Əsas Səhifə > Gündəm, Manşet > Milyardları üyüdən "köhnə dəyirman" təzə qiyafədə...

Milyardları üyüdən "köhnə dəyirman" təzə qiyafədə...


3-07-2019, 08:54
Milyardları üyüdən "köhnə dəyirman" təzə qiyafədə...
Bu günlərdə Contact.az internet resursunda Azərbaycan Beynəlxalq Bankının (ABB) sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin müdafiəsinə yönəlik bir təhlil yerləşdirilib. Azərbaycanda məhkəmə, istintaq prosesi, iqtisadi xarakterli cinayətlərin araşdırılması təcrübəsinə həsr olunmuş təhlil bir sıra məqamları ilə diqqəti cəlb edir.

Materialda qeyd olunur ki, Azərbaycanda qətimkan tədbiri kimi həbsin seçilməsi halı çox geniş yayılıb: “Məsələn, məhkəmə statistikasına görə 2017-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin xüsusi çəkisi Azərbaycanda 54,8 faiz, Qırğızıstanda 39,6 faiz, Tacikistanda 34 faiz; Belarusda 30,7 faiz, Rusiyada 29 faiz, Ukraynada 21,2 faiz və s. təşkil etmişdir. Halbuki Qərbi Avropanın çox ölkələrində bu göstərici 8,15 faizdən artıq olmur. Göründüyü kimi, azadlıqdan məhrumetmə cəzası Azərbaycanda daha yüksəkdir. İttihamedici hökmlərin sayının artması, azadlıqdan məhrumetmə cəzasının tempinin sürəti çox narahatedici əlamətdir və ədalət mühakiməsində ciddi problemlərin olduğunun göstəricisidir”.

Təhlili aparan şəxsin Azərbaycanda iqtisadi xarakterli cinayətlərin araşdırılması sahəsində peşəkarlığın olmamasına dair fikirləri haradasa qəbul olunandır. Məhz elə bu zərurəti nəzərə alaraq ölkə prezidentinin fərmanı ilə Azərbaycanda sırf iqtisadi cinayətləri, mübahisələri araşdıracaq kommersiya məhkəmələrinin yaradılmasına başlanılıb. Bununla bağlı müvafiq hüquqi baza formalaşdırılıb, yəqin ki, ən uzağı növbəti ildən həmin məhkəmələr fəaliyyətə başlayacaq.

Müəllifin C.Hacıyevin Beynəlxalq Bankdakı yeyintilərlə bağlı aparılan istintaq, məhkəmə prosesinə dair fikirləri, onun həmin illərdə baş vermiş iqtisadi böhranın qurbanı kimi təqdim olunması birmənalı olaraq sabiq bankirin müdafiəsinə yönəlib desək, yanılmarıq. Xüsusilə ölkənin ən böyük bankının talanmasına dair proseslərin uzadılması, yeni şəxslərin istintaqa cəlb olunması barədə qeydlər diqqəti cəlb edir. Məsələ burasındadır ki, iqtisadi xarakterli cinayətlərin istintaqı illərlə davam edən bir proses ola bilər. Dünya praktikası da göstərir ki, iqtisadi, maliyyə xarakterli istintaq, hətta məhkəmə prosesləri 5-6, bəzən 10 ilə qədər davam edə bilir. Nəzərə alsaq ki, Beynəlxalq Bank işində söhbət onlarla ölkədə, ofşorlarda həyata keçirilmiş maliyyə-bank əməliyyatlarını əhatə edir, bu zaman istintaqın yeni-yeni faktlar aşkarlaması təəccüblü deyil.

Müəllifin Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə bağlı fikirləri də qəbulediləndir. Xüsusilə israfetmə ilə mənimsəmənin eyniləşdirilməsinin yaratdığı problemlər barədə qeydlər reallığı əks etdirir. Lakin C.Hacıyevin işi üzrə aparılan istintaq nəticəsində aşkara çıxarılan mənimsəmələri yalnız Azərbaycan məhkəmələri deyil, Böyük Britaniya məhkəmələri də qeyd edirlər. Bu ölkədə C.Hacıyevin xanımı Zamirə Hacıyevanın xərcləmələrinə dair açıqlanan məlumatlar sabiq bankirin “süddən çıxmış ağ qaşıq” olmadığını çox aydın şəkildə ortaya qoyur. Z.Hacıyeva on il ərzində Londonun məşhur dükanı “Harrods”da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu ödənişlər Beynəlxalq Banka məxsus 35 kartla həyata keçirilib.

C.Hacıyevin arvadı plastik kartlarla Azərbaycanda və bir çox xarici ölkələrdə bankomatlar vasitəsilə Beynəlxalq Bankdan 13.5 milyon dollar, 2.8 milyon avro və 4 milyon manat (o vaxtkı məzənnə ilə 18 milyon manat) çıxarıb.

Britaniya Ali Məhkəməsinin araşdırmaları üzə çıxarıb ki, Virgin adalarında mənzillənən bir şirkət Londonun qərbində «Harrods» alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Və bu evin sahibləri Zamirə Hacıyeva və Cahangir Hacıyevdir.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını - “Mill Ride Golf Club”u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün “Harrods”ın bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) Gulfstream G550 jet təyyarəsini aldığını da ortaya çıxarıb.

