Əsas Səhifə > Gündəm, Manşet > TƏBİB buraları da "müalicə etməlidir"...
TƏBİB buraları da "müalicə etməlidir"...19-03-2020, 09:54 |
Son bir neçə ildir ki, səhiyyəmizdə baş verənlərə, edilən qanunsuzluqlara və vətəndaşların incidilməsi xəbərlərini alarkən, heç də təəccüblənmirik desək, yəqin ki, yanılmarıq. Əslində, son bir neçə il ərzində səhiyyəmiz irəliləməli, yeni nailiyyətlər qazanmalı idi. Çünki bu son bir neçə il ərzində səhiyyə sahəsinə ayrılan vəsaitlər, yeni xəstəxanaların tikilməsi, köhnə binaların yenisilə əvəzlənməsi, ən son avadanlıqların səhiyyə ocaqlarında istifadəyə verilməsi buna əyani sübutdur. Lakin bütün bunlara rəğmən, səhiyyəmiz irəliləmək əvəzinə, daha da geriləyir. Səbəbini isə bir neçə cür izah edirlər. Bəzi ekspertlər hesab edir ki, səhiyyəmizdə irəliləyişin olmaması, bu sahədə çalışan həkimlərin əksəriyyətinin savadsız olması ilə bağlıdır. Məsələn, elə həkim var ki, ixtisasca uroloqdur, lakin digər xəstələrə də məsləhətlər verir, onlara hansısa dərmanları yazır. Bəzi ekspertlər isə, düşünürlər ki, səhiyyəmizdəki əskiklərin olması, əksər xəstəxanalara təyin edilən baş həkimlərin səhlənkarlığı ucbatındandır. Bildiyimiz kimi, bu gün paytaxtda dövlət xəstəxanaları ilə müqayisədə özəl tibb ocaqları daha üstünlük təşkil edir. Burada vətəndaşlar arasında ad-san, inam qazanmışları da var və əksinə cəmiyyət arasında inamsızlıq yaradanları da. Əslində bu gün, özəl xəstəxanalarda xərc daha az çıxır, nəinki, dövlət xəstəxanasında. Bunu əminliklə qeyd etməyimiz də, əsassız deyil. Çünki səhiyyə ilə bağlı daxil olan şikayətlər, həmin şikayətlərdə dövlət xəstəxanalarının əksəriyyətindəki durum, vətəndaşların incidilməsi, xəstə müraciət edərkən, dərmanların xəstə yaxınlarına aldırılması, hətta qapıda dayanan gözətçinin belə, nəsə umaraq vətəndaşların xəstəxanaya daxil olmasına icazə verməsi daxil olan şikayətlər sırasındadır. Və durumlar belə davam etsə, görünən odur ki, vəziyyət daha da pisləşəcək. Təxminən bir neçə il öncə paytaxtın bir sıra tibb müəsissisələrində yoxlamalar həyata keçirildi və bir neçə xəstəxanada ciddi nöqsanların olduğu aşkarlandı. Həmin tibb müəssisələrinin məsul şəxsləri barədə qanunda nəzərdə tutulmuş qaydada ölçülər götürüldü, bir sıra məsul şəxslər məsuliyyətə cəlb olundular. Lakin bu yaşananlardan sonra da, vəziyyət dəyişmədi. Hətta deyərdik ki, həmin ərəfədə səhiyyə ocaqlarında vəziyyət azacıq da olsa, normal olur. Lakin bir müddət sonra həmin hadisələr unudulur və əksər dövlət xəstəxanaları əvvəlki prinsipləri ilə işləməyə davam edirlər. Səhiyyə naziri Oqtay Şirəliyev hər zaman müsahibələri zamanı dövlət xəstəxanalarında müayinə və müalicə prosedurlarının pulsuz olduğunu deyir. Lakin görünür bir çox səhiyyə ocaqlarının rəhbərləri nazirin bu fikri ilə razı deyillər. Bu gün yenidən səhiyyə mövzusunda danışmaqda məqsəd, redaksiyamıza daxil olan şikayətlə bağlıdır. Redaksiyamıza daxil olan şikayət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 6 ünvanında yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasındandır. Onu da diqqətinizə çatdıraq ki, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında baş həkim vəzifəsini 2019-cu ildən Əhmədova Güllü müvəqqəti icra edir. 5 saylı poliklinikada yaşananlar barədə redaksiyamıza daxil olan şikayətlər, vətəndaşların səhiyyə ocağından narazı