Əsas Səhifə > Gündəm, Manşet > "Bank of Baku" prezidentin dollar kreditlərilə bağlı fərmanını sabotaj edir

"Bank of Baku" prezidentin dollar kreditlərilə bağlı fərmanını sabotaj edir


2-05-2019, 08:21
"Bank of Baku" prezidentin dollar kreditlərilə bağlı fərmanını sabotaj edir
Prezident İlham Əliyevin dollar kreditləri ilə bağlı imzaladığı məlum fərmandan sonra fevral ayının 22-dən etibarən vətəndaşlara kompensasiyaların ödənilməsinə başlanılıb.

Yenicag.az xəbər verir ki, artıq bankların çoxu məbləği 500 manatdan artıq olan kompensasiyaların hesablara köçürülməsi üçün vətəndaşlarla müqavilə bağlayıb, kartları da təqdim edib.

Jurnalist Həsən Babayev isə sosial şəbəkədə bildirib ki, “Bank of Baku” vətəndaşları süründürməklə məşğuldur:

“Bank 500 manatdan çox kompensasiya almalı olan vətəndaşları “Gedin, sms göndəriləndə gələrsiz”, “Kartlar hələ hazır deyil”, “Gedin, gələn həftə gələrsiz” kimi sözlərlə süründürməçiliyə məruz qoyurlar”.

Jurnalist bank rəhbərlərinə üz tutaraq “yoldaş bank rəhbəri və ya rəhbərliyi, nümayiş etdirdiyiniz davranış, kompensasiyanın ödənilməsində yol verdiyiniz yuxarıda qeyd etdiyim hallar ölkə başçısının fərmanını sabotaj etməkdir”, deyib.

Həsən Babayevin iradına cavab olaraq isə “Bank of Baku”dan bildirilib ki, mayın sonuna qədər proses bitəcək:

“Kompensasiya əldə edəcək müştərilər 10 minlərlədir və filiallarımızda sıxlığın yaranmaması, növbədə vaxt itkisinin olmaması üçün müştərilər növbə ilə dəvət olunurlar. Artıq 30 minə yaxın müştəri bankdan kompensasiya məbləğlərini əldə ediblər. Mayın sonunadək proses tamamlanacaq”.

Geri qayıt