Əsas Səhifə > Gündəm, Manşet > Ucar sakinlərinin KORONAVİRUS QORXUSU...
Ucar sakinlərinin KORONAVİRUS QORXUSU...4-04-2020, 09:37 |
Dünyanın bir çox ölkələrini ağuşuna alan "koronovirus" bəlası təkcə paytaxtda deyil, bölgələrimizə də ayaq açıb. Ölkədə virusa yoluxanların sayı durmadan artır. Bəs görəsən, rayonlarda insanlar qoyulan qaydalara necə əməl edirlər? Bu suala cavab tapmaq üçün ölkənin ucqar rayonlarından biri olan Qax rayonunun mərkəzinə yollandıq. Görünən mənzərə heç də ürəkaçan deyildi. İnsanların əksəriyyəti küçədə maskasız və məqsədsiz dolaşırdı. Əsas arqumentləri də o olurdu ki, evdə görəcəkləri bir iş yoxdur, darıxdıqları üçün küçəyə çıxırlar. Apteklərdə də ki, maska tapa bilmədiklərindən, maskasız dolaşmaq məcburiyyətindədirlər. Rayon sakini Əlövsət Məmmədov deyir ki, neçə müddətdir apteklərdə maska yoxdur: "Neçə gündür dalbadal rayon mərkəzindəki aptekləri dolaşıram, maska soruşuram, deyirlər, yoxdur. Əsasən günün çoxunu evdə qalmağa çalışıram. Amma dükana, aptekə getməyə ehtiyac yaranır, evdən çıxıram. Maska taxmaq, həm özümü, həm də ətrafdakıları qorumaq istəyirəm. Amma nə maska var, nə də spirt". Bu problem rayon sakini Roza Məmmədovanı da narahat edib: "Dəfələrlə aptekə maska üçün gəlmişəm. Çalışıram küçəyə az çıxım, çıxanda da maskasız olduğum üçün qorxuram. Evdə azyaşlı uşaqlar var. Onlara yoluxa bilər. Neçə dəfə müraciət eləmişəm, deyirlər yoxdur. Ona görə də məcburam ağzımı şalla bağlayım. Başqa əlacımız yoxdur". Evdə oturmaqdan sıxılan, bunun üçün də arabir rayon mərkəzini dolaşmağa çıxan Hacı Kərimov isə virusun oralara gedib çıxacağına o qədər də inanmır. Lakin yumorla deyir ki, "biz maska tapana qədər, virus Qaxı bir dəfə dövrə vurub qayıdacaq". "Karantindən qabaq tədarük görülməli, apteklər zəruri qoruyucu vasitələrlə doldurulmalı idi. Başa düşürük ki, virus bizi qəfil yaxalayıb, qabaqcadan hazırlığımız olmayıb. Amma belə vəziyyətdə adamları da "maskasız küçəyə çıxma" deyib məcbur eləmək düz deyil", - deyə Kərimov bildirib. Rayon sakini Zülfiyyə Məmmədova isə "koronovirusun dərmanı" sayılan zəncəfilin qiymətinin qalxmasından narazıdır. "Zəncəfil immun sisteminin gücləndirilməsi üçün əvəzsiz vasitədir. Di gəl, bəzi işbazlar bu fürsətdən yaralanmaq istəyirlər. Zəncəfilin, sarımsağın qiymətini qaldırıblar. Heç cür anlamıram, qazanmaq istəyirsənsə, bir az ucuz sat, çox sat, sən də qazan, camaat da öz immun sistemini möhkəmləndirsin ki, bu xəstəliklə mübarizə apara bilək", - Məmmədova deyib. Söylənilən şikayətləri nəzərə alaraq rayonda yerləşən apteklərə baş çəkdik. Təəssüf ki, apteklərdə qoruyucu vasitələrin bitdiyini söylədilər. "İndi heç paytaxtdakı apteklərdə maska, əlcək, spirt tapılmır, ucqar rayonda necə tapılsın?! Həftədə bir dəfə rayon apteklərinə mal gəlir, o da gələn kimi qurtarır", - deyə apteklərdən birinin satıcısı bildirib. Geri qayıt |