Əsas Səhifə > Gündəm, Manşet > Milli Məclisdəki islahatların gerçək hədəfi...

Milli Məclisdəki islahatların gerçək hədəfi...


3-04-2020, 09:46
Milli Məclisdəki islahatların gerçək hədəfi...
Milli Məclis Aparatında və İşlər İdarəsində struktur islahatları həyata keçirilib. Bu haqda parlamentin mətbuat xidmətinin yaydığı açıqlamada deyilir. Qeyd edilir ki, ölkədə aparılan köklü islahatlar son dövrdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Sitat: “Nazirlər Kabinetində, icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində həyata keçirilən struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır. 2019-cu ildə Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb. 2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri yolu ilə yeni deputat korpusu formalaşıb. Azərbaycan xalqının, bütövlükdə cəmiyyətin və seçicilərin gözləntilərini doğrultmaq məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin işinin müasir standartlara uyğun yenidən təşkil edilməsi və bununla bağlı struktur islahatlarının həyata keçirilməsi, vətəndaş məmnunluğunun və iş prosesində şəffaflığın təmin edilməsi dövrün zərurətinə çevirib. Bununla əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin səmərəliliyinin artırılması və ölkədə həyata keçirilən hərtərəfli islahatlar strategiyasına uyğunlaşdırılması üçün Milli Məclis Aparatının və İşlər İdarəsinin müasir tələblərə uyğun yenidən qurulmasına ehtiyac var. Bunları nəzərə alaraq, Azərbaycan Respublikası Milli Məclisinin Sədri Milli Məclisin Aparatında və İşlər İdarəsində struktur islahatları haqqında Sərəncam verib”.

Milli Məclisdə islahat başladı

Milli Məclisdəki kadr islahatları Nazirlər Kabinetində, ardından Prezident Administrasiyasında gerçəkləşdirilən islahatların davamı kimi qəbul olunur. Əslində baş tutan islahatlar köhnə komandanın, xüsusən də sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun “çete”sinin Milli Məclisdən “təmizlənməsi” kimi də dəyərləndirilir.

Məsələ ondadır ki, yeni spiker Sahibə Qafarova sələfi Oqtay Əsədovdan fərqli olaraq heç bir qruplaşmanın üzvü deyil. Parlamentin hazırkı rəhbərliyində təmsil olunan şəxslər kifayət qədər təmiz reputasiyaya, yaxşı tərcümeyi-hala malikdilər. Parlamentin rəhbərliyinə əli, bioqrafiyası təmiz deputatların gətirilməsi verilən islahat qərarının əsasını təşkil edir.

Hər kəsə məlumdur ki, Oqtay Əsədov 2005-ci ilin 2 dekabrında parlamentin sədri postuna ayaq basar-basmaz, vəzifəcə ondan aşağıda dayanan milli təhlükəsizlik nazirinin “dirijor”luğunu qəbul etmiş, ona “sədaqət andı” içənlərin cərgəsinə qoşulmuşdu. 2004-cü ilin iyulunda Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsinə təyinat alandan sonrakı dönəmdə Eldar Mahmudovla Oqtay Əsədovun əlaqələri haqda mətbuatda xeyli yazılar dərc olunub. Həmin yazılardan belə aydın olurdu ki, Azərbaycan parlamenti Oqtay Əsədovun sifətində Eldar Mahmudovun direktivləri ilə idarə olunub.

Eks-spikerin bəzi müxalifət partiyaları ilə əlaqələri də əslinə qalsa, gizli deyildi. Eldar Mahmudovun hakimiyyətə və ölkəyə daha çox nəzarət etməsi üçün O.Əsədov kimi adamlardan istifadəsi çox vacib idi. E.Mahmudov nazir olduğu 11 il müddətdə müxtəlif dövlət strukturlarına, siyasətə, mediaya, QHT sektoruna, MM-ə, müxalifət partiyalarına xeyli sayda öz adamlarını, təsir agentlərini yerləşdirə bilmişdi. Bu məqsədə hesablanan çox ciddi işlər görülmüşdü. Əslində Eldar Mahmudov özünün hakimiyyət içərisində böyük bir komandasını – “kölgə kabineti”ni qurmuşdu.

Bu planın tərkib hissəsi olaraq Oqtay Əsədovun vasitəsi, Mahmudovun xeyir-duası ilə parlamentə deputat olaraq düşənlərlə yanaşı, Milli Məclis Aparatına və İşlər İdarəsinə də xeyli “mahmudovçu” təyinat almışdı. Hazırda baş verən islahatlar isə Eldar Mahmudovun yaxın dostu, keçmiş spiker Oqtay Əsədovun adamlarının və dolayısı ilə odioz nazirin komandasının sistemdən “təmizlənməsi” prosesidir.

Eldar Mahmudov 2015-ci ilin oktyabrında tutduğu vəzifədən uzaqlaşdırılsa da, onun ayrı-ayrı yüksək vəzifələrdə, postlarda adamları qalmaqda idi. O cümlədən “mahmudovçu”ların ən çox toplaşdığı təsisatlardan biri parlament idi. Hazırda Milli Məclisdəki islahatlar paketinin mahiyyətində Eldar Mahmudovun əlaltılarını, yandaşlarını, bütövlükdə o cinahın adamlarını parlamentdən kənarlaşdırmaq məramı durur. Qeyd etdiyimiz kimi, bundan əvvəl Nazirlər Kabinetində, Prezident Adminstrasiyasında bu və ya başqa şəkildə oxşar “təmizləmə” olub. Növbə parlamentin idi.

Bəziləri fikirləşirdi ki, məsələ parlamentin tərkibinin yenilənməsi ilə yekunlaşacaq, deputatların əvəzlənməsi ilə proses dayanacaq. Əslində isə aydın idi ki, başladılan proses deputatlarla yanaşı, mərhələli şəkildə bütün “mahmudovçu”ların kənarlaşmasına qədər uzanacaq. Söhbət nəhəng bir aparatın təmizlənməsindən gedir.

Müşahidə edilən odur ki, gözlərimiz önündə baş verən proses Eldar Mahmudovun dövlət və hakimiyyət qollarında kök salan qruplaşma üzvlərinin “göyərtədən kənara” atılmasına hesablanıb. Proses yekunlaşmaqdadır...
Musavat.com

Geri qayıt