Əsas Səhifə > Gündəm, Manşet > "Hakim əvvəlcə mənimlə razılaşsa da..."
"Hakim əvvəlcə mənimlə razılaşsa da..."23-07-2019, 11:00 |
2014-cü ildə “AtaBank”ın Mingəçevir rayon filialından 15 min manat məbləğində kredit götürmüşdüm. Bundan sonra bir müddət ödəniş edə bilmədim və cərimələrlə birlikdə borcumun 20 600 manat olması ilə bağlı qətnamə çıxarıldı. 26.01.2018-ci il tarixində keçirilən məhkəmə prosesindən sonra həmin ilin yayında “AtaBank”la hər ay 200-300 manat ödəniş edilməsi barədə razılaşdıq. Hər ay da 200, 300, bəzən 400 manat ödəniş etmişəm. Bu barədə Axar.az-a problemli kreditlərlə bağlı Prezidentin fərmanından yararlanmaq hüququndan məhrum edildiyini iddia edən Elgiz Mirzəyev deyib. Vətəndaş iddia edir ki, 2018-ci ilin yayında “Atabank”la aralarında razılıq əldə edilsə də, 06.05.2019-cu il tarixində yenidən məhkəmə prosesi keçirilib və E.Mirzəyevdən evin boşaldılması tələb edilib: “Mayın 6-da keçirilən prosesdən sonra qəbul edilən qətnamədə ödəməli olduğum 20 600 manat pul səhvən ABŞ dolları ilə göstərilib (Məhkəmə xətasını əks etdirən foto-skrinlər təqdim edilir – red.). Bununla əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişəm. Dollarla kredit götürmədiyim halda manatı çevirib dollar kimi qeyd ediblər. Cəmi 15 min manat kredit götürmüşdüm, onu etdilər 20 600 manat, sonra yenidən məbləğin üzərinə 4900 manat pul əlavə olundu və ümumi məbləğ 25 500 manat müəyyən edildi. Məbləğin artırılmasının səbəbini soruşduqda isə deyirlər ki, 7 faiz məhkəmə icraçılarının puludur, 5 faiz isə hərraca sərf olunub”. Şikayətçi deyir ki, evin bankın balansına keçməsi ilə bağlı göndərilən məktubla əlaqədar Prezident Adminstrasiyasında da olub və orda da bildiriblər ki. Prezident fərmanı ona da şamil olunur: “Mən 15 min manat kredit götürmüşəm və bu məbləğ də Prezident fərmanına düşür. İndi də mənə deyirlər ki, evini sat, gətir bankın pulunu ödə. Məbləğ 20 600 manat olduqan sonra banka təxminən 4000 manatdan çox pul ödəmişəm. Ödəniş qəbzləri hələ də qalmaqdadır. Bu ilin mayında keçirilən məhkəmə prosesi zamanı hakimə dedim ki, ayda 200-300 manat ödəniş edilməsi ilə bağlı bankla aramızda razılıq əldə olunub. Sənədləri də təqdim etdim. Hakim əvvəlcə mənimlə razılaşsa da, daha sonra hansısa bilinməyən bir səbəbdən məhkəməyə fasilə verdi. Axşamüstü saat 5-də davam edən prosesdə hakim içəri daxil olan kimi evi boşaltmağımla bağlı qərar verdi. Mayda keçirilən məhkəmə prosesindən əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatasında oldum, sənədlərimə baxış keçirildikdən sonra problemli kreditlərin həlli ilə bağlı qərarın mənim borcuma da şamil olunduğunu dedilər. Daha sonra “AtaBank”ın Nərimanov rayon filialında Problemli kredit şöbəsində də dedilər ki, Prezident fərmanı mənə də şamil olunmalıdır. Prezidentin problemli kreditlərin ödənilməsi ilə bağlı fərmanında da məhkəmə icralarının dayandırılması qeyd edilib. Buna baxmayaraq, qeyd olunan məsələlərin heç birinə əməl edilmir. Ödənişin 20 600 manat ödənş edilməsi ilə bağlı qətnamə ola-ola yenidən məhkəmə prosesi keçirildi və evi boşaltmağımı tələb etdilər. Üstəlik də ödəməli olduğum pulu manat əvəzinə dollar kimi qeyd ediblər. Bütün bu ədalətsizliklərə hakim necə göz yumur, başa düşə bilmirəm. Xahiş edirəm ki, aidiyyəti qurumlar məsələnin həlli istiqamətində köməklik göstərsinlər”. Elgiz Mirzəyev 08.08.2019-cu il tarixində Şəki Apellyasiya Məhkəməsində hakim Mahir Əsədlinin sədrliyi ilə keçiriləcək növbəti prosesdə məhkəmənin ədalətli qərar çıxaracağına ümid edir. “AtaBank”dan Axar.az-ın sorğusuna qəribə cavab verilib. Bildirilib ki, bu barədə onlara rəsmi şikayət daxil olmayıb: “Sözügedən problem bankla vətəndaş arasında olduğu üçün bu məlumatlar üçüncü şəxsə ötürülə bilməz. Bizə yaranmış problemlə bağlı heç bir şikayət daxil olmayıb. Biz bu müştərini sıravi müştəri kimi tanıyırıq. Əgər o bizə müraciət etsəydi, biz onun müraciətinə baxmasaydıq, həll etməsəydik, sizə şikayət etməsi başa düşülən idi. Birbaşa bizə şikayət ərizəsi ünvanlanmadığı üçün məsələni qaldıra bilmirik. E.Mirzəyev şəxsiyyət vəsiqəsi ilə filialımıza yaxınlaşsın və kredit şöbəsi və ya filial müdiri ilə danışsın. Daha sonra biz məsələni araşdıraq”. Maraqlıdır ki, Prezident Administrasiyasına qədər müraciətlər edən, üstəlik, Prezidentin problemli kreditlərlə bağlı fərmanından və məhkəmə çəkişmələrinin və icra prosesində olan işlərin dayandırılması, problemli kreditlərin fazilərinin ləğv edilməsi prosesindən sonra bu bank öz müştərisinin evini almaqda israr edir. Mövzunu davam etdirəcəyik. Geri qayıt |