər divarı dağıdaraq içəri daxil olublar və bundan sonra Xətai rayon Polis İdarəsinin əməkdaşları mənzilin qapısını möhürləyərək illərdir münaqişə vəziyyətində olan tərəfləri məhkəməyə yönləndiriblər. Bu barədə Sputnik Azərbaycan-a Əfsanə Qarakişiyeva məlumat verib.

Sputnik Azərbaycan-ın daha əvvəl də verdiyi məlumata görə, bütün gecəni öz mənzilində Qarakişiyevanı yemək və dərmansız şəkildə girov saxlayıblar. Məsələ ondadır ki, mənzilə iddiaçı olan Rafiq İsmayılovun arvadı asayiş keşikçiləri Qarakişiyevanı mənzilə buraxandan sonra, yanvarın 20-də axşam qapını bağlayaraq yaxına heç kəsi buraxmayıb. Hadisə yerinə gələn polisin ikinci cəhdindən sonra İsmayılova qapını açmağa razılaşıb. Bütün gecəni yata bilməyən Qarakişiyeva özünü pis hiss edərək oradan gedib. Mənzildə isə onun valideynləri qalıb.

Qeyd edək ki, Qarakişiyeva Birlik-İnşaat tikinti şirkətinin məşhur qalmaqallı fırıldağının qurbanı olub və şəxsi mənzilinin başqaları tərəfindən zəbt olunması problemi ilə üzləşib. Hətta onun xeyrinə qərar çıxarmış məhkəmə belə qadına öz mülki hüquqlarını bərpa etməyə kömək etməkdə aciz qalıb. 2006-cı ildə Qarakişiyeva Birlik-İnşaat tərəfindən "Həzi Aslanov" metrostansiyası yaxınlığında tikilən binadan mənzil alıb. Bir neçə ildən sonra qadına məlum olub ki, şirkət onun aldığı mənzili başqa şəxslərə də satıb. Eyni zamanda həmin mənzil Bakı metropoliteninin polis şöbəsinin əməkdaşı Ramin İsmayılov və onun əmisi, keçmiş yanğınsöndürən Rafiq İsmayılova satılıb. Ramin İsmayılov Sputnik Azərbaycan-a verdiyi açıqlamada 2016-cı ildə məhkəmə qərarlarının icrası nəticəsində mənzili Qarakişliyevaya təhvil verdiyini və daha ona iddia etmədiyini desə də, onun dayısı əksinə, deyib ki, mənzilin qanuni sahibi özüdür və son yeddi ildir, burada yaşayır.

Mülki hüquqların tənzimlənməsi məsələsi polisin səlahiyyətlərinə daxil olmasa da, yanvarın 21-də asayiş keşikçiləri münaqişə tərəflərinə öz problemlərini məhkəmə qaydasında həll etməyənə qədər mənzilə daxil olmağı qadağan edib. Lakin yanvarın 22-də növbəti hadisə baş verib. Rafiq İsmayılov və onun qohumları mənzilin divarını dağıdaraq açdıqları deşikdən içəri daxil olublar. Tərəflər arasında növbəti bazarlıq başlayıb.

"Rafiq İsmayılov təklif etdi ki, mənzili satdıqdan sonra 2006-cı ildə bu mənzili almaq üçün verdiyim 21 min dolları mənə geri qaytarsın. Mən əlbəttə ki, razılaşmadım. Axı hansı əsasla buna razılıq verə bilərdim? Mən də eyni məntiqlə ona mənzili satandan sonra 2011-ci ildə ödədiyi 11 min manatı təklif edə bilərdim. İndi o çalışır ki, mənzili satmaq üçün məni sənədlərimi ona verməyə razı salsın. Amma o, bunu təkbaşına edə bilməz" - Qarakişiyeva deyib.

İsmayılov divarda açdığı deşiyi yamayıb. Xətai RPİ əlbəttə ki, bundan xəbərdardır və vətəndaşın polisin tələbinə uymadığının fərqindədir. İndiyədək tərəflər razılığa gəlməyiblər. Mənzil uğrunda "qanlı mübarizə" davam edir. Qarakişiyeva deyib ki, artıq o, mənzilin əsl sahibi olduğunu sübut etməkdən yorulub. İndi Heydər Əliyev Fondunun vitse-prezidenti, talassemiya xəstələrinə bütün zəruri dəstəyi verən Leyla Əliyevaya müraciət etməkdən başqa çarəsi qalmayıb.

"Birlik İnşaat" elə bir fırıldaq gəlib ki...
"Birlik İnşaat" elə bir fırıldaq gəlib ki...


Geri qayıt