Əlbəttə, Beynəlxalq Bankdan verilən kreditlərin heç də hamısı mənimsəmə məqsədli olmayıb. Lakin axı elə kreditlər də var ki, nəinki C.Hacıyev kimi təcrübəli bankir, heç maliyyə sistemindən başı çıxmayan birisi də ona qol qoymazdı. Məsələn, kosmosa uçan ilk müsəlman qadına Beynəlxalq Bankdan 12 milyon dollar kredit verilib. Ənuşə Ənsari 12 milyon dolları alıb və Beynəlxalq Bankın varlığını, sadəcə, “unudub”.

Məşhur azərbaycanlı milyarder Telman İsmayılova Cahangir Hacıyevin dost-tanışı 51 faizi dövlətə məxsus olan ABB-dən 70 milyon dollar kredit veriblər. Telman İsmayılov krediti ödəyə bilməyib. Amma Anuşə Ənsari kimi “unutqan”lıq da etməyib, özünün şirkətlərinin bir neçəsini Cahangir Hacıyevin nəzarətinə keçirib.

Bütün bunlar Cahangir Hacıyevin yaxın dostu Fuad Abdullayev tərəfindən açıqlanıb. Şahid qismində ifadə verən Fuad Abdullayev deyib ki, 1992-ci ildən Beynəlxalq Bankda işləyib. Bildirib ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəri olandan sonra 2001-ci ildə onu Moskva filialının rəhbəri təyin edib. Orada bir çox layihə işləri həyata keçirilib. Fuad Abdullayev kosmik talançılığın, Telman İsmayılova kredit verilməsi göstərişinin Cahangir Hacıyevdən gəldiyini deyib.

Sitat: “Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürdü. Odessa şəhərində ticarət şirkətlərinin inşası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Layihəni həyata keçirmək üçün ona kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandığından kreditləri ödəyə bilmədi. 2013-cü ildən isə ödənişləri dayandırdı. Daha sonra Telman İsmayılov dörd şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi”.

F.Abdullayev kosmosa turist kimi uçan ilk müsəlman qadın olan Ənuşə Ənsarinin bankdan kredit götürməsi ilə bağlı da maraqlı açıqlama verib. Sitat: “Ənuşə Ənsari ABŞ-da ”Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Sonradan kreditin faizi ödənilsə də, əsas borc qalmışdı. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur".

Cahangir Hacıyev və komandasının sadəlövh olmadığını göstərən məqamlar çoxdur. Məsələn, Cahangir Hacıyevin razılığı ilə Qazaxıstanda “Kultuk” neft yatağı alınıb. Bu epizod üzrə də Fuad Abdullayevin adı şahid qismində keçir. O, ifadəsində deyib: “Cahangir Hacıyevi Emin Sadiqlə mən tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə olundu. Həmin neft yatağı bir neçə şəxsin adına rəsmiləşdirildi. Bankın adına isə - bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsmiləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Lüksemburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişməsi gedir”.

Beynəlxalq Bankdan yalnız özünü iş adamı kimi tanıdan İbrahim Nehrəmlinin utopik “Xəzər adaları” layihəsinə 800 milyon manat kreditin ayrılması göstərir ki, C.Hacıyev nə qədər “günahsız”dır.

Məhkəmə proseslərinin davam etdiyi indiki vaxtda dövriyyəyə belə yazıların buraxılması, Hacıyevin cinayətlərinə müxtəlif cür haqq qazandırma cəhdləri heç də təsadüfi görünmür.

C.Hacıyevin müdafiəçiləri iddia edir ki, Beynəlxalq Bank 2001-2015-ci illərdə çoxlu sayda müəssisələr, zavodlar, fabriklər və s. yaradıb. Amma əslində bu şirkətlər Beynəlxalq Banka yox, C.Hacıyevin özünə məxsus olub - bankdan oğurlanan pullar hesabına sözügedən şirkətlərə sərmayə qoyub, ancaq ölkə bu şirkətlərdən bir qəpik də faydalanmayıb.

Məhz C.Hacıyevin rəhbərliyi dövründəki talançılıq nəticəsində Azərbaycan dövlətinin maliyyə-bank sektoruna misli görülməmiş zərbə vurulub. Söhbət 9 milyard dollardan, başqa sözlə, ölkənin ümumi daxili məhsulunun 20-25 faizi səviyyəsində mənimsəmədən gedir.

Bu gün Böyük Britaniya məhkəməsi xanım Hacıyevanın işini araşdırır. Bu prosesdə Z.Hacıyeva əldə etdiyi gəlirlərin mənbəyini göstərə bilmir, çünki o pullar Azərbaycan dövlətinin oğurlanmış pullarıdır. Bu gün C.Hacıyev Azərbaycan məhkəməsində yol verdiyi cinayətlərin hesabını verir. Hər bir vətəndaş kimi onun müdafiəsini təşkil etmək hüququ var. Lakin məhkəmədən ədalət gözləyənlər eyni yanaşmanı özləri də nümayiş etdirməlidilər. Əks halda, özləri qərəzli durumda görünürlər...
“Yeni Müsavat”

Geri qayıt