Əsas Səhifə > Gündəm, Manşet > "Unibank" sənədləri saxtalaşdırıb vətəndaşın evini ələ keçirmək istəyir...
"Unibank" sənədləri saxtalaşdırıb vətəndaşın evini ələ keçirmək istəyir...8-07-2019, 10:00 |
DİA.AZ: - "Unibank" Kommersiya Bankının yol verdiyi hüquqi özbaşınalıqlar barədə məlumatlar mediada tez-tez yer alır. Bu dəfə bank tərəfindən törədilmiş növbəti maxinasiya hərracın saxtalaşdırılması yolu ilə özgə əmlakın mənimsənilməsi faktı barədədir. DİA.AZ-a daxil olan məlumatda deyilir ki, sözügedın qanun pozuntusu Bakı şəhər sakini İslam Həsənovun "Unibank" ASC-yə olan 57037 dollar kredit borcunun qaytarılması üçün yüklü edilmiş əmlakının hərrac yolu ilə satılması zamanı baş verib. Bu barədə mətbuata hüquq müdafiəçisi Elçin Məmməd məlumat verib. Onun sözlərinə görə, Nəsimi rayon Məhkəməsinin icra sənədində borclunun həyat yoldaşının mülkiyyətində olan H.Əliyev küçəsi, ev 3, 35 saylı mənzilin açıq hərrac yolu ilə satılmalı olduğu göstərilir. Qeyd edək ki, hərraca çıxarılarkən həmin mənzilin qiyməti məhkəmə tərəfindən 70 min manat müəyyən edilib. Elçin Məmməd bildirib ki, Nəsimi rayon İcra və Probasiya şöbəsi ipoteka ilə yüklü edilmiş mənzilin hərraca çıxarılması barədə cari ilin yanvarında “Hidayətoğlu Şirkətlər Qrupu” MMC-yə məktub göndərib. "Bütün saxtakarlıq və mənimsəmə prosesi də bundan sonra başlayıb. Həmin mənzillə bağlı hərracın keçirilməsi və nəticələri barədə borclu tərəfə heç bir məlumat verilməyib. İcra şöbəsindən aldığımız məlumata görə, ilkin hərrac bu il fevralın 15-də, təkrar hərrac isə martın 5-də keçirilib. Lakin qeyd edilən hərracla bağlı vətəndaşa hər hansı bildiriş göndərilməyib və hərrac onların iştirakı olmadan keçirilib. Bununla da, ipoteka qoyan hərracda alıcı qismində də iştirak etməkdən məhrum olub. Əldə olunan sənədlərdən məlum olur ki, ipoteka ilə yüklü edilmiş mənzil hərraca çıxarılsa da, qalib olmadığından həmin mənzil daha aşağı qiymətə - 44625 manata tələbkara təklif olunub və hərracın yekunları barədə 15.03.2019-cu il tarixli, 34/2 saylı protokol tərtib edilib." – hüquq müdafiəçisinin verdiyi məlumatda belə deyilir. Həmçinin qeyd edilir ki, hərracın nəticələri ilə bağlı hərrac təşkilatı və icra şöbəsindən əldə edilən sənədlər arasındakı ziddiyyətlər şübhəli məqamları üzə çıxarıb. Məlum olub ki, hərrac təşkilatından verilən sənədlərdə və icra şöbəsinin təqdim etdiyi eyni adlı sənədlərdə alıcı “Unibank” KB ASC qrafasındakı nümayəndə kimi təmsil olunan Orxan Əbilovun imzaları arasında gözlə görünəcək şəkildə fərq var. Mülkiyyətçinin hüquqlarını müdafiə edən Elçin Məmməd hesab edir ki, sənədlər saxtalaşdırılıb və bu yolla vətəndaşın əmlakını ələ keçirməyə cəhd ediblər. Məsələyə hüquqi qiymətin verilməsi və hərracın nəticələrinin qanunsuz hesab edilməsi üçün Nəsimi rayon Məhkəməsinə müraciət edilib. Mülki işə hakim Solmaz Mustafayevanın icraatında baxılır və məhkəmə baxışı iyulun 22-nə təyin edilib. Həmçinin məsələ ilə bağlı Prezident İlham Əliyevə də müraciət edilib və ondan işin ədalətli həll edilməsi üçün köməklik göstərməsi xahiş olunub. Bundan əlavə, Nəsimi rayon İcra və Probasiya şöbəsinin təqdim etdiyi sənədlərdə kobud qanun pozuntusuna yol verildiyi müəyyən olunub. Belə ki, alıcı bankın nümayəndəsi Orxan Əbilovun “imzası” Bankın problemli korporativ kreditlərinin idarə edilməsi departamentinin möhürü ilə təsdiq edilib. Lakin Orxan Əbilova nümayəndəsi olduğu hüquqi şəxs - “Unibank” KB ASC adından etibarnamə verilib. Elçin Məmməd bildirib ki, mübahisələndirilən hərracın yekunları barədə protokol və müqavilə üzrə ipoteka saxlayan tələbkarın hər hansı departamenti deyil, birbaşa “Unibank” KB ASC-dir. Adıçəkilən bankın hər hansı departamentinin isə bu sənədləri imzalamaq səlahiyyəti yoxdur. "Hərrac təşkilatının təqdim etdiyi sənədlərdə qanunvericiliyin tələbinə uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolun tərtib edildiyi görüntüsü yaratmaq üçün tələbkara aid qrafada saxtakarlıq edilib və bununla da cinayət törədilib. Qeyd olunanlara əsasən, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin başlanılması və bu əmələ hüquqi qiymətin verilməsi üçün xüsusi qərardad çıxarılaraq aidiyyatı üzrə prokurorluğa göndərilməsini də məhkəmədən xahiş etmişik." – deyə hüquq müdafiəçisi əlavə edib. Məsələni gündəmdə saxlayacağıq və qeyd edilən məhkəmə proseslərini izləyəcəyik. Yazıda əks olunan fikirlərlə bağlı isə qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |