Əsas Səhifə > Gündəm, Manşet > Fürsətkeş deputat xalqın başına gələn bəladan da divident qazanmaq istəyir
Fürsətkeş deputat xalqın başına gələn bəladan da divident qazanmaq istəyir31-03-2020, 09:48 |
Koronavirus təhlükəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq tətbiq edilən karantin rejiminə əsasən, martın 29-dan qeyri-müəyyən müddətə qədər market və digər ərzaq mağazaları və əczaxanalar istisna olmaqla, xidmət və ticarətlə məşğul olan bütün obyektlərin fəaliyyəti qadağan olunub. Buna uyğun olaraq hələlik ölkədə heç bir turizm obyekti, istirahət mərkəzi fəaliyyət göstərmir və mövcud qeyri-müəyyən vəziyyətə görə heç bir obyek sahibi reklamla məşğul olmur. Lakin nə qədər qəribə olsa da, bu günlərdə ölkə mediasında istrahət və turizm mərkəzlərindən birinin genişmiqyaslı reklamı həyata keçirilir. Deputat obyektini koronavirusun hesabına reklam etməyə çalışır Həmin xəbərlərə atılan başlıqlar da lap adamı təşvişə salır. Obyektlərin bağlandığı, koronavirusun tüğyan etdiyi bir vaxtda hansı xidmətdən, şəraitdən danışmaq olar? AzToday.az xəbər verir ki, reklam olunan obyekt isə adı ciddi qalmaqalda hallanan, həmin hadisədə Lerik rayonunun deputatı İqbal Məmmədovun oğlu Mirhəmid də daxil olmaqla, 5 nəfərin həbs olunduğu “Relax” İstirahət və Turizm Mərkəzidir. Təbii ki, bu reklam da ölkədə tətbiq olunan karantin tədbirlərinin üzərindən aparıldığı üçün rəsmi şəkildə reklam kimi qəbul olunmaya bilər. Belə ki, koronavirus epidemiyasına görə xaricdən ölkəyə qayıdan minlərlə vətəndaşımızın məcburi karantinə yerləşdirilməsinə ehtiyac olduğu üçün deputat İqbal Məmmədov yaranmış fürsətdən maksimum yararlanaraq “qabağa düşmək” istəyib. Məlum olduğu kimi, ölkəyə qayıdan soydaşlarımızın bəzilərinin karantin şəraiti yaxşı olmadığı barədə xəbərlər yayılır və bunu bilən İ.Məmmədov malik olduğu statusdan istifadə etməklə vətəndaşları razı salmaq üçün müvafiq xidmətini təklif edib. Bu zaman onun məqsədini öz obyektini reklam etmək baxımından gələcəyə hesablanmış addımlardan biri kimi qiymətləndirməmək olmur. Buna görə də xaricdən gələn vətəndaşları yerləşdirməyini reklam etməsi bir tərəfə, Lerik rayonunda yerləşən və onun nəzarətində olan “Relax” İstirahət və Turizm Mərkəzində karantinə alınmış vətəndaşların saxlanma şəraiti ilə bağlı hər hansı narazılıqları olmadığını elan etməyə imkan tapıb. Sual olunur: niyə narazılıq olmalıydı ki? Yayılan məlumatlar da sanki Ərəbistandan gələn turistlərin ölkəmiz haqqında xoş təəssüratlarına bənzər şəkildə təqdim edilir. Belə ki, xəbərlərdə Polşadan qayıdan bir qrup vətəndaşımızın “Relax” İstirahət və Turizm Mərkəzində yerləşdirilməsi, bütün ehtiyaclarının yüksək səviyyədə qarşılanması(???) və onların həkim nəzarətinə alınması xüsusi vurğulanır. Bu azmış kimi karantini “Relax”da keçirən vətəndaşlarımızın əhval-ruhiyyələrinin də yüksək olduğunu sübut etmək üçün onların İqbal Məmmədovun obyektini alqışladıları video da çəkib paylaşıblar. Xeyli xub. Amma… 16 avqust hadisəsi: kriminal olay, vergidən yayınma və əvəzolunmaz deputat Amması odur ki, “Relax” İstirahət və Turizm Mərkəzinin adı ötən ildən xidməti və şəraiti yüksək olan istirahət mərkəzi kimi deyil, kriminal hadisənin baş verdiyi, vergidən yayınma hallarının qeydə alındığı məkan kimi daha çox hallanır. Bunun üçün ötən ilin avqustun 16-da Vergilər Nazirliyinin əməkdaşları və