olması Güllü Əhmədovanı heç də narahat etmir. Çox güman ki, narahat etsə idi, iki ay sonra yenidən həmin tibb müəssisəsindən şikayət daxil olmazdı. Şikayətçi pasiyentlərin sözlərinə görə, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında bəzi həkimlər öz şəxsi maraqlarını güdürlər. Əgər həkimi “görə” bilmirsənsə, o zaman hər hansısa bir müayinə də olmayacaq. Qeyd edək ki, Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minən qərara əsasən 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası da TƏBİB-in tabeliyinə keçib. Bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Bununla belə TƏBİB-in tabeliyinə keçən dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olmasına dair xüsusi qanun maddəsi olduğu halda, bu gün istisnasız olaraq bütün xəstələr 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovadan tutmuş, tibb bacılarına qədər, hamısını görməli olurlar. Belə olan halda isə, təbii ki, həmin tibb ocağında həkimlərə olan hansısa inamdan, xəstələrin düzgün müayinə və müalicəsindən söhbət belə gedə bilməz. Digər tərəfdən isə, 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edirlər. Belə ki, baş həkim daxil olmaqla, digər həkimlər də poliklinikadan öz mülkləri kimi istifadə edir. Xəstələrə qarşı soyuq münasibət nümayiş etdirirlər. Sanki xəstələr onlar üçün gəlir mənbəyidir. Bu azmış kimi, poliklinikada həkim belə tapmaq, müşkül məsələyə çevrilib. Səhər saat 9 radələrində poliklinikaya getsən, həkim tapmaq olmur. Eşidəcəyimiz isə iki cavab var. Həkim ya məzuniyyətdədir, ya da, hələ gəlməyib. O zaman belə çıxır ki, təcili olaraq poliklinikaya yollanmış xəstə həkim gələnə kimi ən yaxşı halda gözləməli və yaxud da, ölməlidir. Hələ səhiyyə ocağındakı tibbi avadanlıqları demirik. Sözügedən ünvanda tibbi avadanlıqları ya işləmir, ya da ümumiyyətlə yoxdur. Sadəcə olaraq, həkimlər günlərini keçirmək üçün evdən çıxıb, 5 saylı poliklinikaya yollanırlar. Bir sözlə, daxil olan şikayətlər Güllü Əhmədovanın icra etməli olduğu işləri unutduğunu və dövlət xəstəxanasını, əməlli başlı özəl səhiyyə ocağına çevirdiyini göstərir. Bu isə ilk növbədə qanunlara qarşı çıxmaq və vəzifədən sui istifadə etmək deməkdir. 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası ilə bağlı araşdırmamızı davam edirəcəyik. Gələn yazılarımızda 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının 3 sot torpaq ərazisinin kim tərəfindən və necə satılmasını, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının rəsmi 248 nəfər işçisi olduğu deyilsə də, cəmi neçə nəfərin işlədiyi və burada "ölü canların" hesabına nə qədər maaş kartının kimlərin cibində olmasından, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında nə üçün işçilərin gündəlik işə gədiyi halda onların iş stajını 0.25-lə işə götürüb, maaşlarının kəsilməsindən, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədova Bakı şəhər Baş Səhiyyə İdarəsində kimə arxayın olub, istədiyi işçini çıxarmasından və digər faktları işıqlandıracayıq. Bizi izləyin. P.S. Məsələ ilə bağlı 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovaya zəng etdik, jurnalist olduğumuzu bildirsək də, bizə zəng edib cavab verəcəyin dedi. Ancaq hələ də qarşı tərəf kimi baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovanın münasibət bildirəcəyini gözləyirik. Millətinsəsi.info Geri qayıt |