Əsas Səhifə > Gündəm, Manşet > "Kotlavan"dan pul ödəmişik, amma məzilləri vermirlər...
"Kotlavan"dan pul ödəmişik, amma məzilləri vermirlər...20-07-2020, 09:46 |
Bakının Nəsimi rayonu Mövsüm Sənani 13/15 ünvanında (Azərbaycan Tibb Universitetinin yaxınlığı) yerləşən "Konstra" MTK və "Orxan TİT" MMC-nin fəaliyyətindən narazılıq var. Bu barədə Arqument.az-a bir qrup sakin şikayət edib. Onlar deyirlər ki, "kotlavan"dan mənzil alıb ödəniş etsələr də, şirkət mənzilləri sahiblərinə satmaqdan imtina edir: "Bizə deyirlər ki, sizin ödədiyiniz pulu qaytarırıq, "kotlavan"dan ucuz satmışıq, indi baha qiymətə satmaq istəyirik. Onlar mənzilləri bizə satdıqları qiymətdən baha satmaq, ödədiyimiz məbləği qaytamaq istəyirlər. Hələ o da bəlli deyil ki, həmin pulu bizə qaytaracaqlar, ya yox... Məsələ ondadır ki, binanı bizim pulumuzla tikiblər. Çünki biz pulu "kotlavan"dan ödəmişik". Şikayətçilər deyirlər ki, bu şirkətlərin təsisçiləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb: "Bundan sonra şirkətin rəhbəri Dilafir Rəsulovu aradan çıxarıb Moskvaya göndəriblər, indi də deyirlər ki, qaçıb. Bizə verilən bütün sənədlərdə, müqavilələrdə Dilafir Rəsulovun imzası var". 2020-i il iyunun 3-də Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Orxan TİT” MMC-nin (hazırda "Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu Bakı şəhəri Nərimanov rayonu Möhsün Sənani küçəsi 13/15 ünvanında tikilməkdə olan çoxmərtəbəli yaşayış binasındakı 143 mənzil və 345 kvadratmetr qeyri-yaşayış sahəsi, eyni zamanda, 13 qarajın podratçı "Konstra” MTK-nin təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə ayrı-ayrı şəxslərə qanunsuz sataraq əldə olunmuş pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Rəsmi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Bu ilin fevral ayında isə qafqazinfo-ya danışan sakinlər deyiblər ki, 2018-ci ildə bu şirkətdən mənzil alıblar, əllərində ödəniş qəbzləri və maliyyə arayışları da var, lakin bir müddət sonra MTK tərəfindən binada tikinti işləri dayandırılıb. Onların sözlərinə görə, "Konstra" MTK-nın qanuni təmsilçisi Bəsrət Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiri Bəhram Abbasovun oğludur. Şəhər sakini Asif Məmmədov bildirib ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən 169 nəfər ev alıb: "Hamı da evin pulunu tam ödəyib. Əlimizdə bununla bağlı maliyyə arayışı da var. Mənzil aldığımız bina Tibb Universitetinin qarşısında yerləşir. Mən özüm 67 min manat pul ödəmişəm. Bir müddət tikinti dayandırıldı. Bizə dedilər ki, torpağın sahibiylə podratçı "Konstra” MTK arasında mübahisə düşüb. Torpaq sahibi isə "Orxan TİT” şirkətidir. "Orxan TİT” dən bizə dedilər ki, sakinlər aldadılıb, evlər saxtadır. Çünki podratçı şirkət ev satmalı deyildi". Şikayətçilərin sözlərinə görə, əslində, "Konstra MMC”-nin qeyri-leqal rəhbəri Bəhram Abbasovun özüdür, sadəcə, şirkəti oğlunun adına qeydiyytadan keçirib: ""Konstra MMC”-nin rəhbəri Bəhram Abbasovdur. Onunla dəfələrlə narazı sakinlər olaraq görüşmüşük. Bəhram Abbasov bizə deyib ki, narahat olmayın, hər şey düzələcək, ona da pul atıblar. Bəhram Abbasov yüksək vəzifədə işləyir. O, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiridir”. Şirkətin təsisçisi Bəsrət Abbaslı isə "qafqazinfo"ya bildirib ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyatı yoxdur: "Mən özüm cavan olduğuma görə, sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur. Biz bu işdə podratçı tərəf kimi çıxış etmişik. Bizim sifarişçi tərəf olan "Orxan TİT” şirkəti ilə müqaviləmiz olub. Müqaviləyə əsasən, evlərin satışı bölüşdürülmə prinsipi ilə razılaşdırılıb. Şirkətimizin daxilində problem yarandı, bundan digər şirkətin də xəbəri var idi. Belə ki, şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim. Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor D. Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib. Hazırda sizə şikayət edən şəxslər vicdanlı alıcılardır. Həmin evlərin əvvəlki sahiblərinin Dilafir Rəsulovla öz haqq-hesabları olub. Onlar bizim binadan qanunsuz şəkildə ev satışı edib. Dilafir Rəsulov barterə gedib, yaxud öz borcunu bağlamaq üçün kiməsə ev verib. "Bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur. Sakinlərdən əvvəl özümüz Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişik. Sifarişçi şirkət də çəkdiyimiz xərci minimum məbləğdən də aşağı hesabladı. O pulların heç biri mənim kassama mədaxil edilməyib. 169 ev satılıb, onun 62-si təsdiqlənib. Kreditə verilən evləri, şəhid ailələrinin, nağd şəkildə ödəniş edən şəxslərin evləri təsdiqlənib. Mənim təsdiqlədiyim evlər belə qanunsuz sayılır, ancaq məcburiyyət yaranıb. Bu məsələnin ictimailəşməsinin biz də tərəfdarıyıq. Hazırda məni aldadan şəxs heç ölkədə deyil. Biz çəkdiyimiz xərcin hesabatına əsasən sakinləri razı salmaq istəyirik. Ancaq "Orxan TİT” buna imkan vermir. Buna görə də, sifarişçi şirkət haqqında iddianamə hazırlayıb müvafiq qurumlara təqdim etmişik”, - o bildirib. "Orxan TİT" MMC isə şikayətlərlə bağlı heç bir açıqlama verməyib. Sakinlər deyirlər ki, şirkət rəhbəri Məhərrəm Həsənov onların tələblərini dinləmək istəmir: "Şirkət rəhbəri Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubov və AMİP lideri Etibar Məmmədovun adından istifadə edir. Biz problemlə bağlı Bəylər müəllimə də yazmışıq, yaxın günlərdə Etibar bəylə də görüşəcəyik. Bilirik ki, onların adından istifadə edirlər". Geri qayıt |