Əsas Səhifə > Gündəm, Manşet > Eldar Mahmudov həbsdən canını necə qurtardı...
Eldar Mahmudov həbsdən canını necə qurtardı...25-02-2019, 08:39 |
2015-ci il oktyabrın 17-də tutduğu vəzifədən çıxarılandan sonra Eldar Mahmudov yaxasını istintaqçılardan kənar tutmağı bacarır. Ətrafında aparılan həbslər onun yaxın qohumlarına qədər uzansa da, sabiq nazir bu günə qədər azadlıqdadır. 2016-cı ili tam olaraq, 2017-ci ilin 10 ayını Eldar Mahmudov ümumiyyətlə, sorğulayan olmayıb. Vəzifədən çıxarılandan sonrakı 2 ildə toxunulmaz qalması belə bir fikir formalaşmışdı ki, Eldar Mahmudov istintaqa çağırılmayacaq. 2017-ci ilin noyabrında Eldar Mahmudovu ilk dəfə istintaqa çağırdılar və “MTN işi”nin növbəti mərhələsi başladı. Zərərçəkənlər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin önünə gedib sabiq nazirin dindirməsinin yekunlaşmasını gözlədilər, idarədən çıxan Eldar Mahmudovun üzünə düşündüklərini dedilər. 2017-ci ilin sonuna qədər Eldar Mahmudov 4 dəfə dindirildi. Bu cür gəlişmə Eldar Mahmudovun 2018-ci ildə həbs edilə biləcəyi ehtimalını gücləndirmişdi. Bu da əbəs deyildi. Sabiq naziri yaxın çevrəsində olmuş, hazırda həbs həyatı yaşayan generallarla üzləşdirmişdilər. Belə bir üzləşmələrdən biri Eldar Mahmudovla ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovla olmuşdu. Üzləşmə mövzusunun Eldar Mahmudovun ölkədən 1 milyard dollar çıxarması olduğu da gələn xəbərlər sırasında idi. Eldar Mahmudova ittihamların ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlı ola biləcəyi də qeyd olunurdu. Maraqlıdır ki, 2018-ci il Eldar Mahmudov üçün sakit keçib, 2019-cu ilin ötən ay və günləri də sabiq nazirin rahatlığını pozmayıb. Bu günə qədər ictimaiyyətə Eldar Mahmudovun statusu haqda da məlumat verilmir. Onun “MTN işi” şahid və ya təqsirləndirilən şəxs olması da bilinmir. Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Eldar Mahmudovun ölkədən 1 milyarddan artıq pul çıxardığını açıqlamışdı: “Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Eldar Mahmudovun Akif Çovdarovla üzləşdiyi ehtimal olunur. Çovdarov da demir ki, hansısa əməliyyatı həyata keçirərkən Eldar Mahmudov bizə mane olub. O da ölkədən pul çıxarılması barədə danışır”. Yada salaq ki, hazırda Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyev də məhkəmə qarşısındadır. O da ölkədən milyardlarla pul qaçırmaqda ittiham olunur. C.Hacıyev əvvəlki ittihamlarla 15 il müddətinə azadlıqdan məhrum edilib. “Yeni Müsavat” Geri qayıt |