Əsas Səhifə > Gündəm, Manşet > Hesablama Palatası KİVDF-i niyə indi yoxlamağa başlayıb?

Hesablama Palatası KİVDF-i niyə indi yoxlamağa başlayıb?


11-06-2020, 09:10
 Hesablama Palatası KİVDF-i niyə indi yoxlamağa başlayıb?
10 iyun 2020-ci il tarixində Hesablama Palatasının müntəzəm olaraq keçirdiyi onlayn kollegiya iclasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) maliyyə auditinin nəticələri barədə hesabat müzakirə edildi. Sadə dildə desək, yoxlama Fondun vəzifəli şəxslərinin dövlət tenderləri haqqında qanunvericiliyin tələblərinə əməl etmədiklərini müəyyən edib. Bundan əlavə, vəsaitdən sui-istifadə, tikinti qaydalarının pozulması, mətbuata ayrılan vəsaitlərin paylanması zamanı qanunun tələblərinin pozulması və s. faktlar aşkarlanıb. Bunları əsas tutan Hesablama Palatası yoxlamanın nəticəsi ilə əlaqədar materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, hələ 2019-cu ilin dekabrında və 2020-ci ilin aprel-may aylarında saytımızda KİVDF rəhbərliyinin maliyyə fırıldaqlarını ifşa edən bir sıra yazılar dərc edilmışdi. Ancaq nədənsə, Hesablama Palatası o zaman bu materiallara əhəmiyyət vermədi və Fondun fəaliyyətini yoxlamadı. Bəs, mövcud yoxlamaya nə səbəb oldu?

Bu məsələ ilə bağlı Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nazilə Qazıyevanın AYNA-ya dediyinə görə, Palata bütün dövlət strukturlarını yoxlamaq səlahiyyətinə malikdir: “Biz, hətta fəaliyyətlərində dövlət payının cəmi 10% olduğu qurumları da yoxlaya bilərik. Amma, adətən bu göstəricidən daha çox dövlət payına malik olan strukturlarda yoxlamalar keçiririk”.

“Bu vaxta qədər Palata KİVDF-in fəaliyyətini heç zaman yoxlamayıb. Bu, ilk yoxlama idi”, - Qazıyeva bildirib.

Eyni sualımıza KİVDF-in Müşahidə Şurasının keçmiş üzvü, hazırda Mətbuat Şurasının İdarə Heyətinin üzvü olan Müşfiq Ələsgərli fərqli cavab verdi. Dedi ki, Fondun indiyədək qədər yoxlanılmamasının səbəbi fəaliyyətindəki şəffaflıq da ola bilər.

“Fond bütün xərcləri Maliyyə Nazirliyi və Satınalmalar üzrə Dövlət Agentliyi ilə razılaşdırırdı. Ola bilər ki, Fondun fəaliyyətindən bu günə qədər rəsmi şikayət olmadığı üçün yoxlamaların aparılmasına ehtiyac olmayıb”, - Ələsgərli vurğuladı.

Məsələni AYNA-ya şərh edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin ehtimalına görə, KİVDF-də bu günə qədər maliyyə yoxlamalarının aparılmamasının səbəbi onların vəsait dövriyyəsinin digər iri dövlət qurumlarına baxanda aşağı olması olub: “İndi yəqin ki, yeni rəhbərlik özü audit aparılması xahişi ilə Hesablama Palatasına müraciət edib”.

Baş verənlər barədə KİVDF-in keçmiş icraçı direktoru Vüqar Səfərlinin də mövqeyini öyrənməyə cəhd etdi. Və cənab Səfərli sualımızı dinlədikdən sonra “Sağ olun”, - deyərək dəstəyi asdı.

Qeyd edək ki, KİVDF Azərbaycan Prezidentinin keçmiş köməkçisi və Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənovun nəzarətində olub. Fondun sabiq sədri Vüqar Səfərli də Həsənovun yaxın çevrəsinə daxil olan adamlardan biridir.

Geri qayıt