Lerikdəki “Relax”ın rəhbərliyi arasında toqquşmanı xatırlamaq bəlkə də kifayət edər. Ancaq onu da xatırladaq ki, bu olay ümumrespublika səviyyəli böyük qalmaqala çevrilmişdi. Belə ki, həmin hadisənin böyüməməsi üçün İ.Mənmmədovun özünü ora yetirməsi də köməyə çatmamışdı. Son nəticədə deputatın oğlu Mirhəmid Nərimanlı da həbs edilmişdi. Bu olay Azərbaycan kimi balaca ölkə üçün olduqca böyük hadisə idi və İ.Məmmədovun bu işin altından necə xəfifcə sıyrılıb çıxması hələ də təəccüb doğurur. Sonradan yayılan rəsmi məlumatlara görə, nazirliyin əməkdaşları “Relax” İstirahət və Turizm Mərkəzinə “vergidən yayınma əsaslarına görə vergi yoxlaması aparmaq üçün” gediblərmiş. Bu zaman Vergilər Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə istirahət mərkəzinin rəhbərliyi arasında qarşıdurma baş verib. Bunu sosial mediada yayılan videogörüntülər də təsdiq edib. O sübut materialında Mirhəmid Nərimanlı və İ.Məmmədovun qardaşı oğlu olduğu güman edilən Orxan Məmmədovun vergi əməkdaşları ilə qarşıdurması açıqca görünür. Üstəlik, özünü istirahət mərkəzinin vəzifəli şəxsləri kimi təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirmişlər. Məhz bu faktlara görə də deputat İ.Məmmədovun oğlu da daxil olmaqla 5 nəfər həbs edilmişdi. İş bununla bitməmişdi. Yenə rəsmi məlumatda deyilirdi ki, “Relax” İstirahət və Turizm Mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər kəskin azaldığına görə mərkəzin real vergi potensialını ölçmək məqsədilə ərazidə vergi yoxlamaları keçirilmiş və vergi pozuntuları aşkar edilmişdi. Aparılan vergi nəzarəti tədbirləri nəticəsində məlum olmuşdu ki, “Relax” vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidən yayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilmiş, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstərmişdilər. Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Belə ki, hələ o vaxt Vergilər Nazirliyinin rəsmi saytında göstərilirdi ki, hələ də Milli Məclisin deputatı İqbal Məmmədova aid olduğu iddia edilən “Relax” İstirahət və Turizm Mərkəzinin ərazisində yerləşən “Relax Resort and Spa Hotel”in (2018-ci ildə rəsmi qeydiyyatdan keçmiş) mərkəzin rəsmi təmsilçisi Nərimanlı Mirhəmid İqbal oğlu, “Relax Lerik”in (2017-ci ildə rəsmi qeydiyyatdan keçib) qanuni təmsilçisi isə İ.Məmmədovun qardaşı olduğu olduğu güman Məmmədov Çingiz Nəriman oğlu olub. Amma bu qədər həngamədən sonra ölkdə növbədənkənar parlament seçkiləri ərəfəsində hansısa “gizli və güclü əl”in sayəsində Lerikdə “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı azadlığa buraxıldılar. İ.Məmmədovun oğlunun və qohumlarının azadlığa buraxılması ona da düşərli oldu və 9 fevral seçkilərində yenidən deputat seçildi. Sonda onu xatırladaq ki, onsuz da Lerik rayonunda mənfi reputasiyaya malik olan İ.Məmmədovun nüfuzu 16 avqust hadisəsindən sonra yerlə-yeksan olsa da, yenidən 78 saylı Lerik seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən İqbal Məmmədovun seçkiqabağı kampaniyası da xeyli macəralarla dolu olub. Hətta düşdüyü gülünc vəziyyət və çıxardığı hoqqaların dərəcəsi elə yüksək olub ki, başımıza gələn koronavirus da onları yaddan çıxara bilməyib. Amma koronavirusun tüğyan etdiyi indiki vaxtda İqbal Məmmədovun fürsətkeşliyi gülüş yox, xalqın başına gələn bəladan da dividend qazanmaq istədiyi üçün ikrah hissi doğurur… AzToday.az Geri qayıt |