Əsas Səhifə > Gündəm, Manşet > Susmaq qızıldır eee, amma Milli Məclisdə danışmaq lazımdır...

Susmaq qızıldır eee, amma Milli Məclisdə danışmaq lazımdır...


6-07-2020, 10:17
Susmaq qızıldır eee, amma Milli Məclisdə danışmaq lazımdır...
Fevralda keçirilən növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin yeni tərkibi formalaşdı. Prezidentin çıxışında vurğulanırdı ki, yeni parlament islahatlarla ayaqlaşmalı, deputatlar ictimai nəzarətin təmin edilməsində fəallıq nümayiş etdirməlidirlər.
Artıq MM-də 40 yeni millət vəkili var. Lakin onların heç də hamısı özlərini təsdiqləyə, doğrulda bilmirlər.
Əksinə, köhnə parlamentin dövründə “ağzına su alıb oturan” deputatlar kimi yeni deputatlar arasında da belələri var.
Onlar susurlar, ən azı pandemiya dövrü ilə bağlı bir kəlmə çıxış etmirlər, vaxtaşırı öz adlarından açıqlama yazdırıb bəzi KİV-lərdə yayırlar və bununla işlərini bitmiş sayırlar.
Halbuki, yeni və gənc deputatlardan gözləntilər varıydı. Yeni mandat sahiblərinin aktiv olacaqları, tez-tez təşəbbüslərlə çıxış edəcəkləri, seçici ilə intensiv təmas quracaqları güman edilirdi.
Amma əksəriyyəti etimadı doğrultmur və göründüyü kimi, ənənəvi olaraq 5-10 deputat yenə parlamentin iclaslarında fəaldırlar – Siyavuş Novruzov, Qənirə Paşayeva, Fazil Mustafa, Aydın Mirzəzadə, Vahid Əhmədov, Zahid Oruc, Əli Məsimli, Fəzail Ağamalı, Qüdrət Həsənquliyev və s.
Reportyor.info məlumat verir ki, yeni deputat olanlardan isə istisna adlar çəkmək olar, aktiv fəaliyyət göstərdiklərini söyləmək mümkündür.
Məsələn, Razi Nurullayev, Vüqar Bayramov, Erkin Qədirli kimi müstəqil deputatları qeyd edə bilərik.
Amma misal üçün Yasamal kimi paytaxtın böyük və strateji rayonundan deputat olan Elnur Allahverdiyevin səsini heç kəs eşitmir.
O, daha çox biznesmen deputat kimi tanınır. Onun adı milyonlarla “çirkli” pul və vergidən yayınmada hallanır.
Mediada gedən məlumatlara görə, E.Allahverdiyevin sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil.

Dəfələrlə ölkə mətbuatı deputatın mağazalar şəbəkəsi ilə bağlı oxucu şikayətlərini araşdırıb, bu şirkət və onun sahibi barəsində yazılar dərc edib.
Xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır.
Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir.
KİV yazır ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma iddialarıdır
Mətbuatda Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin (digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir.
Kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır.
Göründüyü kimi, Yasamalın deputatını Milli Məclisin üzvü kimi yox, daha çox biznesmen olaraq tanıyırlar. Allahverdiyev özü də parlamentari fəaliyyətində biznesmen kimi fəallıq etmir.
Mediada yayılmış iddialara görə, E.Allahverdiyev bundan əvvəl MTN-də nazir müavini Elçin Əliyevin himayəsində olub. Onların dostluğu isə hələ E.Əliyev MTN Səbail İdarəsində rəis işləyən vaxtdan yaranıb.
Hər fürsətdən yararlanmağı bacaran E.Allahverdiyev sonradan “dostlar” çevrəsini möhkəmləndirməyə başlayıb və yeni “krışa”lar tapmağa çalışıb. Onun adı sələmçilikdə də hallanıb.
Bir sözlə, yeni deputatların heç də hamısı prezidentin arzuladığı kimi ictimai nəzarətin təmin olunmasında fəallıq göstərmirlər.
E.Allahverdiyev isə tək deyil. Rubrikamızın növbəti “qonağı” gənc xanım deputat Könül Nurullayeva və onun fəaliyyəti barədə olacaq.

Geri qayıt